DMX-nin İTM məzunlarına diplomlar təqdim olunub

Dövlət Miqrasiya Xidmətinin təşkil etdiyi İnformasiya Texnologiyaları Məktəbinin məzunlarına diplomlar təqdim olunub. SİA Xidmətin “Facebook” səhifəsinə istinadla xəbər verir ki, “IT helpdesk”, şəbəkə, sistem inzibatçılığı və proqram təminatının inkişafı sahəsində peşəkar və praktiki bilikləri tədris etmək məqsədilə yaradılan məktəb ötən ilin mayından fəaliyyətə başlayıb.

Layihə ali təhsil müəssisələrinin informasiya və kommunikasiya texnologiyaları, kompüter elmləri və oxşar ixtisaslar üzrə ali təhsilli, həmçinin müvafiq iş təcrübəsi olan 21 gənci əhatə edir. Dördaylıq tədris proqramı çərçivəsində ümumilikdə 40 saatlıq 18 təlimə cəlb olunan gənclər, həmçinin Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanıblar. Təlimlər Dövlət Miqrasiya Xidmətinin təcrübəli əməkdaşları tərəfindən keçirilib.

İnformasiya Texnologiyaları Məktəbinin məzunlarına diplomların təqdim edilməsi mərasimində çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məktəbin fəaliyyətini yüksək qiymətləndirib və məzunlara uğurlar arzulayıb. O, Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən “Miqrasiya Könüllüləri” İctimai Birliyi, Gənclik İnkişaf Forumu və Miqrasiya Məktəbi-2 layihələrinin uğurla fəaliyyət göstərdiyini, bu cür sosial təşəbbüslərin bundan sonra da prioritet olacağını diqqətə çatdırıb.

Sonda məzunlara diplomlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...