"SƏS Media Qrupu" Beynəlxalq əlaqələrini genişləndirir -REDAKSİYAYA ZİYARƏT - FOTOLAR

Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat katibi Hüseyin Altınalan SƏS Media Qrupunu ziyarət edib. SƏS Qəzeti ənənəsinə sadiq qalaraq beynəlxalq əlaqələrini genişləndirir. İndiyə qədər SƏS Media Qrupu dəfələrlə Azərbaycanda fəaliyyət göstərən müxtəlif xarici səfirliklərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Həmin görüşlər zamanı əldə olunan razılaşmalar SƏS Media Qrupun fəaliyyəti, diplomatik korpusların fəaliyyətlərinin işıqlandırması üçün tələb olunan meyardır. Bu meyar hal hazırda da tam sürətilə davam etməkdədir.

Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin mətbuat katibi Hüseyin Altınalan görüş çərçivəsində Baş redaktor Bəhruz Quliyevlə söhbətində bildirib ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq bağları daha da möhkəmlənib: "Biz bunu hər iki ölkənin Prezidentlərinin mütəmadi görüşləri zamanı da yaxından müşahidə edirik. Azərbaycanın xarici siyasətində əldə edilən uğurların da təməlində məhz bu kimi amillər dayanır”.

Mətbuat katibi həmçinin SƏS Media Qrupuna aid olan resurslar tərəfindən Türkiyənin Azərbaycandakı səfirliyinin fəaliyyətinin işıqlandırılmasında Baş redaktor Bəhruz Quliyevin təşəbbüslərini xüsusi qiymətləndirib və ona təşəkkür edib.

Hüseyin Altınalan vurğulayıb ki, SƏS Qəzetinin bu cür ənənəyə sadiq qalması sevindirici haldır: “Bildiyimiz kimi Türkiyə mediası dünyanın ən nüfuzlu KİV-lərindən biri hesab olunur. SƏS Media Qrupunun da bu KİV-lərlə ikitərəfli əlaqələr qurmaqla dost ölkədə baş verən hadisələri yaxından izləmək imkanı tapar”.

Əlbəttə ki, bu bizim üçün də sevindiricidir. Çünki müstəqil və demokratik Azərbaycan mətbuatına bir çox ənənələr gətirən SƏS Media Qrupu bu yeniliklərlə də digər media qurumlarına da örnək kimi göstərilə bilər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə