"Qorbaçov məhkəmə qarşısında dayanmalıdır və cavab verməlidir" Tarixi faktlar

"Ümumiyyətlə 20 yanvar 1990-cı il hadisələri ilə bağlı mənim kifayət qədər məlumatlarım var. Təkcə Azərbaycanla bağlı deyil, eyni zamanda Moskva ilə bağlı. Təbii ki, bugünkü hadisələrlə bağlı Mixail Qorbaçov günahkardır və cavab verməlidir. Mənim dediklərimin şahidi bu gün məndən başqa iki nəfər də həyatdadır. Onlardan biri Cümşüd Nuriyev, digəri isə Siyavuş Vəliməmmədovdur". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov 20 yanvar hadisələri ilə bağlı xatirələrini bölüşərkən deyib.

"1991-ci ilin yanvar ayının 5-8-də bizlərdən bir qrup Qarabağ məsələsi ilə bağlı Sovet rəhbərləri ilə görüşmək üçün Moskva şəhərinə getmişdik. Biz o dövrdə Sovet İttifaqına rəhbərlik edən Mixail Qorbaçovdan başqa ondan aşağı olan 5 nəfərlə görüş keçirdik. Bunların siyahısında Qorbaçovun o zamankı ideoloji məsələlər üzrə Mərkəzi Komitənin katibi Aleks Semyonoviç Şenenin, vitse-prezident Gennadi Yanayev, müdafiə naziri Dmitri Yazov və digərləri ilə görüş keçirdik. O görüşlərin birində Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi A.Şenenin otağında biz hər birimiz sözümüzü deyirdik. Növbə mənə çatanda isə mən dedim ki, 1988-ci ildən bu günə kimi postsovet məkanında milli zəmində olan hadisələrə, tökülən qanlara görə bütün məsuliyyət Mixail Sergeyeviç Qorbaçovun üzərindədir və o vaxt gələcək bu məsələlərə görə cavab verəcək. Həmin zaman Aleks Semyonoviç Şenenin ayağa qalxdı və əlini stolun üzərinə çırpdı və məni hədələdi ki, sən Mərkəzi Komitənin binasındasan və səni həbs etdirərəm. O zaman bizim qrupda generalımız Mustafa Nəsirov var idi. O aranı sakitləşdirdi. Yəni mən sözümü hələ o zamanlar demişəm. O dövr elə bir dövr idi ki, hələ 20 yanvar hadisələrinin bir ili tamam olmağına 10 gün qalmışdı. Bu gün də həmin fikrimin üstündəyəm ki, o qanların tökülməsinə görə, Qorbaçov məhkəmə qarşısında dayanmalıdır və cavab verməlidir. Təkcə o qanlara görə yox, ondan sonra da ermənilər tərəfindən törədilən soyqırımlara görə cavab verməlidir”-deyə, deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...