Səbail rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub

Bu gün YAP Səbail rayon təşkilatının və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə müasir Azərbaycan dövlətinin qurucusu və Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə həsr olunan anım tədbiri keçirilib. İlk öncə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətinə həsr olunun videofilm nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın müasir siyasi tarixindəki əvəzolunmaz xidmətləri haqqında danışıb. Müasir iqtisadi inkişafımızın əsasını təşkil edən Heydər Əliyev Neft Strategiyasını və "Əsrin Müqaviləsi"nin imzalanmasının əhəmiyyətini xüsusi qeyd edən rektor bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasətini və yolunu yeni müstəvidə uğurla davam etdirir. Bu gün Azərbaycan dünyada tanınan, beynəlxalq münasibətlərdə öz sözü və yeri olan, dinamik inkişaf edən modern və güclü dövlətə çevrilmişdir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev bütün varlığı ilə müstəqil Azərbaycan dövlətçiliyinə bağlı olan Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki hakimiyyət dövründə taleyin hökmü ilə Azərbaycan xalqı və milli dövlətçiliyimiz üçün yerinə yetirdiyi böyük tarixi missiyalardan danışıb. Ulu Öndər Heydər Əliyevin, sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin qurucusu olduğunu qeyd edən deputat bildirib ki, dinamik inkişaf edən və ildən-ilə siyasi, iqtisadi, beynəlxalq nüfuzu yüksələn müasir Azərbaycanın müstəqillik dövründə əldə etdiyi bütün uğurların bünövrəsi dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev amili və Heydər Əliyev Şəxsiyyəti ilə bağlıdır. Ş.Hacıyev vurğulayıb ki, zaman keçdikcə, Heydər Əliyev dühasının əzəmətini, böyüklüyünü daha çox hiss edir, həyata keçirdiyi çoxşaxəli işlərin, xalqımız və müstəqil dövlətçiliyimiz üçün ən çətin, taleyüklü anlarda yerinə yetirdiyi xilaskarlıq missiyaların nəhəngliyini daha dərindən dərk edirik.

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əbədiyaşar xatirəsini ehtiramla yaşadır və hər bir Azərbaycan vətəndaşı böyük qürur və fərəh hissi ilə hər zaman qeyd edir ki, nə yaxşı ki, müstəqil dövlətçiliyimizin ən mürəkkəb, taleyüklü məsələlərinin həll olunduğu şəraitdə, Azərbaycan xalqına Heydər Əliyev kimi böyük və cəsarətli Lider rəhbərlik edib.

Ulu Öndər Heydər Əliyev zəngin dövlətçilik və idarəçilik irsi haqqında tədbir iştirakçılarına xronoloji ardıcıllıqla geniş və ətraflı məlumat verən Ş.Hacıyev Sovet dövründə Heydər Əliyevin yalnız şəxsi bacarığı, istedadı və işgüzarlığı ilə gənc yaşlarından etibarən dünyanı idarə edən iki nəhəng dövlətdən birinin ən yüksək rəhbər vəzifələrinə qədər yüksələn ilk müsəlman-türk, azərbaycanlı olmasını, 1969-cu ildə müttəfiq respublikalar arasında ən geridə qalmış aqrar-xammal ölkələrindən biri olan Azərbaycana rəhbər təyin olunmasından sonra cəmi 13 il ərzində Azərbaycan SSR-i Sovet respublikaları sırasında ən sürətlə inkişaf edən və özünü tam təmin edən arqar-sənaye respublikasına çevirməsini, SSRİ kimi fövqəldövlətdə yüksək məsuliyyət tələb edən elm, təhsil, mədəniyyət, nəqliyyat, maşınqayırma, dəmir yolları və digər mühüm strateji sahələrə, məhz Heydər Əliyevin rəhbərlik etməsini və bu sahələrin inkişafında əhəmiyyətli nəticələrin əldə edilməsini xüsusi vurğulayıb. Millət vəkili Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyevin xalqın istəyi və dəstəyi ilə 1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə gəlməsini, Onun tarixi qurtuluş missiyasının başlanğıcı olduğunu diqqətə çatdırıb.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı daha bir tarixi missiyasının, sağlığında özünün siyasi varisinin müəyyənləşdirməsi olduğunu diqqətə çatdıran Ş.Hacıyev qeyd edib ki, zaman bu seçimin nə dərəcədə düzgün, müdrik və uzaqgörən qərar olduğunu sübuta yetirdi. Azərbaycan xalqına firavan həyat və güclü dövlət bəxş etmiş Heydər Əliyev siyasəti bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən tamamilə yeni keyfiyyət müstəvisində dünyada gedən proseslər və yeni çağırışlar əsasında uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda son 16 ildə möhtəşəm işlər görülmüş, ən böyük dəyərimiz olan ictimai-siyasi sabitliyimiz təmin olunmuş, iqtisadiyyatımız sürətlə inkişaf etmiş, beynəlxalq aləmdə Azərbaycan etibarlı tərəfdaş imici qazanmışdır. 2018-ci ildən etibarən ölkəmizdə davamlı, tarazlı, şaxələndirilmiş inkişaf və cəmiyyət həyatının bütün sahələrini əhatə edən əsaslı islahatlar həyata keçirilir və müsbət nəticələr də göz önündədir. Azərbaycan öz inkişaf yolu ilə gedir, bu yol Heydər Əliyev yolu və İlham Əliyevin cəsarətli, müstəqil, uzaqgörən siyasət yoludur. Bu siyasət Azərbaycanı gələcəkdə də çox uğurlara aparacaq.

YAP Səbail rayon "İdarəedicilər" ərazi ilk partiya təşkilatının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fakültə dekanı professor Elçin Əhmədov Ulu Öndər Heydər Əliyevin hələ SSRİ-nin varlığını davam etdirdiyi illərdə Azərbaycanın müstəqilliyi yolunda atdığı cəsarətli addımlar, Yeni Azərbaycan Partiyasının yaradılmasını zəruri edən ictimai-siyasi proseslər, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, ölkədə rəhbərliyə qayıtdıqdan sonra həyata keçirdiyi mühüm və təxirəsalınmaz qərarlardan söz açıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi idarəetmə" fakültəsinin III kurs tələbəsi İlahə Balakişiyeva bildirib ki, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi gənclər üçün böyük nümunədir. Bu gün vətənpərvərlik ruhunda formalaşan Azərbaycan gəncliyi ölkəmizin son 16 ildə əldə etdiyi misilsiz nailiyyətlərdən ruhlanır və onlara göstərilən yüksək etimada layiq olmağa çalışır.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan Dövlət İdarəçilik Akademiyasının tələbələrinə partiya üzvlük vəsiqələri təqdim olunub.

Rəfiqə KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...