Xaçmazda Aqrar Biznes və Şaftalı Festivalı keçirilib - YENİLƏNİB

Avqustun 7-də Xaçmazda “Aqrar Biznes” və “Şaftalı” festivalı keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, festival Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Xaçmaz Rayon İcra Hakimiyyəti və “Food City Agrocomplex” tərəfindən birgə təşkil olunub.

Festivalın keçirilməsində əsas məqsəd regionun kənd təsərrüfatı potensialını daha geniş ictimaiyyətə tanıtmaq, yerli fermerləri və aqrar sahədə fəaliyyət göstərən sahibkarları dəstəkləmək, eyni zamanda bölgənin aqroturizm imkanlarının inkişafına töhfə verməkdir.

Festival çərçivəsində Xaçmaz rayonundan olan fermerlər və təsərrüfat sahibləri öz məhsullarını – xüsusilə də yerli şaftalı sortlarını sərgiləyiblər. Sərgidə kənd təsərrüfatı məhsulları ilə yanaşı, texnoloji yeniliklər, innovativ aqrar xidmətlər və müxtəlif yerli brendlər də təqdim olunub.

Festival iştirakçıları arasında yerli istehsalçılar, aqrar şirkətlər, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumların nümayəndələri, eləcə də digər dövlət qurumlarının əməkdaşları yer alıblar.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə Xaçmaz rayonunda aqrar sahənin inkişafı istqiamətində həyata keçirilən tədbirlərdən danışıb. Xaçmaz rayonunun 95 illik yubileyinə təsadüf edən festivalın əhəmiyyətini yüksək qiymətləndirib.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışı zamanı bildirib ki, bu kimi festivallar aqrar sahədə müasir yanaşmaların təşviqinə, təcrübə mübadiləsinə və regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Regionlarda təşkil edilən festivallar fermerlər üçün praktiki biliklərin əldə olunması, müasir aqrar texnologiyalarla tanışlıq və aqrar sahədə fəaliyyət göstərən qurumlarla daha sıx əlaqələrin qurulması baxımından da mühüm əhəmiyyət daşıyır. Qeyd edilib ki, bu platformalar gənclərin kənd təsərrüfatına marağını artırmaqla yanaşı, aqrar innovasiya və texnologiyaların regionlara inteqrasiyasına da xidmət edir.

“Food City Agrocomplex”in baş icraçı direktoru Anar Ağayev çıxışında qeyd edib ki, “Şaftalı” festivalında bir araya gəlmək həm regionunun kənd təsərrüfatı ənənələrinin, həm də gələcəyə baxışın və böyük hədəflərin göstəricisidir. Bildirilib ki, yerli istehsalçıların inkişafı dövlətin aqrar sahəyə göstərdiyi davamlı dəstək sayəsində sürətlənir. Dövlət qurumları ilə birgə reallaşdırılan layihələr yüksək texnologiyaların tətbiqinə və ixrac bazarlarının genişləndirilməsinə xidmət edir. Bu təcrübə fermerlərin məhsuldarlığını artırır və onların bazar mövqeyini gücləndirir.

Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini Jalə Əmirbəyovada da çıxışlarında bu kimi tədbirlərin regionların inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.

Festival çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirədə Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Biznesin İnkişafı Fondu, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Məşğulluq Agentliyi, eləcə də banklar və bank olmayan kredit təşkilatlarının nümayəndələri iştirak ediblər. Panel zamanı subsidiyalar, güzəştli kreditlər, aqrar sığorta mexanizmləri, sertifikatlaşdırma məsələləri və məşğulluq proqramları barədə iştirakçılara ətraflı məlumat verilib, fermerlərin sualları cavablandırılıb.

Bundan əlavə, festival çərçivəsində fermerlər üçün “Torpağın aqrokimyəvi analizləri” mövzusunda maarifləndirici təlim keçirilib. Təlimdə torpağın məhsuldarlığı və düzgün gübrələmə üsulları barədə praktik məlumatlar təqdim olunub.

Festival gün ərzində maraqlı və rəngarəng proqramla davam edib. Yerli sakinlər, turistlər və ailələr üçün mədəni-əyləncəli proqramlar, folklor çıxışları, kulinariya təqdimatları və dequstasiya guşələri təşkil olunub.

16:29

Xaçmazda “Aqrar Biznes” və “Şaftalı” festivalları keçirilir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xudat şəhərindəki “Food City Agrocomplex”inin ərazisində keçirilən festivalların əsas məqsədi ailə kəndli təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması, yerli məhsulların bazara çıxış imkanlarının genişləndirilməsi və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının təşviqidir. Festival yerli istehsalçıların məhsullarının tanıdılması və kənd təsərrüfatının inkişafına dəstək baxımından mühüm əhəmiyyət daşıyır.

“Şaftalı” festivalında rayonda fəaliyyət göstərən fermerlər və ailə təsərrüfatları məhsullarını nümayiş etdirir, birbaşa satış həyata keçirirlər.

“Aqrar Biznes” festivalı çərçivəsində isə ölkənin kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətləri öz məhsullarını, dövlət qurumları isə göstərdikləri xidmətləri nümayiş etdirirlər. Ziyarətçilər müasir aqrotexniki vasitələrlə, bitki mühafizəsi preparatları, toxum nümunələri və innovativ texnologiyalarla yaxından tanış olmaq imkanı əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə