Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətdə Türkiyə oryentaliyası dövrü

Aynur Səfərli
polis leytenantı,
DİN Polis Akademiyasının əməkdaşı

“Bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq. Tarix hamımızı bir yerdə yaşamaq məcburiyyətində qoyub. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək üçün yaşayışımızı aqil və insani əsaslar üzərində quraq, bir-birimizi sevək, ehtiram edək. Milli və məzhəb fərqlərinə baxmayaraq, bütün Azərbaycan vətəndaşları bir vətənin övladlarıdır. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və öz səadətlərinə birlikdə yetişmək üçün onlar bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər"-deyən Məhəmməd Əmin Rəsulzadənin yaratdığı gənc Azərbaycan dövləti beynəlxalq və daxili aləmin dolaşıq, çətin və mürəkkəb bir mühitin olduğu şəraitdə doğulmuşdu. Xalqımızın tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, nəinki bütün Şərqdə, həm də türk-islam dünyasında ilk hüquqi, dünyəvi və demokratik dövlət nümunəsi olaraq mövcud idi. AXC siyasi quruluşuna, qarşısına qoyduğu məqsəd və vəzifələrə həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə görə belə Avropanın ənənəvi demokratik respublikalarından geri qalmırdı.

1918-ci il mayın 28-də yaradılan AXC müsəlman Şərqində yaranan ilk demokratik respublika kimi xalqımızın tarixində mühüm bir hadisə idi. Belə ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız müstəqilliyinə sahib olmuşdu. Cümhuriyyətin fəaliyyətinin əsas hissəsini ölkəmizin müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq və qonşu dövlətlərlə münasibətləri qaydaya salmaq təşkil edirdi. Ermənistanın ərazi iddiası məsələsini həll etmək də gənc dövlətin kökündən həll etmək istədiyi məsələlərdən idi.

Dolaşıq və mürəkkəb beynəlxalq şəraitdə müstəqilliyini elan etmiş və hərbi köməyə böyük ehtiyacı olan AXC ilk addım kimi Türkiyə ilə müqavilə bağlamağı qərara almışdı. F.X.Xoyski, M.H.Hacınski, M.Y.Cəfərov, A.Ziyadxanlı kimi xarici siyasətin sirlərinə bələd olan ziyalılar xarici siyasətdə çevik diplomatik bacarıq nümayiş etdirmişdilər. Ə.M.Topçubaşov, M.Ə.Rəsulzadə, Ə.Ağayev, N.Yusifbəyli, Ə.Şeyxülislamov, C.Hacıbəyli, M.Y.Mehdiyev. M.Məhərrəmov, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli kimi şəxsiyyətlər Azərbaycan diploma-tiyasının hazırlanmasında və həyata keçirilməsində misilsiz xidmətlər göstərmişdilər.

Qonşu dövlətlərlə mehriban münasibətlər ölkə diplomatiyasının aparıcı istiqamətlərindən idi ki, bunun da əsasını milliyyətindən və dini etiqadından asılı olmayaraq insanlara fərq qoyulmaması təşkil edirdi. Cumhuriyyətin xarici siyasətini Türkiyə, Qərb və geniş və hərtərəfli dünya əməkdaşlığına daxil olmaq uğrunda mübarizə dövrü olaraq üç dövrə bölmək olar. Türkiyə ilə xarici siyasət dövrü 1918-ci ilin may-oktyabr, Qərblə münasibətlər dövrü 1918-ci ilin noyabr-1920-ci il yanvar, geniş və hərtərəfli dünya əməkdaşlığına daxil olmaq uğrunda mübarizə dövrü isə 1920-ci il yanvarından aprel ayına qədərki dövrü əhatə edir. XX əsrin əvvəllərində ölkədə genişlənən milli-azadlıq mübarizəsinin fəalları Türkiyəyə (o zaman Osmanlı imperiyası) böyük ümid bəsləyirdilər. Dövrün təlatümlü hadisələri Azərbaycanın türk-müsəlman əhalisinin həyatında milliyyətçilik ideyasının yayılmasına və inkişafına ciddi təkan verdi. Balkan müharibələri dövründə Rusiyada antitürk əhvali-ruhiyyəsinin qızışdırılması Qafqaz müsəlmanlarını ondan narazı salmaqla yanaşı xalqımızda da Türkiyəyə qarşı təbii meyli gücləndirdi. Hətta milliyyətçilərin yaydığı bəyannamələrdə belə "Biliniz və agah olunuz ki, bizim yeganə çareyi-nicatımız Türkiyənin istiqlalı və onun tərəqqisidir" – deyə qeyd olunurdu.

I Dünya müharibəsinin sonlarında xalqımızın müstəqillik ar-zusu Türkiyənin Qafqazla bağlı apardığı siyasətlə üst-üstə düşdüyü üçün tərəflər arasında bir-birinə olan təbii meyil onların sosial-siyasi, hərbi-iqtisadi əməkdaşlığında da özünü göstərdi. Xalq milli ideallara söykənərək qardaş Türkiyəyə (o zaman Osmanlı dövləti) arxalanırdı.

Belə ki, 1918-ci il iyunun 4-də Batumda Azərbaycan Respublikası ilə Osmanlı Türkiyəsi arasında dostluq müqaviləsinin imzalanması Azərbaycan xalqı üçün həyati əhəmiyyətli sənəd olmaqla yanaşı, həm də AXC-nin imzaladığı ilk dövlətlərarası müqavilə oldu.

Trabzon və Batum danışıqları (1918-ci ilin əvvəllərində) Zaqafqaziya Seyminə daxil olan xalqların Türkiyəyə münasibətində köklü fikir ayrılıqlarının yaranmasına səbəb oldu. Trabzon danışıqları bitdikdən sonra Batuma səfər edən Ənvər Paşa Trabzonda Zaqafqaziya hökumətinin dağılacağı təqdirdə Türkiyə, Azərbaycan dövlətinin yaradılmasına tərəfdar olduğunu və Türkiyənin bu dövləti müdafiə ediləcəyini qeyd etmişdir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlər mərhələsinə daxil oldu. Bu mərhələnin hüquqi əsaslarının öz əks olunduğu Batum müqaviləsində (4 iyunda –imzalanmış) göstərilirdi: "Bir tərəfdən, Osmanlı imperator hökuməti, digər tərəfdən isə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz ölkələri arasında siyasi, hüquqi, iqtisadi və intellektual zəmində mehriban dostluq münasibətləri bərqərar etməklə qarşılıqlı surətdə razılığa gəlirlər". Bu müqavilə və iyunun ortalarında imzalanan çoxtərəfli sazişlər Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrini əhatə edən ilk dövlətlərarası sənədlər oldu. Hələ Batumda olan M.Ə.Rəsulzadə və M.H.Hacınski 4 iyun müqaviləsinə əsasən xarici hərbi müdaxiləyə son qoymaq və daxili asayişi qorumaq məqsədilə hərbi yardım göstərilməsi barədə Türkiyəyə müraciət etdilər. Müraciəti qəbul edən Osmanlı dövləti həm də qardaş ölkə Azərbaycana ordu göndərilməsinin Almaniyanın etirazına səbəb olmamasına çalışırdı. Məhz bu səbəbdən qarşılıqlı razılıq əsasında Osmanlı hərbi hissələri və Azərbaycan könüllülərindən ibarət Qafqaz İslam Ordusu yaradıldı.

1918-ci ildə keçirilməsi nəzərdə tutulan İstanbul konfransına M.Ə.Rəsulzadə, X.Xasməmmədov və A.Səfikürdskidən ibarət nümayəndə heyəti göndərilməsinin Azərbaycan-Türkiyə münasibətlərinin genişlənib dərinləşməsində böyük əhəmiyyəti oldu. Nəzərdə tutulan beynəlxalq konfrans keçirilməsə də, Azərbaycan nümayəndələrinin İstanbul missiyası əhəmiyyətli oldu. İyun ayının axırlarından oktyabrın axırlarına qədər Azərbaycan, Osmanlı və digər dövlətlərin İstanbulda olan nümayəndələri səmərəli danışıqlar apardılar.
Sentyabın 6-da Sultan VI Mehmet Vahideddinin taxta çıxması münasibətilə İstanbulda olan diplomatik nümayəndələr üçün təşkil olunmuş təntənəli rəsmi qəbul (audiensiya) mərasimində Sultan gözləmə zalında bir çox ölkə nümayəndələrinin olmasına baxmayaraq Azərbaycan nümayəndələri birinci qəbul etmişdi. M.Ə.Rəsulzadə yüzillik əsarətdən xilas olmuş xalqının öz istiqlaliyyətini və hürriyyətini qoruyub saxlamaq yolunda qardaş Türkiyəyə arxalandığını bildirdiyi fikirlərinə Sultan - "Sevimli Azərbaycanımızın nümayəndələri tərəfindən təbrik edildiyimi həyatımda xoşbəxt bir hadisə qəbul edirəm. Əsarətdən xilas olmuş türk və müsəlman hökumətinin istiqlaliyyət və hürriyyətini təmin etmək mənim hökumətimin ən müqəddəs vəzifəsini təşkil edir. Azərbaycanın həyat və qüvvət kəsb edərək, bizimlə birlikdə ümumi düşmənlərimizə qalib gələcəyinə ümid edirəm" – deyə cavab vermişdi.

Görüş barədə Azərbaycan hökumətinə məlumat verən M.Ə.Rəsulzadə yazırdı: "Biz çıxanda Sultanın Ənvər Paşa həzrətlərinə yaxınlaşaraq "bu dəqiqələr ömrümün ən xoşbəxt dəqiqələridir" dediyini eşitdik və bundan köksümüz iftixarla doldu".

Bakı Türkiyə, Almaniya, İngiltərə, Sovet Rusiyası arasında mübarizə obyektinə çevrilməyə başlamışdı ki, bu da Bakının tezliklə azad edilməsi zərurətini yaratmışdır.

1918-ci ilin yayında almanlar müşahidə etdilər ki, Azərbaycan hökuməti bolşeviklərin əlində olan Bakı quberniyasını heç kimə güzəştə getmək fikrində deyil. Türkiyə tərəfindən də müdafiə olunduğu üçün almanlar Bakı ilə bağlı planlarını Sovet Rusiyası vasitəsilə həyata keçirməyə çalışdılar.

1918-ci il sentyabrın əvvəllərində Sədr-Əzəm Tələt Paşa Azərbaycan nümayəndələrini qəbul etdi və bu görüşdə Alma¬niyanın Bakıya qarşı tutduğu mövqe və Bakının tezliklə azad edilməsinin zəruriliyi müzakirə olundu.

Az sonra Tələt Paşanın Berlinə gedərək təcili olaraq 27 avqust sazişinin ləğv edilməsini Almaniyadan tələb etməsi Bakının azad edilməsində mühüm əhəmiyyətli addım oldu. Azərbaycan-Türkiyə hərbi qüvvələri sentyabrın ortaları Bakıya daxil oldu.

Azərbaycanın taleyində böyük tarixi hadisə olan Bakının azad edilməsi Azərbaycan diplomatiyasının ilk uğurlarından idi ki, bununla da AXC öz hakimiyyətini gənc respublikanın ərazisində bərqərar etdi. Bu şad xəbəri Ənvər Paşa İstanbulda olan Azərbaycan nümayəndələrinə çatdırdı. İstanbuldan M.Ə.Rəsulzadə baş nazir F.X.Xoyskiyə və xarici işlər naziri M.H.Hacınskiyə məktub yazaraq bildirmişdir ki, Bakının alınması burada əhvali-ruhiyyəni qaldırmışdır. Bakı azad edildikdən sonra Almaniyanın hərbi və ticarət nümayəndəsi baron fon der Qolts, Avstriya-Macarıstan diplomatik nümayəndələri, Osmanlı Sultanlığının Qafqaz Ordusunun hərbi qərargahı Bakıya gəlmişdir.

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında 1918-ci il sentyabrın 28-də İstanbula gəlib və Azərbaycan hökumətinin fövqəladə səlahiyyətli naziri kimi işə başlayan Ə.M.Topçubaşovun İstanbul missiyasının da əhəmiyyəti danılmaz oldu. Oktyabrın 2-də Ə.M.Topçubaşovu qəbul edən Tələt Paşa rus səfiri A.A.İoffenin Azərbaycana qarşı qərəzli münasibətdə olduğunu açıqlamış və Azərbaycanın mənafeyi naminə mümkün olan hər şeyi etdiyini bildirmişdi.

1918-ci ilin oktyabrında Ə.M.Topçubaşov İstanbulda Türkiyənin rəsmi dövlət nümayəndələri ilə bir sıra görüşlər keçirsə də məğlubiyyət ərəfəsində, böhran içərisində olan və ay yarım ərzində üç hökumət kabineti dəyişən Türkiyə üçün Azərbaycanla Osmanlı dövləti arasında sabit münasibətləri bərqərar etmək mümkün olmadı. 1918-ci ilin payızında Türkiyə, Bolqarıstan, Avstriya-Macarıstan və Almaniyanın daxil olduğu Dördlər İttifaqı məğlub oldu. Oktyabr ayının 30-da hər iki ölkə üçün son dərəcə ağır olan Mudros barışığı imzalandı. Barışığın 11-ci maddəsinə əsasən Türkiyə ordusu tezliklə Azərbaycanı tərk etməli, on beşinci maddəyə əsasən isə, Türkiyə Zaqafqaziya Dəmir yolu üzərində nəzarət hüququnu Antantaya verməli və müttəfiqlərin Bakını tutmasına heç bir etiraz etməməli idi.

Noyabrın 4-də Ə.M.Topçubaşov Azərbaycan hökuməti adından Mudros barışığının Azərbaycana aid maddələrinə etirazını bildirsə də, bir nəticəsi olmadı və noyabrın 10-da Azərbaycan hökuməti ölkəni tərk edən Türkiyə ordusunun şərəfinə ziyafət verdi. Türkiyə qoşunları həmin gün Bakıdan, az sonra isə bütün Azərbaycandan çıxdı. Bununla da AXC-nin xarici siyasətində Türkiyə oriyentaliyası dövrü başa çatdı.
1991-ci ildə dövlət müstəqilliyini Cümhuriyyətin varisi kimi bərpa etmiş Azərbaycan Respublikası öz sələfinin dövlətçilik təcrübəsinə böyük əhəmiyyət verərək bu təcrübənin dərindən öyrənilməsini vacib hesab etmişdir. Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı fərmanda Cümhuriyyətin həyata keçirdiyi tədbirlərin Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdığı xüsusi vurğulanmış və eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin tədqiqinin vacibliyini xüsusi olaraq qeyd etmişdir. Cümhuriyyət tariximizin öyrənilməsinə və təbliğ edilməsinə xüsusi qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2008-ci il fevralın 15-də “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illik yubileyi haqqında” imzalanmış sərəncamda Cümhuriyyətin tariximizdə oynadığı rol yüksək qiymətləndirilərək, tədqiqatçılar qarşısında da bir sıra mühüm vəzifələr qoyulmuşdur: “Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sanballı əsərlər, hətta ikicildlik ensiklopediya nəşr edilsə də, tariximizin bu mərhələsi ilə bağlı çox sayda sənədlər hələ xarici ölkələrin qapalı arxivlərində saxlanılır və öz tədqiqatçılarını gözləyir”.

Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimiz, əziz, qiymətli sərvətimiz olmaqla yanaşı XX əsrin əvvəlindən sonunadək xalqımızın qəlbində yaşayan azadlıq idealları uğrunda mübarizənin məntiqi nəticəsidir. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyimizi qorumaqdan, əbədi etməkdən ibarətdir. Çünki müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onu qoruyub saxlamaq, dönməz və əbədi etmək bundan da çətindir”.

Bütün xəbərlər Facebook səhifəmizdə