"Rəqabətli qiymətlər turizmi inkişaf etdirir" - TURİZM EKSPERTİ

"Rəqabətli qiymətlər turizmi inkişaf etdirir"  - TURİZM EKSPERTİ

"Ölkədə son dövrlərdə daxili turizmə marağın artması müşahidə olunur".

Bu fikirləri SİA-ya açıqlamasında turizm eksperti Cabir Dövlətzadə qeyd edib.

Onun sözlərinə görə, turizm sektorunda müşahidə olunan canlanma bir sıra yeni xidmətlərin və təşkilati yeniliklərin tətbiqi ilə bağlıdır: "Artımın əsas səbəblərindən biri artıq daha keyfiyyətli transfer və nəqliyyat xidmətlərinin göstərilməsidir. Eyni zamanda tur rəhbərlərinin təyin olunması da bölgələrə təşkil edilən səfərlərin daha sistemli və rahat şəkildə həyata keçirilməsinə şərait yaradır. Hazırda bölgələrə edilən səfərlərdə günlük turlar daha çox üstünlük təşkil edir. Belə ki, turistlər səhər tezdən yola düşüb axşam geri qayıdırlar və ya bəzi hallarda 2 günlük turlar seçilir, 1 gecə oteldə qalmaq və 2-ci gün axşam geri dönmək.

Ölkəmizin təbii və turistik baxımdan zəngin guşələri mövcuddur. Yay mövsümünün başlaması ilə insanlar, xüsusilə ailələr, ölkə daxilində səyahət etməyə daha çox üstünlük verirlər. Büdcəsi daha məhdud olan şəxslər daxili turizmi seçir, maddi imkanları daha yüksək olanlar isə xarici səyahətlərə üstünlük verirlər.

Əgər ölkə daxilində rəqabətə dayanıqlı qiymət siyasəti tətbiq olunarsa, daxili turizmə marağın daha da artacağı gözlənilir. Bu istiqamətdə onlayn platformaların rolu da mühüm əhəmiyyət daşıyır. Bir çox otellər əvvəlcədən endirimli qiymətlər təklif edir və istifadəçilər bu təklifləri onlayn platformalarda görərək rahat şəkildə rezervasiya edə bilirlər.

Bu tendensiyanın inkişaf etdirilməsi gələcək perspektivdə müsbət nəticələr verə bilər. Çünki hazırda insanlar axtarışlarını daha çox Instagram, Telegram və digər sosial şəbəkələr vasitəsilə apararaq seçimlərini formalaşdırırlar".

Mütəxəssis həmçinin qeyd edib ki, daxili turizmin inkişafı üçün rəqabət mühitinin gücləndirilməsi və xidmət keyfiyyətinin davamlı şəkildə artırılması mühüm rol oynayır. Onun fikrincə, bu istiqamətdə atılacaq addımlar gələcək illərdə ölkədaxili səyahətlərin daha da genişlənməsinə şərait yaradacaq".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə