Azərbaycanın milli ailə dəyərlərinin dünya səviyyəsində təbliği
Prezident İlham Əliyevin Dini liderlərin II Bakı Sammitində səsləndirdiyi bu fikirlər sözün hər bir mənasında milli dəyərlərin, xüsusən də ailə dəyərlərinin bizim üçün ən böyük sərvət olduğuna işarədir. Bu həm də son zamanlar tez-tez gündəmə gətirilən Avropa dəyərlərinin yerli-yersiz təbliğatına qarşı ən arqumentli cavabdır.
Təbii ki, cənab Prezidentin qeyd etdiyi kimi, bu dəyərlərə sahib çıxmaq, onları qorumaq, təbliğ etmək peşəsindən asılı olmayaraq hamımızın ən vacib işidir.
Yaşadığımız dövr internet əsridir. Müasir informasiya texnologiyaları vasitəsilə hər gün ailə içərisinə zərərli-zərərsiz milyonlarla informasiya daxil olur. Ölkə rəhbəri diqqətimizi ona çəkir ki, dünyanın müxtəlif yerlərində milli-mənəvi dəyərlərə qarşı kampaniya aparılır, onlar gözdən salınır, bizim üçün yad olan, azərbaycançılıq ruhuna, təfəkkürümüzə uyğun olmayan yeni "dəyərlər sistemi” aşılanır. Bu şəraitdə böyüməkdə olan gənc nəsli də milli vətənpərvərlik əzmində, eyni zamanda ənənəvi dəyərlər ruhunda tərbiyə etmək, əsl Azərbaycan vətəndaşı yetişdirmək çətin prosesdir.
Şərqlə Qərbin, Avropa ilə Asiyanın, İslam sivilizasiyası ilə xristian mədəniyyətinin sərhədlərində yerləşən Azərbaycan həm də ailə dəyərlərinin ciddi qorunduğu bir ölkə olaraq tanınır. Əgər əlimizin altında xəritə varsa, ona diqqətlə nəzər salsaq, görərik ki, qədim – bütöv Azərbaycan həmişə dünyanın aparıcı sivilizasiyalarının mərkəzində durub. Oda pərəstişliyin bünövrəsi də burada qoyulub, Zərdüşt peyğəmbərin atəşpərəstliyi vahid allahlığa çevirməyi də. İstər ilkin xristianlığın sürətlə yayılması, istərsə də böyük İslam mədəniyyətinin zənginləşməsi məhz Azərbaycanımızla bağlıdır. Dünyada elə bir millət də tapmaq çox çətindir ki, ailə dəyərləri ilə yaşayan insanların həyatı bütövlükdə poeziya ilə əhatələnsin: azərbaycanlı doğulanda – bayatı ilə qarşılanır, evlənəndə nəğmələrlə təbrik edilir, həyatdan köçəndə də mərsiyələrlə – ağılarla yola salınır.
Azərbaycan milli bədii söz sənəti kimi, kökləri qədimlərə çıxan poeziyası da bu təsirlərə görə həm açıq, həm sinkretik, həm də qlobal kulturoloji hadisədir. Bunu biz miladdan əvvəlki Qobustan qayalarına həkk olunmuş ilkin qayaüstü poetik rəsmlərdə də, xalqın lirik geninə çevrilmiş bayatılarda da, dini baxışlarının toplusu olan «Avesta»da da, ədəbi-bədii fikirlərin cəmi kimi qiymətləndirilən “Kitabi-Dədə Qorqud” eposunda da görürük, eyniliklə qədim türkcəmizdə, ərəbcə, farsca, çağdaş azərbaycanca, daha sonralar rusca, ingiliscə və başqa dillərdə yaradılan ədəbi-bədii nümunələrdə də müşahidə edirik. Daha peşəkar baxışla nəzər salsaq, Qədim Şərq, türk, Azərbaycan, yunan, ərəb, İslam, Avropa, Qərb, Rusiya, keçmiş sovet, eləcə də dünyanın modern ədəbi-poetik texnologiyalarının tələblərinə cavab verən zəngin ədəbi irsin də biz araşdırıcılara yuxarıdakı kulturoloji mülahizəni yürütməyə imkan yaratdığını görərik.
Cəmilə Çiçək yazır ki,müqayisəli-tarixi metodla Azərbaycan, deməli, həm də Şərq və Qərb – dünya ailə-məişət əlaqələrini tədqiqə cəlb edəndə görürük ki, bu kulturoloji hadisə çox mürəkkəb və ənənəviliyini qoruyub saxlamaqla, həm də istənilən zaman üçün moderndir – yenilikdir.
Ailəni, qarşılıqlı sevgini ictimai-sosial model kimi təsvir edən dünya ədəbiyyatının böyük korifeyi Nizami Gəncəvinin yaradıcılıq enerjisində bunu daha aydın görürük. Dövrünün qədim yunan, Roma, xaçpərəstlik, atəşpərəstlik, fars, türk, ərəb və Azərbaycan ədəbi-poetik, mədəni-fəlsəfi düşüncəsini özünün ölməz “Xəmsə”sində – beş mənzum romanında, həmçinin, divanındakı lirik-poetik nümunələrdə ustalıqla bəşəriyyətin kulturoloji irsinə çevirən ulu Nizami həm öz çağında, həm də indiyə qədər mədəni məkana qədəm qoyan mütəfəkkirlərin yaradıcılığında bu irsi bəşəriyyətin etik və ailə dəyərlər sisteminə çevirib. Avropa ədəbiyyatının klassiki sayılan İohanq Höte özünün “Qərb-Şərq divanı”nda bunu çox incə nüanslarla verir...
XIX yüzilliyə qədər yaxın və uzaq xalqların elmifəlsəfi söz sənətinə təsiredici enerjisiylə seçilən Azərbaycan düşüncə texnologiyası o dövrdən başlayaraq artıq öz istiqamətini dəyişməyə və üzünü Avropa həyat tərzinə, düşüncəsinə tərəf tutmağa başladı. Rusiya, İran və Osmanlı imperiyaları arasındakı qlobal savaşlar nəticəsində parçalanaraq üç yerə – Güney, Quzey və Qərbi Azərbaycana bölünmüş məmləkətimizdə məhz bu dövrdən başlayaraq bütün sahələrdə olduğu kimi, ailə dəyərləri sistemində də avropalaşma prosesi getdi. Bu ümummilli hadisə aralıq sivilizasiya və ya mədəniyyətlərin sərhədində yerləşən, Rusiya imperiyasının əsarətində olan Şimali Azərbaycanda özünü daha kəskinliklə büruzə verdi. Avropa ailə dəyərləri bizim cəmiyyət üçün naməlum olsa da, yad deyildi: ən azı ona görə ki, bu dəyərlərin formalaşmasında Azərbaycan insanı və məmləkəti birbaşa iştirak etmişdi.
Yada salmaq pis olmazdı ki, vaxtilə qədim yunan, Roma və ilkin xaçpərəstlik dövrünün ən dəyərli ədəbibədii, elmi-fəlsəfi əsərləri məhz əslən Azərbaycandan olan, dövrün böyük elm adamları tərəfindən elmi ünsiyyət vasitəsinə çevrilmiş ərəbcəyə tərcümə edilmiş, alimlərimiz bu elmi-intellektual bazanın yaradılmasında birbaşa iştirak etmiş, əsərlərini bu dildə yazan çoxsaylı türk-azəri ustadlarının böyük zəhməti sayəsində bu biliklər həm də Avropaya ötürülmüşdür. Sözsüz, tərcüməylə yanaşı, bu ağır intellektual-kulturoloji zəhmətə qatlaşanların mütərəqqi fikirləri, çoxsaylı elmi qeydləri, izahları, hətta müstəqil əsərləri İntibah dövrü Avropa ədəbi-mədəni, elmi-fəlsəfi düşüncəsinin, çağdaş Qərb sivilizasiyasının humanitar dəyərlərinin formalaşmasında xüsusi rol oynamışdır. Odur ki, estetik genində Azərbaycan milli düşüncəsinin genetik kulturoloji izləri yatmış Avropa sivillizasiyası ilə toqquşanda Azərbaycanda yeni və maraqlı bir mədəni proses başladı. Əgər bütün bunları unutmasaq və sivil beynəlxalq elmi-mədəni ictimaiyyətin diqqətinə çatdırsaq, qlobal dünyada öz yerimiz, layiqli mövqeyimiz olacaq...
Bütün sahələrdə olduğu kimi, ailə münasibətlərində də millilik dövrünün bitdiyini hamımız yaxşı anlasaq da, onun yeni, modern fəlsəfəsi heç vaxt itmir: o, sadəcə, formasını dəyişir, yeni texnologiyalara uyğunlaşır. Azərbaycan ailəsinin modern formasının sərhədlərini axtarıb tapmaqda isə bizə klassik bilgilərlə yanaşı, yeni dəyərlər sistemi də yardımçı ola bilər...
Vahid Ömərov f.ü.f.d. dos.
Bütün xəbərlər Facebook səhifəmizdə