UNEC-də seminar: Qiymətli kağızlar bazarının inkişafı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qiymətli kağızlar bazarının inkişafı” mövzusunda seminar-treninq keçirilib. Universitetdən SİA-ya bildirilib ki, Maliyyə və maliyyə institutları kafedrasının təşkilatçılığı ilə Mərkəzi Bank və Distant, qiyabi və əlavə təhsil mərkəzinin birgə keçirdiyi seminar Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol Xəritəsi”nin icrasının təmin edilməsi məqsədilə UNEC-in strateji planına uyğun təşkil olunub.

Seminarda Maliyyə və maliyyə institutları kafedrasının müdiri, professor Əvəz Ələkbərov qiymətli kağızlar bazarı üzrə dünya təcrübəsini paylaşaraq, ölkəmizdə bu sahədə görülən işlərin, eyni zamanda, qarşıda duran hədəf və perspektivlərin geniş təhlilini aparıb. Bildirib ki, qiymətli kağızlar bazarının keyfiyyətcə yeni səviyyəyə qaldırılması iqtisadiyyatın tənzimlənməsi imkanlarını genişləndirməklə yanaşı, maliyyə resurslarının real sektora cəlb edilməsini və sahələrarası sərmayə axınlarını asanlaşdırır, bütövlükdə iqtisadi sistemin daha səmərəli fəaliyyətini təmin edir. Ə.Ələkbərov qiymətli kağızlar bazarında postsovet ölkələrindən olan Qazaxıstan təcrübəsinə diqqət çəkərək, bu sahəyə bir daha nəzər yetirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

Tədbirdə kafedranın dosenti Zöhrab İbrahimov “Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı” mövzusunda təqdimatla çıxış edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində görülən işlərdən söz açıb. Z.İbrahimov qiymətli kağızlar bazarının təşviqinin, bu sahəyə dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsinə dair UNEC-də bir sıra tədbirlər həyata keçirildiyini bildirib.

Tədbirdə iştirak edən Mərkəzi Bankın məsul əməkdaşı Samir İsmayılov qiymətli kağızlar bazarının inkişafına təsir edən amillər barədə məlumat verib.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb. Maliyyə bazarlarının inkişafında hədəflərə nail olunması istiqamətində təkliflər səsləndirilib. Qiymətli kağızlar bazarında peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə UNEC-də kapital bazarlarına dair təlimlər, məsləhət kurslarının təşkil olunacağı bildirilib. UNEC Eksterndə qiymətli kağızlar bazarı iştirakçıları, maliyyə vasitəçiləri və emitentlər üçün distant təlim və sertifikat proqramlarının tədris ediləcəyinin mümkünlüyü qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...