BGİBİ onlayn turnirin qaliblərini mükafatlandırdı - FOTOLAR

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsində Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş “Vətən uğrunda”, “İgidliyə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş Emil Şamilovun xatirəsinə həsr olunmuş onlayn şahmat və “5 mart Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş karate (kata) üzrə onlayn turnirinin qaliblərinin mükafatlandırılması keçirildi.

Tədbirdə çıxış edən Baş İdarənin rəisi Raqif Abbasov Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Emil Şamilovun xatirəsinin əziz tutulduğunu, şəhidin qardaşı Əmirxan Şamilova belə igid oğul böyütdükləri üçün minnətdarlığını bildirmiş, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd etmişdir. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Raqif Abbasov sonda tədbir iştirakçılarını və bütün idman ictimaiyyətini “5 Mart Bədən Tərbiyəsi və İdman günü” münasibətilə təbrik edərək onlara uğurlar arzuladı.

Qeyd edək ki, təltif olunanlar fərqli saatlarda Baş İdarəyə gələrək Baş İdarənin rəisi Raqif Abbasov, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, şəhidin qardaşı Əmirxan Şamilov, Baş İdarənin sektor müdirləri tərəfindən fəxri fərman, diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırıldı.

Təltif olunan klub rəhbərləri, məşqçi, hakim və idmançılar pandemiya dövründə müxtəlif layihələrlə məşqçi və idmançılara göstərilən diqqət və qayğıya görə Baş İdarənin rəisi Raqif Abbasova öz təşəkkürlərini bildirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə