Nuranə Şıxəliyevaya Azərbaycan Alpaqut Federasiyasında vəzifə verildi

"Alpaqut döyüş sənətinin inkişafı istiqamətində bütün gücümlə çalışacağam və mənə göstərilən etimadı doğruldacağam". Bu sözləri Azərbaycan Alpaqut Federasiyasına yeni təyin olunmuş ictimai-təşkilati məsələlər üzrə departament rəhbəri vəzifəsinə təyin olunan Nuranə Şıxəliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, son illər Alpaqut idman növü ölkəmizdə inkişaf edir: "Bu idman növünün tanınması və inkişafı istiqamətində bütün gücümlə çalışacağam. Bu, milli idman növüdür".

N.Şixəliyeva ölkədə qadınların sosial və siyasi həyatda fəallaşmasının sevindirici hal olduğunu bildirib: "Bu gün Azərbaycan qadınları ölkənin siyasi-ictimai və mədəni-sosial həyatında fəallaşmaları dövlətçiliyimizin güclənməsi nöqteyi-nəzərindəndə dəyərləndirilməlidir. Onlar beynəlxalq arenada Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayırlar. Burada Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük rolu var. Mehriban xanımın siyasi-ictimai həyatda fəallığı Azərbaycan qadınlarına böyük stimul verir".

N.Şıxəliyeva əlavə edib ki, idman prioritet sahədir və prezident İlham Əliyev hər zaman bu sahəyə diqqət və qayğı göstərib: "Məlumdur ki, idman ölkənin tanıdılması üçün əvəzsiz rola malikdir. Bu səbəbdən də Azərbaycan idmanının daha da irəliyə getməsi vacibdir. Biz Alpaqut idman növünü milli idman növü olaraq dünyaya təqdim edirik. Mən daha ciddi fəaliyyət göstərməklə bu idman növünün dünyada daha çox tanınması üçün əlimdən gələni edəcəyəm. Bilirsiniz ki, gender bərabərliyi məsələsi uzun illərdir ki, ölkə gündəmində aktual mövzu kimi müzakirə olunur. Amma son illər bu problem arxada qalıb. Artıq qadınlar da bütün sahələrdə əhəmiyyətli mövqeyə gəliblər. Bu müsbət tendensiya idmanda da özünü göstərir. Hesab edirəm ki, qadınlarımız idman sahəsində də öz sözünü deyəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə