İlahiyyat İnstitutunda tələbə vəsiqələri təqdim olunub FOTOLAR

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrə vəsiqələrinin təqdim edilməsi ilə bağlı tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, rektor Ceyhun Məmmədov İnstitutun birinci kurs tələbələri ilə görüşərək, onlara bir sıra tövsiyələrini verib. Aİİ rektoru gənclərimizi İlahiyyat İnstitutunda yaradılmış şəraitdən maksimum yararlanmağa, dərslərdə aktiv olmağa, dinin mahiyyətini və əsaslarını, milli adət-ənənələrimizi, böyük dövlətçilik irsimizi dərindən mənimsəməyə, dil bilgilərinə yiyələnməyə, ictimai həyatda fəallıq göstərməyə çağırıb. C.Məmmədov müstəqilliyimizin möhkəmləndirilməsi, cəmiyyətin tərəqqisi, ölkəmizin güclənməsi, dəyərlərimizin qorunması üçün tələbələrə davamlı surətdə üzərlərində işləməyi, fərdi bilik və bacarıqlarını artırmağı tövsiyə edib: “Uğurun yolu dəqiq hədəf və məqsədlərdən keçir. Uğurlu gələcək üçün konkret hədəf və məqsədinizin olması labüddür”.

Rektor İnstitutun idarəçiliyində aktiv iştiraka çağıran, onların rəy və təkliflərinin öyrənilməsi məqsədilə ali təhsil müəssisəsində xüsusi qutunun qoyulduğunu bildirib. Qeyd edib ki, qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi, eyni zamanda, təkliflərinizi dəyərləndirməyimiz üçün sizi İnstitutun rəhbər və müəllim heyəti ilə fəal əməkdaşlığa dəvət edirik.

Sonra rektor tələbələrə Aİİ-nin vəsiqələrini təqdim edərək, onlara uğurlar və müvəffəqiyyətlər arzulayıb.

Tədbirdə, həmçinin digər cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, bu il Azərbaycan İlahiyyat İnstitutuna 76 tələbə qəbul olub. Onlar ali təhsil müəssisəsində ödənişsiz təhsil alır, bütün fənlər üzrə pulsuz dərsliklər və geyim forması ilə təmin edilirlər. İnstitutda yüksək təhsilin verilməsi üçün zəruri olan bütün tələblər yerinə yetirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə