Qaradağlı faciəsinin qurbanları yad edildi FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndində törətdikləri soyqırıma həsr olunmuş tədbir keçirilib. Fondun İnformasiya təminatı sektorundan SİA-ya verilən xəbərə görə, əvvəlcə facəni əks etdirən sənədli film nümayiş olunub. Filmdə 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən soyqırım haqqında məlumat verilib.

Tədbirdə çıxış edənlər - Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Elman Məmmədov, Dövlət İdarəçilik Akademiyasının dosenti, Qarabağ Araşdırmalar Mərkəzinin müdiri, Elçin Əhmədov 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən, Qaradağlı kəndində törədilən faciədən və onun acı nəticələrindən danışıblar.

Dörd günlük ağır döyüşdən sonra Qaradağlının işğal olunaraq yandırıldığını deyən Elçin Əhmədov onu da vurğulayıb ki, Xocavənd rayonunun azərbaycanlılar yaşayan kəndlərinin işğal tarixləri və digər faktlar sübut edir ki, dinc əhali öz döğma torpaqları uğrunda sona qədər mübarizə aparıb. Düşmənin hərbi qüvvələri ilə qeyri-bərabər döyüşlərdə mərdlik, şücaət göstərmiş yerli əhali beş ildən artıq düşmənə qəhrəmanlıqla müavimət göstəriblər.

Tədbir iştirakçıları bir daha xatırladıblar ki, bu qədim Azərbaycan kəndinin 800-dən çox sakininin 118-i əsir götürülüb. Əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri əsirlikdən böyük çətinliklərlə azad edilib. Faciə nəticəsində 43 ailə başsız, 146 uşaq yetim qalıb. Kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülən 91 nəfərin 21-i ahıl və qocalar, 10-u qadın, 8-i uşaq olub. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası, habelə mədəniyyət evi və digər sosial obyektlər dağıdılıb.

Bu qanlı faciədən 23 il keçir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...