"Lazımsız mesajlar göndərib sistemi yükləyən insanlar var" ÖZƏL - AÇIQLAMA

"Heç şübhəsiz ki, bu sərt qaydalar insanlar üçün müəyyən problemlər yaradacaq, lakin pandemiya ilə mübarizədə işin lehinə olacaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə insanların karantin qaydalarına riayət etməsinin indiki şəraitdə vacib olması məsələsindən danışarkən deyib.

Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat brifinqində yoluxma hallarının artan templə davam etməsi və belə olduğu halda qaydaların daha da sərtləşəcəyinə dair açıqlamalara millət vəkili belə aydınlıq gətirib: "Operativ Qərargah məsələ bağlı çox düzgün olaraq bu qərarı verib. Əslində, cəmiyyətimizdə ümumən qayda-qanunlara riayət edən, hörmətlə yanaşan insanlar əksəriyyət təşkil edir, lakin, təəssüflər olsun ki, cəmiyyətdə qaydaları pozan, icazə üçün lazımsız mesajlar göndərən və sistemi yükləyən insanlar var. Hesab edirəm ki, bu xəbərdarlıq ilk növbədə onlar üçündür. Onların qaydaya, tələblərə riayət etmələri üçün bir çağırışdır".

Aydın Mizəzadə daha sərt qaydaların tətbiqi ilə bağlı vurğulayıb ki, heç şübhəsiz bu qaydalar insanlar üçün müəyyən problemlər yaradacaq, lakin, pandemiya ilə mübarizədə işin lehinə olacaq: "Daha sərt şərtlərin irəli sürülməsi, heç şübhəsiz ki, hamı üçün müəyyən problemlər yaradacaq. Lakin, koronavirusla mübarizədə bu sərt qaydalar işin xeyrinə olacaq. Hesab edirəm ki, insanlar hazırkı qaydalara riayət etsələr hər halda bu məsələyə qədər gəlib çatmayacağıq. Bununla belə hər birimiz də qaydalara riayət etmək, gigiyena qaydalarını gözləmək, bacardığımız qədər evdə qalmalıyıq, koronavirusla mübarizədə dövlətlə yanaşı biz də özümüzün mübarizəmizi aparmalıyıq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə