600 il ərzində məlumat saxlaya bilən optik disk hazırlanıb

Avstraliyanın RMIT Universiteti və Çinin Vuhan Texnologiya İnstitutunun tədqiqatçıları böyük həcmli məhsuldar optik disklərin yeni növünü hazırlayıblar. Bir disk 10 TB-a qədər məlumatı saxlamaq və altı yüz il ərzində bu məlumatların tamlığını təmin etmək imkanına malikdir. Optik diskin göstəriciləri mövcud texnologiyaların informasiya həcmini dörd dəfə, onun saxlanılma müddətini isə 300 dəfə ötür.

Nanonewsnet.ru saytında yer alan məlumata görə, materiala nanoplazmalı hibrid şüşə matrisin yaradılması üçün uzadılmış formaya malik qızıl nanozərrəcikləri daxil edilib.

Yeni sistem məlumatları üç adi məkan ölçüsü və iki əlavə ölçü olmaqla beş ölçüdə saxlamağa imkan verir. İnformasiyanın yazılması və saxlanılması üçün çoxrəngli kodlaşdırma texnologiyası istifadə olunur. Bu texnologiya müasir informasiya mərkəzlərinin effektivliyini artırmağa imkan verəcək. Çünki optik sistemlər sərt disklər əsasında olan sistemə nisbətən orta hesabla min dəfəyədək daha az enerji tələb edir.

Tədqiqatçılar bildiriblər ki, bu texnologiyanın tətbiqi gələcəkdə astronomiya, geologiya, biologiya və tarix sahəsində tədqiqatların aparılması zamanı istifadə olunan informasiyanın böyük massivlərinin saxlanılması problemini həll edəcək. Bundan başqa, yeni texnologiya yüksək temperatur, təzyiq və radiasiyanın təsirinə qarşı davamlıdır ki, bu da təbii və texnogen mənşəli istənilən kataklizmlər zamanı məlumatların tamlığını təmin etməyə imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə