"Həkimlik stereotipi və peşə seçimində məhdudiyyətlər" - EKSPERT RƏYLƏRİ

Gənclərin gələcək həyatında mühüm rol oynayan peşə seçimi təkcə şəxsi maraqlardan və bacarıqlardan deyil, həm də cəmiyyətin onlara ötürdüyü təsəvvürlərdən ciddi şəkildə asılıdır. “Ən yaxşı peşə həkimlikdir” kimi köklü və tez-tez təkrarlanan stereotiplər bir çox hallarda gənclərin düşüncəsinə yeridilərək, onların seçim azadlığını məhdudlaşdırır. Bu kimi yanaşmalar fərdi qabiliyyətlərin nəzərə alınmamasına, nəticədə isə həm şəxs, həm də cəmiyyət üçün qeyri-effektiv nəticələrin yaranmasına səbəb ola bilər. Bəs bu kimi stereotiplərin hökm sürdüyü bir mühitdə gənclər öz potensiallarını necə kəşf edə və doğru peşə seçimi edə bilərlər? SİA mövzu ilə bağlı sosioloq Ağasəlim Həsənov və sosioloq Üzeyir Şəfiyevin fikirlərini öyrənib.

Həkimlik bir ixtisas olaraq hər zaman aktuallıq kəsb etmişdir. Ona görə ki, insan həyatıyla, eləcə də bir neçə digər canlıların həyatıyla birbaşa bağlı olan bir peşənin istənilən dövrdə aktual olması təbiidir deyə sosioloq qeyd edir: "Yəni həkimlik konkret olaraq insan həyatı və sağlamlığı ilə bağlı olduğuna görə düşünürəm ki, keçmişdə də aktual olub, bu gün də aktuallığını qoruyur və gələcəkdə də qoruyacaq.

Gəncləri müşahidə etdikdə görürük ki, həkim kimi işləmək, normal qazanc əldə etmək kimi perspektivlər bu sahəyə marağı artırır. Bu da başa düşüləndir və əslində normaldır, belə də olmalıdır.

Bu baxış yalnız həkimlik ixtisasına aid deyil. Məsələn, hüquqşünaslıq ixtisasına da uzun illərdir maraq böyükdür. Sovet dövründə olduğu kimi, müstəqillik əldə etdikdən sonra da hüquqşünaslıq aktuallığını qoruyub saxladı və bu gün də belədir. İxtisas seçimi zamanı cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, abituriyentlər gələcəkdə həmin ixtisas üzrə işləmək, perspektiv əldə etmək imkanlarını dəyərləndirirlər.

Gənclər düşünürlər ki, bu ixtisası oxuyaraq gələcəkdə hüquqşünas və ya həkim kimi iş tapmaq imkanlarım daha geniş olacaq. Bu düşüncə maraq yaradır, zamanla meyil güclənir və beləliklə davam edir.

Təkcə həkimlik deyil, ümumilikdə ixtisaslara yanaşmada artıq yeni bir mərhələ başlanır. IV Sənaye İnqilabının gətirdiyi bir sıra yeniliklər — süni intellekt, robot texnologiyalarının istehsalata tətbiqi və s. — artıq gerçəkdir. Bu proseslər yeni ixtisaslara və peşələrə olan tələbatı artırır. Əsasən informasiya texnologiyaları ilə əlaqəli sahələrdə bu artım daha çox hiss olunur.

Məsələn, Dünya İqtisadi Forumunun hesabatına əsasən, bu gün birinci sinfə gedən şagirdlərin 65%-i gələcəkdə bu gün bizə məlum olmayan peşələrdə çalışacaq. Bu da o deməkdir ki, IV sənaye inqilabı artıq reallıqdır və süni intellektin tətbiqi sürətlənir. Bu texnologiyaların meydana çıxması ilə yeni işçi tələbatı da yaranır.

Süni intellekt texnologiyaları hələlik insan idarəçiliyinə, insan zəkasına möhtacdır. Yəni yeni ixtisaslar yaranacaq, yeni iş yerləri və peşələr formalaşacaq. Hesabata əsasən, gələcəkdə də həkimlik ixtisası öz populyarlığını qoruyacaq. Çünki bu peşə insan sağlamlığı ilə əlaqəlidir. Lakin mümkündür ki, həkimlik sahəsində də süni intellekt texnologiyalarının tətbiqi artsın. Məsələn, analizlərin aparılması və ya xəstənin vəziyyətinin müəyyənləşdirilməsi kimi məsələlərdə bu texnologiyalardan istifadə oluna bilər.

Süni intellekt texnologiyalarına artıq bir çox sahələrdə etibar edilir. Məsələn, bəzi ölkələrdə məhkəmə qərarlarının qəbul edilməsində, istintaq sistemində, hətta idarəetmə şuralarında bu texnologiyalardan istifadə olunur. Doğru qərarların verilməsində süni intellektin dəstəyi artır.

İqtisadi və texnoloji inkişaf nəticəsində yeni bir dünya yaranır, yeni ixtisaslar formalaşır, mövcud ixtisaslar isə yenilənir. IV sənaye inqilabından sonra dünyada bir çox şey dəyişir və bu dəyişikliklər ixtisas-peşə seçiminə də təsir göstərir".

Sosioloq Üzeyir Şəfiyev açıqlamasında əmək bazarında hansı peşəyə ehtiyac varsa, həmin peşənin prioritet sayıldığını deyir: "Əmək bazarı isə statik deyil, daim dəyişən — dinamik bir sahədir. Tutaq ki, bu gün bir peşə prioritetdirsə, 5–10 il sonra bu dəyişə bilər. Süni intellekt, informasiya-kommunikasiya texnologiyaları (İKT), rəqəmsal texnologiyalar kimi sahələrə üstünlük verilir. Tibb sahəsi isə hər zaman aktual olaraq qalır.

Müasir gənclik əmək bazarının çağırışlarını düzgün hiss edir və bu çağırışlara uyğun özlərini hazırlamağa çalışır. Onlar həm ölkə daxilində, həm də xarici ölkələrdə bu istiqamətdə addımlar atırlar.

Güman edirəm ki, valideynlər də artıq bu sahədə anlayışlıdırlar və övladlarını əmək bazarının tələblərinə uyğun istiqamətləndirməyə çalışırlar. Əvvəllər daha çox dəbdə olan peşələrə maraq göstərilirdi. Cəmiyyətdə yaxşı görünən, lakin əmək bazarında artıq sıxlıq yaşanan ixtisaslara üz tutulurdu. Halbuki bəzi sahələrdə ciddi şəkildə kadr çatışmazlığı müşahidə olunur və həmin sahələrdə işçi qüvvəsinə ehtiyac var".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə