İnternet oyunlarında və xəbər portallarında dilimizin saflığı problemləri (2-ci yazı)

Ötən yazımızda internet oyunlarında və internet portallarının ana səhifələrində, həmçinin internetdə yayınlanan reklam bloklarında mövcud olan dil qüsurları haqqında məlumat vermişdik.Bu yazımızda isə nformasiya texnologiyalarının əsas aparıcı qolu olan xəbər portallarında mövcud olan ədəbi dil qüsurları haqqında ictimaiyyəti məlumatlandırmaq istərdik.

Muasir dövrümüzdə informasiyanın əsas daşıyıcısı elektron Kütləvi İnformasiya Vasitələri olduğu danılmaz həqiqətdir. Bu baxımdan həm onlayn qəzetlərin, həm informasiya agentliklərinin, eləcə də fərdi və ya kollektiv xəbər portallarının cəmiyyət tərəfindən daha çox oxunması təbiidir. Həmin informasiya portalları xəbərlər yayıb ictimaiyyəti maarifləndirmək, informasiya ilə təmin etmək missiyası ilə yanaşı, həm də min illərin keşməkeşlərindən keçib gələn Azərbaycan dilinin təbliğatçısı funksiyasını da yerinə yetirirlər. Əgər dilimizin ədəbi normaları bu informasiya şəbəkələrində addımbaşı pozulursa, nəticədə onlar Ana diinin təbliğinə deyil onun korlanmasına, nüfuzdan salınmasına xidmət etmş olurlar. Ədalət naminə deməliyik ki, bir neçə il əvvəlki dövrlə müqayisədə elektron informasiya resurslarında ədəbi dil normalarının pozulması halları nəzərəçarpacaq dərəcədə azalmışdır. Heç şübhəsiz, bu da Azərbaycan dövlətinin, şəxsən ölkə başçısı cənab İlham Əliyevin bu sahəyə xüsusilə həssas yanaşmasının, ardıcıl olaraq Fərman və Sərəncamlar imzalamasının, tarixi əhəmiyyətli Dövlət Proqramını təsdiq edərək dilimizin saflığının qorunması və inkişafına bütün cəmiyyətin səfərbər edilməsinin bariz göstəricisidir. Bununla belə hələ də ayrı-ayrı saytlarda, elektron informasiya vasitələrində dilimizin bütün normalarının pozulması hallarına rast gəlirik ki, bu da dilini sevən, onun xalqımızın varlığının inikası olduğu fikrini qeyd-şərtsiz qəbul edən hər bir ziyalını ciddi narahat etməlidir. Layihə çərçivəsində apardığımız araşdırmalar nəticəsində aşkar olunan qüsurlar qəti şəkildə onu deməyə əsas verir ki, bir sıra elektron informasiya vasitələri sahibləri və yazarları hələ də Azərbaycan ədəbi dilinin normalarını mükəmməl bilmir və ya yayıma buraxılan materiallarla dərindən maraqlanmır.

Bəzi hallarda elə qüsurlarla qarşılaşırıq ki, onu hətta aşağı sinif şagirdlərinin belə bilməməsi mümkün deyil. Lakin saytlarda qüsurlarla müşahidə olunan yazıları oxuyan hər bir kəsdə, xüsusilə gənc nəsildə çaş-başlıq yaradır, öyrəndiyinin doğru olduğu, yoxsa yazılanlardakı normanın gerçək olması arasında tərəddüddə qalmalı olur. Bəzi hallarda ikincisini doğru qəbul edirlər ki, bu da nəticə etibarilə dilimizin normalarının pozulması hallarının genişlənməsinə səbəb olur. Xəbər portallarında araşdırma zamanı aşkar edilən qüsurların həddən artıq çox olduğunu nəzərə alaraq həmin qüsurların siyahısını yazımıza daxil etmirik. Əks-təqdirdə qəzetdə bir neçə səhifəni bu yazıya həsr etmək lazım gəlir ki, informasiyanın genişləndiyi indiki zamanda buna imkan olmadığı hər kəsə məlumdur. Lakin qeyd edirik ki, layihənin yekunlarına həsr edilmiş “İnformasiya texnologiyaları və Azərbaycan dilinin saflığı” kitabı yaxın vaxtlarda çap edilərək əlaqədar təşkilatlara, eləcə də internet portalları sahiblərinə çatdırılacaq. Və sonda, layihənin yekunlarının mütəxəssislərlə birgə təhlili nətiicəsində mövcud vəziyyətin aradan qaldırılması ilə bağlı aşağıdakı təklifləri irəli sürmək qərarına gəldik:

1. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sovet dönəmində Ana dilinin qorunması və Müstəqillik illərində dilimizin inkişafı naminə göstərmiş olduğu xidmətlərini və min illər boyu xalqımızın bütün təsirlərə sinə gərərək bu günümüzə qədər qoruyub bizə ərməğan etməsini unutmamalı, Ana dilinə gerçək milli yanaşma formalaşmalıdır.

2. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dilimizin saflığının qorunması və inkişafı yönündə qətiyyətli mövqeyini rəhbər tutaraq hər bir ziyalının Ana dilinin pozulması hallarına qarşı çıxmaları günün tələbi olmalıdır.

3. Müasir dünyanın əsas təbliğat vasitəsi olan informasiya texnologiyalarından istifadədə portal sahibləri və yazı müəllifləri dilimizin ədəbi normalarını rəhbər tutmalı,bu normalara ciddi şəkildə riayət olunmalı, orfoqrafiya qaydaları nəzərə alınmaqla yanaşı,fonetik, leksik-üslubi və qrammatik normaların tələbləri də diqqət mərkəzində saxlanılmalıdır.

4. Monitorinqin nəticələrinə əsasən, portallarda yayımlanan mətnlərdə mövcud olan qüsurları aradan qaldırmaq üçün portal rəhbərləri tərəfindən bu sahəyə xüsusilə ciddi diqqət yetirilməlidir.

5. İnteret portallarında əcnəbi söz və ifadələrin işlənməsinin qarşısı alınmalı, buna yol verildikdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndi üzrə məsuliyyət tədbirləri görülməlidir.

6. Onlayn söz oyunlarının tərtibi və istifadəyə verilməsi ciddi nəzarətə götürülməlidir. Bu oyunları hazırlayan və istifadəyə verən saytların Azərbaycandakı nümayəndəliklərinə xəbərdarlıq edilməli, təkrat ediləcəyi təqdirdə qanuni ölçü götürülməlidir.

7. Azərbaycan Respublikası Prezidentinin də qeyd etdiyi kimi, kifayət qədər zəngin olan Azərbaycan dilində lüzumsuz olaraq əcnəbi sözlərdən istifadəyə son verilməlidir.

8. İnformasiya texnologiyalarında geniş vüsət almış “ə” saitinin hərfi işarəsindən deyil “e” hərfindən istifadə olunmasının qarşısı alınmalıdır.

Əcnəbi ölkələrdə təbliğatı gücləndirnək məqsədilə atılan bu addım portallarda yalnız Azərbaycan auditoriyası üçün yayımlanan saytlarda da geniş yayılmaqdadır ki, bu da diimizin saflığına xələl gətirən amillərdəndir.

Təhmasib Novruzov, “Azadlıq Hərakatçıları” İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə