Həmsədr ölkələrin fiaskosu: İlham Əliyevin növbəti diplomatik qələbəsi - ŞƏRH

Ədalətsiz bəyanatın qəbul edilməməsi Azərbaycan Prezidenti İlham Əliyevin növbəti diplomatik qələbəsidir

25 illik susqunluqdan sonra BMT Təhlükəsizlik Şurası sanki yuxudan ayılıb, qeyri-adekvat müraciətlər, müəmmalı qərarlar, lazımsız qətnamələr verməyə başlayıb. Dəfələrlə bu barədə deyilib, yazılıb, amma BMT özünün bu sayaq hərəkətləri ilə bir çox ölkənin səbr kasasını daşırıb. Yadınızdadırsa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmasının gərəkliyi barədə çıxış etmişdi. Hətta Qoşulmama Hərəkatının toplantısında bu barədə növbəti çıxışını etmişdi.

İki gün öncə Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində də həmsədrlər haqqında fikirlər söyləyib: “Mən bu yaxınlarda demişdim ki, Minsk qrupu 30 il ərzində heç bir nəticə əldə etmədi. Eyni zamanda, mən dedim ki, biz Minsk qrupunun vasitəçiliyi ilə keçmiş Ermənistan hökumətləri ilə irəliləyişə nail ola bilmişdik. Böyük olmasa da, hər halda irəliləyiş idi. Lakin əgər 30 il ərzində bir ölkələr qrupu nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir”.

Azərbaycan Prezidenti bildirib ki, həmçinin, Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir: “Bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrə niyə əməl edilmədiyi sual olunur. Çünki Minsk qrupunun həmsədrləri və daimi üzvlər eyni ölkələrdir. Beləliklə, bu, açıq sualdır”.

Məsələ burasındadır ki, bütün olanlara rəğmən 2020-ci il oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa tərəfindən BMT TŞ-nın Prezidentinin bəyanatının layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdır. İş ondadır ki, rotasiya qaydasına uyğun olaraq oktyabr ayı üçün TŞ-nin Prezidenti funksiyasını Rusiya yerinə yetirir. O Rusiya ki, digər həmsədr ölkələrdən daha çox Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olur, regiona bələddir, münaqişənin tarixini, fəlsəfəsini gözəl bilir. Buna baxmayaraq Rusiya və digər həmsədr ölkələr 25 illik fasilədən sonra özlərinin yarıtmazlığı səbəbindən həll etmək istəmədikləri münaqişəni Azərbaycan bütün beynəlxalq qanunlara, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll etməyə çalışdığı bir məqamda dövrəyə girməyə, "atəşkəs"ə nail olmağa və beləliklə Dağlıq Qarabağ probleminin həllini qeyri-müəyyən vaxta qədər təxirə salmağa cəhd ediblər. Hətta bunun üçün Bəyanat layihəsi hazırlayıblar. Qəribəsi də budur ki, həmin layihədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almayıb.

BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən fərqli olaraq burada təmsil olunan Qoşulmama Hərəkatına (QH) üzv olan 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin - layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini təklif ediblər. Amma həmsədr ölkələr bunun qəbuledilməz olduğunu bildiriblər. Səbəb, bəlli deyil. Daha doğrusu ölkələrin ərazi bütovlüyünə hörmətsiz yanaşan ABŞ, Fransa və Rusiya kimi imperiya düşüncəli dövlətlər hər iddialarını zorla ölkələrə tətbiq etməyə çalışırlar. Demokratiya, fikir, söz azadlığı, özgürlük bunlar üçün yalnız kağız üzərindədir.

Qayıdaq BMT TŞ-nin iclasına, həmsədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq Qoşulmama Hərəkatı ölkələri prinsipial mövqe nümayiş etdirərək TŞ qətnamələrinə istinadın yer almasında təkid ediblər. Bundan sonra həmsədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri çəkiblər.

Məlumat üçün bildirək ki, son 25 ildə ilk dəfə idi ki, Dağlıq Qarabağ məsələsi BMT Təhlükəsizlik Şurasında müzakirə olunurdu. Həmsədr ölkələr tərəfindən hazırlanmış bəyanat layihəsi sırf onların stilində idi. Atəşkəsə nail olunması, danışıqların aparılması kimi şablon, çeynənmiş fikirlər. Dişsiz, məzmunsuz, ünvansız, işğalçı və işğala məruz qalan ölkə arasında fərqin qoyulmadığı bir mətn. Həmsədr ölkələr öz xislətlərinə sadiq qalaraq erməni təəssübkeşləri olduqlarını və bundan əl çəkə bilmədiklərini açıq şəkildə büruzə verdilər. Əslində Təhlükəsizlik Şurasının qətnamələrinə bu münasibət ilə Rusiya, Fransa və ABŞ bir daha özlərini ifşa etdilər. Məlum oldu ki, həmsədrlər ədalətli, bitərəf deyillər, onlar açıq-aşkar işğalçının tərəfini tuturlar.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri 1993-cü ildə yekdilliklə qəbul edilib. Hər üç həmsədr ölkə qətnamələrin lehinə səs verib. TŞ-nin 884 saylı qətnaməsində “822, 853, 874 saylı qətnamələrin icra edilməsi üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilirdi.

Sual olunur, bəs nəyə görə həmsədr ölkələr TŞ qətnamələrindən bu qədər qorxurlar? TŞ qətnamələrinin adı çəkiləndə nəyə görə narahat olurlar? Bu qətnamələr nəyə görə 27 ildir ki, kağız üzərində qalır? Nəyə görə işğalçı ölkəyə təzyiqlər göstərilmir, ona qarşı sanksiyalar qoyulmur? Cavab isə yoxdur.

Bizim cavabımız isə var, Ermənistan beynəlxalq hüququ və TŞ qətnamələrini ayaq altına ataraq öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmadığı, əksinə işğalı möhkəmləndirdiyi və Azərbaycan torpaqlarını ilhaq etmək xəttini tutduğu halda Azərbaycan ordusu 27 ildən sonra Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl, Zəngilanı işğaldan azad etdi. Bununla da Təhlükəsizlik Şurasının qətnamələrinin bir hissəsinin icrasını özü təmin etdi.

Münaqişənin indiyə qədər həll olunmamasının günahkarı Ermənistan və Minsk qrupunun həmsədr ölkələridir. BMT TŞ kimi Minsk qrupu da tamamilə mənasız bir quruma çevrilib. Nə qədər geç deyil həm BMT TŞ-də, həm də Minsk qrupunda islahatlar aparmaq, tərkibi yeniləmək, qərar və qətnamələrə hörmət mühiti yaratmaq lazımdır. Məsələn, nəyə görə Türkiyə, Pakistan, İndoneziya, Braziliya, Cənubi Afrika kimi ölkələr TŞ-nin daimi üzvü olmamalıdır? Nəyə görə Minsk Qrupunun həmsədri digər 9 üzv dövlətlər olmasın, nəyə görə həmsədrlər 17 ildir ki, dəyişmir. Üstəlik dişsiz və fəaliyyətsizdirlər, işğalçı ilə işğal olunan dövləti tərəzinin eyni gözünə qoyub ədaləti görməzdən gəlirlər?

Sonda onu da xüsusi qeyd etmək lazımdır ki, ədalətsiz bəyanatın qəbul edilməməsi Qoşulmama Hərəkatına üzv ölkələrin dəstəyi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə