"Bildiyimiz kimi, Ermənistan Azərbaycan ərazilərini 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı dövrdə həmin ərazilərə küllü miqdarda piyada əleyhinə minalar basdırmışdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.
Onun sözlərinə görə, bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq və quruculuq işləri üçün bu minalar birbaşa təhlükə mənbəyidir, təhlükə yaradır və infrastruktur layihələrinin həyata keçirilməsinə ciddi maneə törədir.
Ümumilikdə, piyada əleyhinə minaların istifadəsi beynəlxalq konvensiyalarla məhdudlaşdırılıb: "Bu konvensiyaya 160 dövlət qoşulub və ratifikasiya edib. Ermənistan da həmin konvensiyaya qoşulmuş dövlətlər sırasındadır. Təəssüflər olsun ki, Ermənistan bu günə qədər Azərbaycan ərazisində basdırdığı piyada əleyhinə minaların xəritələrini təqdim etmir.
Azərbaycan mina terrorunun qurbanına çevrilmişdir. Minaların partlaması nəticəsində həm mülki vətəndaşlarımız, həm də müxtəlif sahələrdə çalışan insanlar zərər görür. İşğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işləri nə qədər irəliləsə də, mina xəritələrinin təqdim edilməməsi bu prosesi xeyli ləngidir.
Əgər Ermənistan doğrudan da Azərbaycanla sülhə getmək istəyirsə, ərazi iddialarından əl çəkib düşmənçilik siyasətini bitirmək niyyətindədirsə, o zaman basdırılmış minaların xəritələrini təqdim etməlidir. Lakin Ermənistanın bu xəritələri hələ də verməməsi onun səmimi olmadığını və Azərbaycana qarşı düşmənçiliyini davam etdirdiyini açıq şəkildə göstərir.
Baxmayaraq ki, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında sülh danışıqları aparılır, Ermənistan hələ də konstruktiv mövqe nümayiş etdirmir. Nə ərazi iddialarından geri çəkilir, nə də basdırdığı minaların xəritələrini təqdim edir. Bu isə düşmənçilik münasibətinin davam etdiyini göstərir və sülh danışıqlarına ziddir.
Ermənistan başa düşməlidir ki, 30 il ərzində Azərbaycan ərazisində törətdiyi dağıntılar nəticəsində ölkəmizə milyardlarla dollar ziyan vurulub. Bu ziyanın təzminatı ödənilməlidir. Ermənistan həm Xocalı soyqırımına, həm də mina terroruna görə məsuliyyət daşımalıdır və bununla bağlı rəsmi təzminat verməlidir".
Politoloq qeyd edir ki, minaların xəritələrinin təqdim olunmaması, mina terroru və digər düşmənçilik əməlləri qarşısında Azərbaycan tərəfi də adekvat mövqe sərgiləməlidir. Bu cür davranışlar sadəcə sülh prosesinə deyil, həm də qonşuluq münasibətlərinə ziddir. Ermənistanın bu məsuliyyətsizliyi beynəlxalq hüquqa və insanlığa qarşı hörmətsizlikdir.
Bütün çətinliklərə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə mina təmizlənməsi üzrə real və məqsədyönlü addımlar atır. Bu həm daxili imkanlarla, həm də dost və qardaş ölkələrin dəstəyi ilə həyata keçirilir. Təmizlənmiş ərazilərdə infrastruktur layihələri, yeni evlərin, məktəblərin, iş yerlərinin yaradılması işləri sürətlə davam etdirilir.
Azərbaycan dövləti, mina təhlükəsinə və yaranan çətinliklərə baxmayaraq, qətiyyətlidir. Məqsəd – soydaşlarımızın doğma torpaqlarına təhlükəsiz şəkildə qayıtması, rahat və dinc şəraitdə yaşamasıdır. Minalar, əslində, Ermənistanın Azərbaycana qarşı davam edən düşmənçilik siyasətinin bariz nümunəsidir və buna qarşı Azərbaycan tərəfi bütün imkanlarla mübarizə aparmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə