Niyə COVID-19-dan daha öncə də xəstəliyi olanlar vəfat edir? ÖZƏL - AÇIQLAMA

"Koronavirus infeksiyası şəxsdə daha öncə müşahidə olunan xəstəliyin ağırlaşmasına səbəb ola bilər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycanın Baş infeksionisti Cəlal İsayev deyib.

Cəlal İsayev COVID-19-dan həyatını itirənlərin daha öncə də sağlamlığında müəyyən problemlərin olması məsələsinə münasibət bildirib. Belə ki, Azərbaycanda koronavirusdan ilk ölüm faktı 12 mart tarixində qeydə alınıb. Bu şəxs 1969-cu il təvəllüdlü xroniki problemləri mövcud olan, müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi (Sistemik Lupus Eritematozus), 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının son mərhələsi müəyyən edilən xəstə idi.

Bundan sonra da koronavirusa yoluxmuş və nəticədə vəfat etmiş şəxslərin ayrı-ayrılıqda əksəriyyətində serebral ateroskleroz, hipoksik ensefalopatiya, şəkərli diabet xəstəliyi, keçirilmiş miokard infarktı, qaraciyər çatışmazlığı və xronik böyrək çatışmazlığı, kəskin böyrək çatışmazlığı, ürəyin işemik xəstəliyi, xronik pielonefrit və arterial hipertoniya xəstəliyi, xronik obstruktiv ağciyər xəstəliyi, aterosklerotik kardio skleroz, hipotireoz, postinfarkt kardiosklerozu xəstəliyi olan şəxslərin vəfat etdiyinin şahid olduq.

Bütün bunlar belə bir fikir yarada bilər: Niyə COVID-19-dan əksər hallarda daha öncədən xəstəliyi olan şəxslər vəfat edir?

Bu suala cavab verən Azərbaycanın Baş infeksionisti Cəlal İsayev bildirib ki, COVID-19 şəxsdə öncədən mövcud olan xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər:

"Koronavirus infeksiyası həmin xəstəliyin ağırlaşmasına gətirib çıxara bilər. Daha öncədən həmin xəstəliyi olan insanlarda koronavirus infeksiyası ağır gedişə malik olur və ağır keçir. Son nəticə olaraq xəstə koronavirusdan tələf olur".

Onun sözlərinə görə, heç vaxt orqanizmin gücünə arxayın olub virusa yoluxmayacağımızı fikirləşməməliyik. Bu virus 85 faiz hallarda yumşaq keçir və onların əksəriyyətində də heç bir əlamət özünü büruzə vermir.

Qeyd edək ki, Azərbaycanda COVID-19-a yoluxma aşkar edilən ilk gündən etibarən ölkə üzrə bu günə qədər 5935 yoluxma faktı qeydə alınıb. Ümumi sağalan şəxslərin sayı 3564 nəfəri təşkil edir. Hazırda ölkədə aktiv koronaviruslu xəstələrin sayı 2300-dür və COVID-19-dan həyatını itirənlərin sayı 71 nəfərdir. Ölkədə ümumi aparılan testlərin sayı 309 min 901-dir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə