Azərbaycan almanları TARİX

Vaxtilə almanların məskən saldığı Helenendorfdakı – indiki Göygöl şəhərindəki küçələr və evlər alman memarlıq üslubunun burada indi də qorunduğunu göstərir. Qırmızı daş döşənmiş yollar, uca çinarlar, oyma naxışlı taxta eyvanlar...

Tarixə nəzər salsaq görərik ki, ilk dəfə 488 Şvab ailəsinin (İsveçrə almanları) Rusiya imperiyasının Zaqafqaziyadakı torpaqlarına ağır və məşəqqətlərlə dolu köçü 1817-ci ilin sonlarında başlayıb, ilk alman koloniyası Cənubi Qafqazda Gürcüstan ərazisində yaradılıb. Alman əsilli şəxslərin, daha doğrusu, Şvab ailələrinin Azərbaycana kütləvi halda köçürülməsi isə 1819-cu ilə təsadüf edir. Hər birində təxminən 50 ailə olmaqla, 3 koloniya Gəncədən 7-8 kilometr aralıda, Xanarxlar deyilən kəndə (indiki Göygöl şəhəri) köçərək Helenendorf koloniyasının əsasını qoyublar. Onlar arasında pinəçi, dənizçi, dülgər, dərzi və digər peşə sahibləri olub. Almanların sənətini əks etdirən işarələr isə yaşadıqları evlərin qapısına vurulub. Küçə boyu sıralanmış evlərin divarına tikildiyi tarix və sahiblərinin adları yazılıb. Bu işarələr indi də qalmaqdadır.

Sonralar Gəncə və Qazax qəzalarında salınan koloniyalar Georqsfeld (1888, indi Şəmkir rayonunun Çinarlı qəs.), Alekseyevka (1902), Qrünfeld (1906, indi Ağstafa rayonunun Həsənsu k.), Ayxenfeld (1906, indi Şəmkir rayonunun İrmaşlı k.), Traubenfeld (1912, indi Tovuz ş.), Yelizavetinka (1914, indi Ağstafa ş.) və Marksovka (1920-ci illər, sonralar Ağstafa ilə birləşdi) idi. Onların əhalisi ilk koloniyalar sakinlərinin nəslindən ibarət idi. Helenendorf'da yerləşən almanlardan bir neçə ailə Goranboy rayonunun Todan kəndi yaxınlığında məskunlaşmışdılar. Hal-hazırda da almanların yerləşdiyi həmin yerlər yerli əhali tərəfindən "Lemsə bağı", "Lemsə bulağı" kimi tanınır. 1918-ci ildə bütün Azərbaycandakı koloniyalarda yaşayan almanların sayı cəmi 6 min nəfər idi. Onların əsas peşəsi əvvəllər əkinçilik, sonralar isə şərabçılıq idi. Təkcə helenendorflu Forer və Hummel qardaşları tərəfindən buraxılan çaxır bütün Qafqaz bölgəsində buraxılan çaxırın 58%-ni təşkil edirdi.

Cənubi Qafqaz almanlarının əksəriyyəti etirazçılığa (protestantlığa) etiqad edirdi. Azərbaycanın ilk etirazçı kilsəsi məhz Helenendorfda 1857-ci ildə tikilmişdi. Sonralar lüteran kilsələr Gədəbəydə (1868), Şamaxıda (1869), Bakıda (1897) və Annenfelddə (1911) də tikilmişdi. Azərbaycan Demokratik Respublikası dövründə yerli almanlar ilk koloniyanın salınmasının 100-illiyini təntənə ilə qeyd etdilər. 1941-ci ildə Sovet hakimiyyətinin əmriylə 22.841 alman Azərbaycandan çıxarılıb SSRİ-nin Asiya bölgələrinə sürgün edilmişdi. Şimali Qafqaz və Gürcüstandakı kimi, bütün alman mənşəli şəhər və kənd adları rus və Azərbaycan adları ilə əvəz edilmişdi.

30 avqust 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" Sərəncam imzalamışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə