Statusun altında gizlənənlər: özünü saxta təqdimetmə davranışı - MÜNASİBƏT BİLDİRİLDİ

“Sosial şəbəkələrdə aqressiv davranışların kökü çox zaman ailə tərbiyəsindən qaynaqlanır”. Bu fikirləri psixoloq Aynur İsmayılova SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, insan sosial varlıq olaraq daim ünsiyyətə can atır. Lakin bəzi hallarda ailədaxili münasibətlər bu ehtiyacın qarşılanmasına mane olur: “İnsan nə olur-olsun, ünsiyyətə girmək istəyir. Ancaq bəzi ailə modellərində – xüsusilə avtoritar ailələrdə – uşaqların söz haqqı çox az olur. Bu da gələcəkdə özgüvən əskikliyi yaradır".

Psixoloq qeyd edib ki, avtoritar rejimdə böyüyən yeniyetmələrdə öz fikrini ifadə etməyə qorxu və çəkinmə formalaşır: “Avtoritar ailələrdə böyüyən uşaqlarda danışmaq ehtiyacı zamanla basdırılır. Xarakterindən asılı olaraq evdə daim əzilib, sıxışdırılan şəxslər özünü başqa şəkildə ifadə etməyə çalışır".

Aynur İsmayılovanın fikrincə, sosial şəbəkələr bu kimi insanlar üçün gizli ifadə platformasına çevrilir: “Belə insanlar sosial şəbəkələrdə neqativ statuslar paylaşır, başqalarına mənfi rəylər yazırlar. Onların yazdıqları fikirlər çox zaman öz real səviyyələri ilə uyğun gəlmir".

O qeyd edib ki, reallıqda özünü təsdiq edə bilməyənlər virtual aləmdə fərqli obraz yaratmağa çalışırlar: “Həqiqi həyatda o adamları belə görmürük. Ancaq sosial mediada özlərini sübut etməyə, diqqət çəkməyə çalışırlar. Çünki vaxtilə – xüsusilə yeniyetməlik dövründə – şəxsiyyətləri əzilib, təhqir olunublar".

Psixoloq bildirir ki, bu cür şəxslər ətrafındakı insanlara da təsir göstərirlər: “Real həyatda daha çox əzilən, sayılmayan şəxslər sosial şəbəkələrdə daha çox görünürlər. Bu isə bəzən onları izləyən insanlarda yanlış təəssürat yaradır".

Aynur İsmayılova sonda vurğulayıb ki, belə hallarda bəzən bu şəxslərin özü deyil, qarşı tərəf daha çox əziyyət çəkir: “Bəzən özləri bu vəziyyətin fərqində olmurlar, amma ətrafdakılar xüsusilə onlarla əlaqəyə girənlər psixoloji gərginlik yaşayırlar".

Müəllif: Fatimə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə