Gələcəyimizə qoyduğumuz miras - Hərbi Qənimətlər Parkı

Azərbaycan xalqı 27 sentyabr 2020-ci il tarixdən etibarən 44 gün ərzində hər gün canlı tarixə şahidlik edirdi. Bu tarix qəhrəmanlıqlarla, şücaətlərlə, unudulmayacaq anlarla zəngindir. Bu anları unutmamaq, unutdurmamaq isə hər birimizin borcudur. 44 günlük şanlı mübarizəmizin daim yaşadılması üçün dövlət rəhbərliyi səviyyəsində də işlər görülür. Bu mənada xüsusi əhəmiyyət kəsb edən addım Hərbi Qənimətlər Parkının inşa edilməsidir. Park, Vətən müharibəsinin hansı çətinliklərlə qazanıldığının, ərazi bütövlüyümüzü bərpa edərkən cəsur əsgərlərimizin hansı maneələri aşmaq məcburiyyətində qaldığının əyani sübutudur.

Parkın ən maraqlı bölmələrindən biri düşmən tərəfindən 30 il ərzində möhkəmləndirilmiş müdafiə mövqeylərinin bənzərlərinin Parkın ərazisində yaradılmasıdır. Burada 10 elementdən ibarət mühəndis maneələr sistemi nümayiş etdirilir. Bu maneələrin hər biri əsgərlərimizin hansı fədakarlıqlarla, necə əzmlə torpaqlarımızı düşməndən təmizlədiyini göstərir. Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi kimi, Azərbaycan əsgəri aslan kimi döyüşürdü. Bəli, əsgərlərimiz 30 il ərzində qurulmuş istehkamları aslan kimi keçiblər, düşməni əzərək, belini qıraraq keçiblər. İndi buraya gələn hər bir insan - Azərbaycan vətəndaşı və ya ölkəmizə gələcək qonaqlar bunu görəcəklər. Şübhə yoxdur ki, Azərbaycan əsgərinin keçdiyi maneələri gördükdən sonra hər bir azərbaycanlının qəlbi fərəhlə döyünəcək. Qəhrəman əsgərlərimizin cəsarətinə, əzminə və şücaətinə bir daha heyran olacaqlar. Bu maneələr sübut edir ki, bizim əsgərimiz xüsusi ruh yüksəkliyi ilə əzmlə torpaqlarını işğaldan azad edib. Ermənilərin öyündüyü müdafiə xəttini qəhrəmanlıqla yıxıb keçiblər.

Parkda xüsusi diqqət çəkən məqamlardan biri də erməni yük maşınlarının nömrələrindən ibarət xüsusi lövhənin hazırlanmasıdır. Bu lövhə ilk dəfə 10 dekabr tarixli Zəfər Paradımızda nümayiş olunmuşdu və o zaman da xalqımız tərəfindən yüksək coşqu ilə qarşılanmışdı. Təbii ki, bu başa düşüləndir. Çünki illər öncə erməni qəsbkarları azərbaycanlıların şəxsi maşınlarının nömrələrindən ibarət xüsusi lövhəni işğal edilmiş torpaqlarda nümayiş etdirirdi. Bu, Azərbaycan xalqının heysiyyatına toxunan, azərbaycanlıların öz dədə-baba torpaqlarından didərgin salındığını göstərən hərəkət idi. Ermənilər bu lövhəni xarici turistlərə nümayiş etdirərək öz ordusunun gücünü göstərməyə, orduları haqqında mif yaratmağa çalışırdı. Onlar bununla fəxr edirdi. Bu gün isə Azərbaycan bunun cavabını verdi. Erməni mifini darmadağın etdi. Bu lövhə erməni ordusunun, erməni əsgərinin atıb qaçdığı hərbi yük maşınlarının nömrələrindən ibarətdir. Lövhə erməni fərariliyinin təzahürüdür. Budur, onlara verilən cavab. Mülki vətədaşların yox, birbaşa hərbi maşınların nömrəsinin nümayişi. Bu Azərbaycanın qələbəsinin, erməni məğlubiyyətinin nümayişidir.

Parkda bunlarla yanaşı, Şuşaya atılan “İsgəndər-M” raketinin qalıqları, 44 günlük müharibə dövründə informasiya müharibəsinin bir hissəsi olaraq ölkə başçımız tərəfindən xarici media orqanlarına verilən müsahibələr, xalqa müraciətlər və qələbə tvitləri də nümayiş olunur. Beləliklə, Hərbi Qənimətlər Parkı bizim gələcəyimizə qoyduğumuz mirasdır. Gələcək nəsillər heç vaxt bu mübarizəni, hansı çətinliklərlə ərazi bütövlüyümüzü bərpa etdiyimizi unutmamalıdır. 44 günlük Vətən müharibəmizin hər anı yaddaşlara həkk olunmalıdır.

Qeyd edək ki, Hərbi Qənimətlər Parkının nümayişi erməni tərəfində xüsusi qıcıq yaratmışdır. Onlar bunu, müharibədə həlak olan, itkin və əsir düşənlərin xatirəsinin təhqir edilməsi, onların və ailələrinin hüquq və ləyaqətlərinin tapdalanması kimi dünyaya car çəkirlər. Amma reallıq bundan tam fərqlidir. Hərbi Qənimətlər Parkı kimi dünyada bir çox model mövcuddur. Danimarkada, Böyük Britaniyada, Polşada və daha bir çox ölkələrdə belə muzeylər fəaliyyət göstərir. Üstəlik, bu, Azərbaycanın mənəvi haqqıdır. Azərbaycanın 30 illik zülmdən, haqsızlıqdan, ədalətsizlikdən can qurtarmasının və öz gücü ilə ədaləti bərpa etməsinin nümayişidir. Maraqlıdır, bugün Parkda nümayiş olunan həmin tanklar, toplar Azərbaycan vətəndaşlarını məhv edəndə, Gəncəyə, Bərdəyə, Tərtərə, Mingəçevirə, Naftalan və digər müharibə zonasından uzaq ərazilərimizə raketlər, bombalar yağdırılanda qəddarlığın, qeyri-insani hərəkətlərin əleyhdarları niyə buna etiraz etmirdilər? Niyə onda erməni tərəfi və ya onlara dəstək olan “insan haqları qoruyucuları” susur, göz yumurdular. İndi heç kəsin Azərbaycanı tənqid etmək, onu nədəsə günahlandırmaq haqqı yoxdur. Azərbaycan sadəcə haqqı bərpa edib və indi onu nümayiş etdirməyə tam hüququ var.

Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşdü və burada 44 günlük Vətən Müharibəsinin gedişatı və Azərbaycanı bu müharibəyə sövq edən hadisələrlə bağlı geniş çıxış etdi. Ölkə başçısının nitqi bir çox məsələlərə aydınlıq gətirdi. Xüsusilə də, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün illərdir ki, səbrlə həm daxili, həm də xarici müstəvidə apardığı dəqiq, nəticəyə hesablanmış siyasətin başa düşülməsi üçün çıxış olduqca vacib idi. Ölkə başçımız vurğuladı ki, biz inkişaf edərək torpaqlarımızı azad etdik. İnkişaf bizim qələbəmizin əsasıdır. Qələbəni gətirən amillər- yenilik, inkişaf, güc və Vətən sevgisidir. Qələbənin qazanılmasında illərdir ki, dövlət səviyyəsində aparılan gənclərin vətənpərvər ruhda tərbiyəsi siyasətinin də əsaslı rolu var. Düzdür, Azərbaycanda illərdir ki, Ordu quruculuğu siyasəti aparılır, müasir silahlarla təminat ən yüksək səviyyədədir. Amma son nəticədə qələbəni qazanan, bayrağı sancan əsgər və zabitdir.

Ölkə başçısı bununla yanaşı, 1992-1993-cü illərdə torpaqlarımızın itirilməsinə səbəb olan hadisələr, Ulu Öndər Heydər Əliyevə qarşı o dövrkü hakimiyyətin qərəzli yanaşması və 2005-ci ildə xarici qüvvələrin ölkəmizdə “narıncı inqilab” törətmək cəhdləri ilə bağlı da açıqlamalar verdi. Vətən müharibəsinə gedən yolda Aprel döyüşləri, 2018-ci ilin uğurlu Naxçıvan əməliyyatı və Paşinyan hakimiyyətinin yalan və riyakarlığı da ölkə başçısının gündəmində idi. Sonda ölkə başçısı öz əsgərinə qəhrəmanlıqları, şücaətləri üçün təşəkkür etdi. Bildirdi ki, onlar xalqımızın, dünya azərbaycanlılarının üzünü ağ edib. Bu gün bütün türk dünyası bizim qələbəmizlə fəxr edir. Biz də fəxr edirik ki, Azərbaycanın belə ordusu, qəhrəman oğulları və onlara cəsarətlə, qətiyyətlə rəhbərlik edən Ali Baş Komandanı var. Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! Yaşasın Azərbaycan!

Xəyalə Cavanşirli

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə