“Falçılığ”a üçtərəfli yanaşma - maddi və mənəvi zərbə, cinayət, haram! ARAŞDIRMA
Dünyada elm, bilik sürətlə inkişaf edir. Bir zamanlar insanların nağıl kimi danışdıqları, bu gün gerçəkləşir. Alimlərin icad etdikləri yeni kəşflər artıq adi qarşılanır. Bir vaxtlar uçan xalça, kosmosa uçmaq, hava telefonu və s. kimi xəyali məfhumlar indi təyyarə, raket, mobil telefon və s. kimi gerçək məfhumlarla əvəz olunub. Elmi Texniki Tərəqqi, tibb sahəsi dayanmadan inkişaf edir. Heç vaxt insanların ağlına belə gəlməyən lazer əməliyyatı indi tibb sahəsində cərrahların işini tamamilə yüngülləşdirib. Hətta tibb sahəsi insanların görünüşündə belə plastik əməliyyatlar vasitəsilə dəyişikliklər edəcək və bəzi daxili orqanları süniləri ilə əvəzləyəcək qədər inkişaf edib.
Ancaq bütün bu elmi inkişafa baxmayaraq, hələ də bəzi insanlar özlərini "falçı", "baxıcı" kimi təqdim edənlərə inanır və müraciət edirlər. Bu isə cəmiyyətdə maarifləndirmə işlərinin zəifliyi ilə əlaqədardır. Məhz bu səbəbdən oxucularımıza faydalı olmaq üçün məsələyə üçtərəfli yanaşdıq - elmi, hüquqi və dini...
"Özlərini "falçı", "baxıcı" adlandıran işbazlar insanlara həm maddi, həm də mənəvi zərbələr vururlar"
Psixoloq Təhminə Çələbi deyir ki, XXI əsr Azərbaycanda psixologiya əsri adlandırılır. Onun sözlərinə görə, insanlar psixoloqa hələ yeni-yeni müraciət etməyə başlayıblar: "İnsanlar hələ indi-indi psixoloq, psixaterapevt və psixiatrı bir-birindən ayırmağa başlayıblar. Azərbaycanda belə bir düşüncə var ki, psixoloqa ancaq ruhi xəstələr gedir. Halbuki, belə deyil. İnsanlar psixoloqların işinin nədən ibarət olduğunu bilsələr, falçıya deyil, məhz psixoloqa gederlər. Falçıya, baxıcıya müraciət edənlər yalnız düşdükləri durumdan çıxmaq məqsədi ilə bir ümid olaraq, ora gedirlər. Təəssüf ki, özlərini "falçı", "baxıcı" adlandıran işbazlar insanlara həm maddi, həm də mənəvi zərbələr vururlar. İnsanlar "baxıcı"lardan ümid gözlədikləri halda, əksinə daha çox psixoloji travma alırlar. Depresiyada olan, stressdən əziyyət çəkən, nevroz olan insana falçı heç cür kömək edə bilməz.
Məsələn, gənc qızda isteriya xəstəliyi olur və onu aparırlar ki, falçılar "cin çıxartsınlar". Gənc qız qorxunc hərəkətlər edən insanı görəndə onda fobialar, nevroz və digər xəstəliklər yaranır. Xəstəliyi daha da dərinləşir və artıq psixiatra ehtiyac duyulur. Ancaq belə hallardan əziyyət çəkənlər vaxtında psixoloqa müraciət etsə, arzuolunmaz hallar baş verməz. Məhz buna görə də, insanlar arasında maarifləndirmə işləri aparılmalıdır".
"Vətəndaşların etibarından sui-istifadə etmək, onları aldatmaqla əmlaklarını ələ keçirmək cinayətdir"
Hüquq üzrə fəlsəfə doktoru Cavid Cəfərov isə bu əməllərlə məşğul olanların cinayət törətdiklərini qeyd etdi. Onun sözlərinə görə, özlərini "falçı", "baxıcı" kimi təqdim edərək insanların pullarını əllərindən alanların əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin normaları ilə tənzimlənir. C. Cəfərov bildirdi ki, həmin maddədə göstərilənlər dələduzluq cinayətinin bütün tərkib əlamətləri ilə məşğul olan şəxslərin əməllərində öz əksini tapır: "Həmin şəxslərin məqsədi vətəndaşları aldadaraq onların əmlaklarını və əmlakları olan hüquqlarını ələ keçirməkdir. Sadə vətəndaşlar onların dedikləri yalanlara inanaraq tələb etdikləri məbləği verirlər ki, guya hansısa bir möcüzə yaradacaqlar, həyatlarında yenilik olacaq, arzularına çatacaqlar və s. Vətəndaşların etibarından sui-istifadə etmək, onları aldatmaqla əmlaklarını ələ keçirmək cinayətdir".
Belə əməllərin qrup şəklində, təkrar, öz mövqeyindən istifadə etməklə, vətəndaşlara xeyli miqdarda ziyan vurmaqla və mütəşəkkil dəstə ilə törədildikdə qanunvericilikdə ağırlaşdırıcı hal kimi nəzərdə tutulduğunu deyən Hüquq üzrə fəlsəfə doktoru vurğulayıb ki, belə işlərlə məşğul olanlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2-ci maddəsi ilə 3 ildən 7 ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılır: "Eyni əməllər mütəşəkkil dəstə tərəfindən, külli miqdarda ziyan vurmaqla, hədə-qorxu ilə tələb etməklə, 2 dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırlır. Bu da ağır cinayətlər qrupunda təsnif olunur".
"Elmi əsasları olmadan insanın taleyi, həyatı, gələcəyi ilə bağlı xəbər vermək və bunu əminliklə demək xətadır və günah hesab olunur"
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, İslam Universitetinin dekanı Hacı Fuad Nurullah mövzuya dini cəhətdən yanaşmamıza yardımçı oldu. O, falçılığın İslamda haram əməl kimi qəbul olunduğunu bildirdi: "Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s) və Həzrəti Əlidən (ə.s) falçılığın qadağan olunması barədə hədislər mövcuddur. Ancaq elmi əsaslara söykənərək qabaqcadan nə baş verəcəyi haqda məlumat vermək istisnadır. Məsələn, hazırda elm inkişaf edib və məhz elmə söykənən qurğular vasitəsilə havanın durumu barədə ehtimallar irəli sürülür. Ola bilər ki, bu da deyilən kimi olmasın. Həkim elmi əsaslara söykənərək bir insanın xəstəliyinin əlamətlərindən qarşısı alınmasa, irəlidə böyük fəsad törədə biləcəyini deyə bilər. Əxlaqca zəif olan bir uşaq müəyyən düzgün olmayan hərəkətlər edəndə, dünya görmüş bir insan onu belə həyat tərzi ilə gələcəkdə bəla gözlədiyini deyə bilər. Bu, həyat təcrübəsindən insanların gəldikləri qənaətlərdir. Bunu qabaqcadan xəbər vermək ilə qarışdırmaq olmaz. Elmi əsasları olmadan insanın taleyi, həyatı, gələcəyi ilə bağlı xəbər vermək və bunu əminliklə demək xətadır və günah hesab olunur. Buna el arasında "şarlatanlıq"da deyirlər. Hədislərdə var ki, öncədən müəyyən məlumatları verənlər yalançılardır və onların yeri cəhənnəmdir".
Hacı Fuad Nurullah qeyd etdi ki, insanlar çətin vəziyyətdə qalanda maarifləndirmə işləri zəif olduğuna görə nə edəcəklərini bilmirlər və ümid hissi ilə özünü "falçı" kimi adlandıran şəxslərə müraciət edirlər: "İnsanların əli hər yerdən üzüləndə saman çöpünə də əl atırlar. Məsələn, kiminsə övladı xəstədir, problemi var, bilmir ki, nə etsin. Bir ümidlə, "bəlkə də çarə olar" deyərək, belə adamlara müraciət edirlər.
Elə "vasvası" insanlar da var ki, fikirləşirlər ki, onlara nə isə "cadu" ediblər. Şübhələnib, bunun arxasınca gedirlər. Dinimizdə şübhələrin dalınca getmək, "vasvası" olmaq günahdır. Bunun da kökündə maarifçiliyin zəif olmaması dayanır. İnsanları məlumatlandırmaq, maarifləndirmək lazımdır ki, onlar belə yalançılara aldanmasınlar. Əgər kiminsə problemləri və ya psixoloji baxımdan ruhi sarsıntısı varsa, bu sahələrin mütəxəssisləri, elm sahibləri var, onlara müraciət eləsinlər.
Gipnoz, sehr elmi və məktəbləri var. Məsələn, sirkdə gipnoz mütəxəssisləri bunu göstərirlər. Dünyada belə bir təcrübə var, amma insanlar arasında bunu tanıtdırmaq və istifadə etmək qadağandır".
Hər üç yanaşmada "falçılıq", "baxıcılıq" kimi işlərlərə məşğul olanların insanları aldatdıqları, onlara maddi və mənəvi zərər vurduqları, cinayət törətdikləri, günah və haram işlərlə məşğul olduqları ortaya çıxır. Əgər insanlar belə əməllərlə məşğul olanlara müraciət etməsələr, belə insanlar da azalar və tədricən yox olar. Bunun üçün isə mütləq maarifləndirmə işləri genişləndirilməlidir.
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə