Paytaxt küçələri növbəti dəfə dezinfeksiya edilir FOTO

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər daha da genişləndirib.

İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, bu tədbirlər çərçivəsində avqust ayinin 1-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti 9-cu əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir. Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Hər dəfə olduğu kimi bu dəfə də Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində yaxından iştirak edirlər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdirirlər.

Dezinfeksiya işlərinin kütləviliyi nəzərə alınaraq kommunal xidmətlərin işçiləri lazımi qoruyucu geyim, maska, eynək və digər vasitələr, yeni dezinfeksiyaedici aparatlarla təmin ediliblər.

Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Bu istiqamətdə hər cür tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə