Azadlığa gedən yol 20 yanvardan keçir

Kamilə ƏLİYEVA, millət vəkili

1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədəq dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha dolğun daha düzgün qiymət verəcəklər

Heydər ƏLİYEV

1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, haqq-ədalətin bərqərar olunmasını istəyən, azadlıq, müstəqillik uğrunda şərəfli mücadilə aparan xalqımızın inam və iradəsini qırmaq, milli mənliyini məhv etmək məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən qanlı hadisələrdən biri baş verdi. 1990-cı ilin 20 Yanvarında baş verən faciəli hadisələr süquta uğramaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Həmin gün 133 dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın insanın yaralanması xalqımız üçün böyük dərd, faciə idi. Lakin eyni zamanda, bu hadisə xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil oldu. 1990-cı ilin 20 Yanvar qətliamı keçmiş SSRİ rəhbərliyinin əvvəlcədən hazırlanmış xüsusi planı əsasında həyata keçirildi. SSRİ DTK-sının "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil olaraq əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də gecə saat 1-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı artıq 100 nəfərə çatmışdı. O zamn 20 yanvar faciəsinin istintaqını aparmış qrup müəyyən etmişdir ki, 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər Nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və "Nasoslu" aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Respublikaya gətirilmiş hərbi qüvvələrin, əməliyyatlara rəhbərlik etmək üçün Bakıya gələn 300-dən artıq yüksək rütbəli zabit və generalların ərzaq təminatı, nəqliyyatla, yanacaqla təmin edilməsi respublika büdcəsindən ödənilirdi.

Ulu Öndər faciəyə ilk və kəskin münasibət bildirdi

20 yanvar faciəsinin törədilməsindən sonra, ittifaq baş bilənləri cinayətlərini öry-basdır etmək üçün müxtəlif şər, böhtan xarakterli vasitələrdən istifadə edirdi. Belə bir məqamda Azərbaycanda baş vermiş həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yarandı. Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələrək bəyanatla çıxış edən Ümummilli Lider Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət vermiş ilk vətənpərvər siyasi xadim oldu. Psixoloji və ruhi sarsıntı içərisində yaşayan azərbaycanlılar 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyevin Moskva nümayəndəliyinin binasında qəzəbli və qətiyyətli bəyanatının doğurduğu əks-sədanı eşitdilər. Ulu Öndər bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də butün dünyanın gözü qarşısında ittiham etdi. Ulu Öndər nümayəndəliyin binasında qətiyyətlə bildirdi ki, faciənin təşkilatçıları layiqli cəzalarını almalıdırlar: "Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm". 20 Yanvar hadisələrinə ilk obyektiv hüquqi-siyasi qiymət isə 1991-ci il noyabr ayında - onun Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verilmişdir. Ulu öndər Heydər Əliyev 1990-cı ilin iyulunda Naxçıvana qayıtdıqdan və 1991-ci il sentyabr ayının 9-da Naxçıvan Ali Məclisinin Sədri seçildikdən sonra faciəyə hüquqi-siyasi qiymət vermək imkanı yarandı. Həmin il noyabr ayının 21-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilmiş müvafiq qərarda 20 Yanvarın Milli Matəm Günü kimi qeyd olunması qərara alınmışdı.

Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi onun qarşıya qoyduğu vacib tələb idi. Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləcək işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Ulu öndərin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi. 1994-cü il mart ayının 29-da ölkə parlamenti "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi. Beləliklə, 20 Yanvar faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı. Ulu Öndər Heydər Əliyev demişdir: "1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədəq dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha dolğun daha düzgün qiymət verəcəklər."

Törədilən faciə "Yus Çodens" prinsipinə zidd idi

Sovet imperiyasının Konstitusiyasına əsasən respublikalar müstəqil hüquqa malik subyektlər sayılırdılar. Həmidə, ittifaqda birləşən xalqlar eyni hüquqa malik xalqlar hesab olunurdular. Amma imperiya cəlladalrı bu prinsiplərə və qanunlara əhəmiyyət vermədən Bakıya 170 minlik ordu yeritdi, özünün "vətəndaşlarına" amansız divan tutdu. Rəsmi Moskvanın 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə Bakıda hərbi təcavüz nəticəsində törətdiyi qırğınlar beynəlxalq hüququn "Yus Çodens" prinsipinə, hər bir dövlətin və bütünlükdə dünya dövlətlər birliyinin mənafelərinə xidmət edən, icrası hamı üçün məcburi sayılan beynəlxalq hüquq normalarına ziddir. İmperiya hərbi təcavüzlə BMT-nin Nizamnaməsinin 1,55 və 56-cı maddələrini, 1948-ci il insan hüquqları haqqında Ümumi Bəyannamənin, insan hüquqlarının və azadlıqlarının qorunması və onların təmin edilməsi barədə öhdəliklərinin yerinə yetirilməsi prinsipini kobud şəkildə pozdu.

İmperiya 20 Yanvar faciəsini törədərkən öhdəsinə götürdüyü bütün beynəlxalq öhdəlikləri pozaraq, BMT-yə, onun TŞ-yə, dünyanın demokratik ictimaiyyətinə meydan oxudu, özünün totalitar rejimə 1966-cı il " Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta" qoşulmuş və onun prinsiplərinə əməl edəcəyini öhdəsinə götürmüşdür. Lakin, mərkəz həmin paktın 6-cı maddəsində təsbit edilmiş "yaşamaq hüququ hər bir insanın ayrılmaz hüququdur" prinsipini pozaraq, Bakıda yüzlərlə insanı vəhşicəsinə məhv etdi. Paktın 7-ci maddəsində qeyd edilmiş "Heç kəs işgəncələrə, qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranışa və ya cəzaya məruz qalmamalıdır" prinsipini pozan sovet imperiyasının hərbi hissələri əliyalın, silahsız insanları tankların altında əzdi, yerlə-yeksan etdi, ömürlük şikəst qoydu.

Demokratik dünya təcrübəsində qəbul edilmiş meyara görə "heç kəs qanunsuz cəzalandırılmamalıdır, heç bir cinayətkar cəzasız qalmamalıdır". Bu meyar ən demokratik ənənələrə, sivil dövlətçilik prinsiplərinə söykənir. Lakin sovet imperiyası bu demokratik prinsipi kobud pozaraq, Paktın 9-cu maddəsinə məhəl qoymadan günahsız insanları həbs etdi, işgəncələrə məruz qoydu, onlara qeyri-qanuni əzablar verdi, yaxınlarına məlumat vermədən gizli yerlərdə saxladı. İmperiya cəlladları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya böyük bir ordu yeritdi. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 184 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.

Yanvarın 19-da axşam Azərbaycan televiziyasının enerji bloku partladıldı. 20 Yanvar faciəsini araşdıran dövlət komissiyası tərəfindən sübut edilmişdir ki, həmin partlayış SSRİ DTK-sı tərəfindən planlaşdırılıb və həyata keçirilib.

Yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı. Sonrakı günlər də daxil olmaqla 132 nəfər həlak olmuşdur ki, onlardan da 123-ü kişi, 5-i qadın, 4-ü uşaq idi.20 Yanvar faciəsində azərbaycanlılarla yanaşı, Bakıda yaşayan 6 rus, 3 tatar, 3 yəhudi həlak olmuşdur. Həlak olanların arasında 4 milis işçisi, 1 həkim, 1 aspirant, 3 elmlər doktoru olub. Qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq idi.

Qəhrəmanlıq səlnaməsinə parlaq səhifə yazan şəhidlər

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyur. Dövlətimizin başçısı 2004-cü ildə 20 Yanvar faciəsinin 14-cü ildönümünün keçirilməsi ilə bağlı sərəncamında bildirirdi ki, Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar: "Həmin gün respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar".

Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" fərmanı ilə şəhid ailələrinə təqaüd verilir. Perzident İlham Əliyev 1990-ci il yanvarın 19-dan 20-ə keçən gecə sovet imperiyasının Bakıda törətdiyi qırğınlar barədə demişdir: "Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar günü respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi.Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Azərbaycan xalqı öz igid övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il 20 Yanvarda onların əziz xatirəsini böyük ehtiramla yad edir".

20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq (Qarabağ) uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. ...1990-cı ilin 20 Yanvarından ötən illəri bir qayda olaraq yalnız kədər, hüzn, matəm (bu əhvalı ifadə edən sözlərin sırasını daha da uzatmaq olar) kimi qeyd etmişik, şəhidlərimizin ruhunu ağı və sızıntı ilə anmışıq. Ümumxalq hüzn günü bu əhval təbiidir.Lakin 20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbiyyəsinin qorxunc qaragürahuna qarşı sinəsini verməyi və özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Prezident İlham Əliyev 1990-cı ilin 20 Yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm sənədlər imzalamışdır. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" fərmanı da bu məqsədə xidmət edir. Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan vardır. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılmış, 20 Yanvar şəhidlərinin xatirəsinə kompleks ucaldılmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin imzaladığı sərəncamlara əsasən, hər il ölkəmizdə və xaricdə 20 Yanvar faciəsinin ildönümləri ilə bağlı silsilə anım tədbirləri keçirilir. Bu il də Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə "20 Yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiq edilmişdir.

Şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq, həmişə xatırlanacaq, gənclərə nümunə olacaqdır.

Allah şəhidlərimizə rəhmət eləsin, onların məzarı nurla dolsun!

Bütün xəbərlər Facebook səhifəmizdə