Antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Maştağa qəsəbəsində antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexi aşkarlayıb.

Agentlikdən SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən fiziki şəxş Bəbirov Taleh Bayram oğluna məxsus quş kəsimi sexində reyd keçirilib.

Reyd zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Məlum olub ki, antisanitar şəraitdə fəaliyyət göstərən sexdə sanitar-gigiyenik norma və qaydalara əməl edilmir. Müəssisənin ərazisinə daxil olan quşlar baytarlıq müayinəsindən keçirilmir, kəsimdən sonra daxili orqanların baytarlıq-sanitar müayinəsi, quş ətinin orqanoleptik qiymətləndirilməsi, istehsal və saxlama zamanı quş ətinin sanitar keyfiyyətinə baytar həkim tərəfindən nəzarət aparılmır.

Yoxlama zamanı məhsullardan götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarına təqdim olunub. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...