Evdə hazırlanan kompot, yoxsa marketdə satılan: üstünlük hansına verilməlidir? - MÜNASİBƏT BİLDİRİLDİ

“Ev kompotları həm sağlamlıq, həm də mədəniyyət baxımından dəyərli seçimdir”. Bu fikirləri qida üzrə ekspert Seymur Qafarov SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, ev şəraitində hazırlanmış kompotlar sağlam qidalanma baxımından bir çox üstünlüklərə malikdir və fabrik istehsalı içkilərlə müqayisədə daha təbii və faydalıdır: “Evdə hazırlanmış kompotlarda şəkər miqdarı, meyvə növü və əlavə maddələr tam nəzarət altında olur. Bu tip kompotlarda konservant və süni qatqı maddələri olmur".

Ekspert bildirib ki, bu içkilər eyni zamanda vitamin və antioksidant baxımından da zəngindir: “Mövsümə uyğun meyvələrlə hazırlanmış kompotlar C vitamini, polifenollar və digər faydalı maddələrlə zəngin olur. Mədə üçün yüngül və rahat həzm olunan içkilərdir, xüsusilə isti havalarda susuzluğu azaldır".

Seymur Qafarovun fikrincə, kompotun hazırlanmasında meyvənin təbii şirinliyindən istifadə edildikdə əlavə şəkərə belə ehtiyac qalmır: “Çox vaxt meyvənin təbii şirinliyinə görə hazırlayarkən əlavə şəkərə ehtiyac olmur. Bu da daha sağlam və balanslı qidalanma üçün vacibdir".

O əlavə edib ki, ev kompotları təkcə sağlamlıq baxımından deyil, həm də mədəni və ailəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyətə malikdir: “Ev kompotları Azərbaycan mətbəxində ailəvi birlik və qonaqpərvərlik simvolu kimi tanınır. Bu içkilər mədəni dəyərlərimizin inkişafında da rol oynayır".

Qida eksperti bildirib ki, bəzi meyvələr kompot hazırlanması üçün daha uyğundur: “Alma və armud yumşaq dadı və balanslı turşuluğuna görə, ərik və şaftalı beta-karoten və liflə zənginliyinə görə, gavalı və albalı isə antioksidant tərkibi və təbii rəng vericiliyi baxımından xüsusilə uyğundur. Quru meyvələr isə qış aylarında enerji və dəmir mənbəyidir".

Seymur Qafarov ev və zavod şəraitində kompot hazırlanarkən qida təhlükəsizliyi standartlarına əməl olunmasının vacibliyini də vurğulayıb: “Fabrik və ya zavod istehsalı olan kompotlarda ‘Təhlükə təhlili və kritik nəzarət nöqtələri’ (HACCP) sistemi tətbiq olunmalıdır. Qida ilə təmasda olan qablar insan sağlamlığına zərər verməməli, meyvələr təmiz və pestisid qalıqlarından azad olmalı, su mikrobioloji cəhətdən təhlükəsiz olmalı, şəkər və əlavələr uyğun dozada istifadə edilməlidir".

Müəllif: Fatimə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə