Şəbəkə Marketinqinin dünyada böyük uğurla fəaliyyət göstərdiyindən xəbərimiz olduğuna görə biz də belə qərara gəldik ki, şəbəkə marketinqi olan Q.NET-in Azərbaycanda fəaliyyət göstərən təşkilatına üzv olub, maliyyə vəziyyətimizi yaxşılaşdıraq. Amma inana bilməzdik ki, bu təşkilatın Azərbaycanda olan rəhbərləri dələduz, fırıldaqçı və yalançıdırlar. Bunu yalnız başımıza gətirilən hadisələrdən sonra başa düşmüşük.
Bu sətirlər redaksiyamıza daxil olan və altında yüzlərlə insanın imzası olan şikayət məktubundandır.
Q.NET haqqında əsl həqiqətlər
Şikayət məktubundan sonra biz əvvəlcə Q.NET şirkəti haqqında informasiya toplamağa başladıq. İnternet resurslarından əldə etdiyimiz məlumatlara görə, dünyanın ən böyük piramida şəbəkəsi hesab olunan (şirkət rəsmiləri fəaliyyətlərini onlayn alış-veriş və biznes icması kimi qələmə verirlər) şirkət 1998-ci ildən fəaliyyət göstərir. Azad ticarət zonası olan Honq-Konqda yaradılan və hazırda mərkəzi ofisi Malayziyada yerləşən şirkət ilk dövrlərdə "QoldQuest", "QoldNet" adı ilə fəaliyyət göstərən bu şəbəkə son illərdə "QuestNet Ltd." adı ilə tanınıb. 2010-cu ildən isə adı Q. NET olaraq dəyişdirilib.
2007-2008-ci illərdə Azərbaycanda qanunsuz fəaliyyət göstərib. 2009-cu ilin fevralında DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən şirkətin Bakıdakı nümayəndələri və "liderlər" adlandırılan bir qrup əməkdaşı həbs edilərək istintaqa cəlb olunub.
2000-ci ildən indiyədək "QuestNet Ltd" şirkətinin fəaliyyəti müxtəlif ölkələrdə qadağan olunub. Şirkətin rəhbərlərindən sayılan Vijay Esvaran, Dato Kuna, Patman və başqaları barəsində "İnterpol" vasitəsilə axtarış elan edilib.
Maraqlıdır ki, şirkətin Avropa ölkələrinin heç birində nümayəndəliyi fəaliyyət göstərmir. Əsas fəaliyyət istiqamətləri Afrika və Orta Asiya ölkələridir. İslam ölkələrinin demək olar ki, hamısında bu şirkətin fəaliyyəti qadağan olunub. Türkiyədə 2011-ci ildə isə "QuestNet" İnternational Limited firması barədə cinayət işi qaldırılıb. Təqribən 20 min insanın hər birindən müəyyən məbləğdə pul alan şirkətin üst-üstə 15 milyon dollara qədər pulu mənimsədiyi bəlli olub. İnsanlardan 570 dollarla 2500 dollar arasında pul alındığı açıqlanıb.
Türkiyədə aparılan araşdırmalar zamanı bəlli olub ki, piramida sistemi ilə qurulan şəbəkə biznesində üzvlərin 83 faizi uduzur, yalnız 17 faiz qazanır.
İranda isə 600 min insan Q.NET-in "qurbanına" çevrilib. 7 il əvvəl İranda bu növ məşğuliyyət haram sayılaraq fəaliyyəti qadağan edilən şirkətin "liderləri" şəbəkəni oradan Azərbaycana keçiriblər. Hazırda Azərbaycanda Şəbəkənin başında duran şəxslər də İran vətəndaşlarıdır.
Hər şey şirin vədlərdən başlayır
Hər şey şirin vədlərdən başlayır. Sizi "əla fürsət, yaxşı iş təklifi" adı altında ofisə dəvət edirlər. Ofisdə sizi gülərüz personal qarşılayır və səliqəli bir otağa aparır. Burada sizi şirkətə qoşmaq istəyən və sizə pul qazanmağın yollarından danışan bəy və ya xanım əvvəlcə sual verir ki, milyoner olmaq istəyirsinizmi. Təbii ki, buna "yox" deyən çətin tapılar. Sizdən "bəli" cavabını alandan sonra şəbəkə biznesinin uğurlarından ağız dolusu danışır. İsanda belə bir fikir formalaşdırırlar ki, bu işdə uduzmaq mümkünsüzdür. Hətta sizə bu yolla dünyada zəngin olan, lüks maşınlara, evlərə sahib əcnəbi isimlərin hekayələrini danışırlar. Bunun da ardından sistemə üzv ola bilməniz üçün sizdən şirkətə məxsus hansısa zinət əşyası, yaxud sağlamlıq üçün lazım olan məhsul, ya da hansısa ölkədə istirahət etmək üçün səyahət xidmətini sifariş verməniz tələb edilir. Özü də qızıl məmulatlarının çox məhdud sayda istehsal edildiyini və sizə çox ucuz qiymətə başa gəldiyi deyilir. Yalnız bu məhsulları pul verib aldıqdan sonra şirkətə üzv ola bilirsiniz. Sonra siz də şirkətə 2 nəfər dəvət edirsiniz, onlar da şirkətdən hər hansı bir məhsul alırlar. Yəni, 2 min manat verib 1 qızıl zinət əşyası alırsınız, sonra dəvət etdiyiniz 2 nəfər də məhsul alır. Beləliklə, 2 nəfərdən 250 manat əldə edirsiniz. Sonra həmin 2 nəfər də iki nəfəri bu şirkətə dəvət edir, onlar da məhsul alır və yenidən siz 250 manat qazanırsınız. Beləcə, sizə şirkətə daha çox adam cəlb etməklə daha çox qazanacağınız vədi verilir. Təbii ki, siz də bu şirin vədlərə aldanaraq şəbəkə biznesinə qoşulursunuz. Düşünürsünüz ki, tanışlarınız çox olduğuna görə sizə adam yığmaq üçün 1 ay kifayətdir. Beləcə, sizə pul qazanmağın yollarını izah edən istədiyinə nail olur.
Mövzunu şikayət məktubundan davam etdirək
Belə ki, bizi bu təşkilata üzv etdirən vaxtı demə bizdən alınan pullara məhsullar sifariş verilmirmiş, həmin pullar bir qrup dələduzlar və fırıldaqçılar tərəfindən mənimsənilirmiş. Əsasən də bir ballıq və üç ballıq məhsul sifariş verdiyimiz səyahət paketləri. Bir ballıq səyahət paketinin qiyməti 500-650 manat, üç ballıq səyahət paketlərinin qiymətləri 1350 manatdan başlayaraq 1780 manata qədərdir. Bu dələduzlar bizdən aldıqları puldan yalnız 30 dollara TS kodu açırmışlar (Yəni şirkətə, şəbəkə üzvlüyünüz rəsmi olaraq təsdiqlənir. TS kodu şirkətin sizə verdiyi internet mağazanın açarı hesab olunur) və qalan pulları isə mənimsəyirmişlər. Adamları isə aldadırmışlar ki, sizin sifariş verdiyiniz səyahət paketləri şəbəkənizdə olan mağazalarımızda yerləşdirilib və bu səyahət paketinin xidmətindən bir il ərzində istifadə edilməlidir, yol xərcləri də sifarişçinin üzərinə düşür. Tailanda, Filippinə, Malayziyaya, Sinqapura və başqa uzaq ölkələrə olan həmin səyahət paketlərinin yol xərcləri də öz qiymətindən iki-üç dəfə baha olduğundan, əlbəttə, həmin yerlərə getmək müşkül məsələdir.
Kompüterdən başı çıxmayan və virtual mağazaların kodlarının necə açıldığını belə bilməyən yüzlərlə insanlar da bu fırıldaqçıların yalanlarına inanırmışlar. Bir il də vaxt keçəndən sonra artıq həmin səyahət paketlərinin vaxtının qurtardığı onlara çox ustalıqla, yalan arqumentlər gətirilməklə bildirilirdi. Bundan sonra insanları artıq heç səyahət paketinin taleyi ilə də maraqlandırmırdı, yəni onun heç sifariş verilmədiyini və pulunun mənimsənildiyini də bilmirdilər. Ona görə də insanları daha çox səyahət paketləri sifariş etməyə yönəldirmişlər. Çünki, səyahət paketlərinin pulunu mənimsəmək daha asandır.
Bu dələduzlar və fırıldaqçılar var qüvvələri ilə adamları inandırmağa çalışırdılar ki, məhsul boş şeydir. Siz bura məhsula görə yox, pul qazanmağa gəlibsiniz. Məhsulu yaddan çıxarın. Məhsul tələb edən insanları isə min cürə fırıldaqla, mənfi enerji verməklə, yəni bu işdə uğur qazana bilməyəcəklərini onlara inandırmaqla ofisdən uzaqlaşdırırdılar. Çünki yeni gələn adamlara, yəni bu dələduzların toruna yeni düşən insanlara neqativ verməsinlər.
Altı ildən çox Azərbaycanda fəaliyyət göstərən Q.NET təşkilatında demə həmin dələduzlar və fırıldaqçılar yüzlərlə adamları beləcə aldadıb, pullarmı mənimsəyiblər. İşlərinin alınmadığını və bu təşkilatda pul qazanmaq çətin olduğunu, eləcə də əksər insanların büdcəsində 500-1780 manat pulun olmadığını görən və şəbəkə rəhbərləri tərəfindən həvəsdən salınan, təhqir olunan insanların çoxu da bu işdən bezib, məcbur olub Q. NET-dən çıxıb gedib. Bu da məqsədyönlü edilib ki, həmin insanlar pullarının mənimsənildiyini, oğurlandığını bilməsinlər. Hətta vəziyyət o yerə çatıb ki, qızıl və zinət əşyaları sifariş verən insanların da bir hissəsinin məhsulları sahiblərinə verilməyib və bu əşyalar da həmin dələduzlar tərəfindən mənimsənilib.
Beləcə, bu dələduzlara və onların fırıldaqlarına inandığına görə, Q.NET-ə öz yaxın adamlarını gətirən insanlar arasında böyük narazıçılıq və bir-birinə qarşı inamsızlıq yaranıb. Beləliklə də, Q.NET təşkilatı Azərbaycanda minlərlə insanlar arasında bir-birinə qarşı böyük kin-küdurət və nifrət yaradıb. Axı bura gələn insanlar böyük ümidlə və pul qazanmaq istəyi ilə gəliblər. Haradan bilsinlər ki, Azərbaycanda bu təşkilata rəhbərlik edənlər dələduz və fırıldaqçı adamlardır. Bu təşkilatın başında dayanan ən böyük dələduz və fırıldaqçılardan biri Furqan Babayev, onun qulbeçəsi Ceyhun, bizim pulları mənimsəyənlər isə Elçin Bayramov və onun qulbeçəsi Emin Əhmədovdur.
Ən dəhşətlisi isə budur ki, onlar bu şəbəkəyə gələn adamlara inandırırdılar ki, Q.NET-ə üzv olanlar azad sahibkar kimi dövlət büdcəsinə vergi verməlidirlər. Bakı şəhərində qeydiyyatda olanlar hər rüb qazancının 4 faizini və rayon qeydiyyatında olanlar isə qazancının 2 faizini vergi verməlidirlər. İndi isə bizə məlum olub ki, bu fırıldaqçılar Q. NET-dən böyük miqdarda pul qazansalar da, bu 6 ildə dövlətə bir manat da vergi verməyiblər.
Bu təşkilatın Azərbaycanda rəsmi nümayəndəliyi olmadığına görə, biz şikayətimizi kimə deyəcəyimizi bilmirik. Hətta bu təşkilata gələn məhsulların hansı anbara yığıldığından da heç kimin xəbəri yoxdur. Bu təşkilatda böyük xaos hökm sürdüyündən, heç kimin heç bir cavabdehlik daşımamasından çox adamların sifariş verdiyi məhsullar ünvanına çatmayıb. Bu da böyük narazıçılıqlar yaradır. Məhsullarını tələb edənlər isə onlar tərəfindən tənə ilə qarşılanırlar.
Ən acınacaqlısı isə budur ki, Elçin və Emin kimi ayn-ayrı qrup rəhbərləri Furqan və Ceyhun kimi dələduzları bütləşdirib, onlar haqqında rəvayətlər uydurub, onları adamların gözündə böyütməklə müqəddəsləşdirməyə çalışıblar. Axın isə bu şəbəkədə olan insanlar üçün acı sonluqla nəticələnib...
Maddi və mənəvi ziyana uğrayan insanların tələbi
Q.NET-in "toruna" ilişib, maddi və mənəvi ziyana uğrayan insanların (Ağalar Mehdiyev, Pikə İsmayılova, Reyhan İbadova, Mətanət Ramazanova, Zəki Əsgərov, Mərdan Camalov, Azər Xanverdiyev, İradə İsmayılova, Elvin Əhmədov, Sovqat Musayeva, Xəyyam Aliyev, həmçinin redaksiyamıza göndərilən məktubda imzası olan yüzdən çox insan, umilikdə Q.NET-in qurbanına çevrilən minlərlə azərbaycanlı) tələbi isə bundan ibarətdir ki, haqları müdafiə olunsun, Furqan Babayev, Ceyhun..., Elçin Bayramov və Emin Əhmədov tərəfindən mənimsənilən, yüz min manata yaxın pul geri qaytarılsın. Bu dələduzlar layiqli formada cəzalandırılsın.
Azərbaycanlılara böyük maddi və mənəvi ziyan vuran, insanlarımız arasında bir-birinə qarşı böyük kin, küdurət, narazıçılıq yaradan Q.NET təşkilalı isə Azərbaycanda bağlanılsın.
Adı var, özü yox
Qarşı tərəfin fikirlərini öyrənmək istəsək də cəhdlərimiz nəticəsiz qaldı. Şirkətin rəsmi internet səhifəsində Azərbaycan nümayəndəliyinin yerləşdiyi ünvanda (18/7 Mətbuat prospekti, Bakı şəhəri, Tel: +994 12 439 50 82) nə şirkəti tapa, nə də qeyd olunan telefon nömrəsindən əlaqə yarada bilmədik.
Bütün xəbərlər Facebook səhifəmizdə