Yasamalda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb

Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Faiq Mənsim oğlu Heydərova məxsus “İzmir” restoranında plandankənar yoxlama keçirilib.

SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, işçilərin tibbi müayinədən keçirilmədiyi, heyvan mənşəli məhsulların müvafiq baytarlıq sənədlərinin olmadığı, emal üçün ayrıca sahələrin təşkil edilmədiyi, manqal sahəsinin tavanında qopuqlar və soyuducuların rəflərində isə paslanma müşahidə edilib.

Faktla bağlı müəssisənin vəzifəli şəxsi barəsində inzibati protokol tərtib olunub, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə