Və ya möhtəşəm görüş

Bilmirəm niyə, amma Qırğızıstan həmişə mənim üçün doğma və yaxın ölkələrdən biri olub. Uşaqlıqdan sevmişəm bu ölkəni. Bəlkə də eyni soykökdən olmağımız, ulu keçmişimiz, böyük Gök Türk anlamıdı bizləri bu qədər yaxınlaşdıran. Bilmirəm. Amma bu sevginin bir həqiqətini də zaman keçdikcə anlamağa başladım: Çingiz Aytmatov həqiqətini. Bəli, illər sonra dərk etdim ki, mənə lap uşaqlıqdan bu ölkəni sevdirən "Cəmilə", "Əlvida, Gülsara", "Ağ gəmi"... olub. Bu əsərlərlə geniş qırğız çöllərini qarış-qarış gəzmiş, cırcıramaların cırıltısını dinləmiş, aullarında olmuş,Tanrı dağından İssık-Kulu seyr etmiş, sonra da 7-8 yaşlı balaca qıyıqgöz oğlana qoşulub çay boyu üzü yuxarı üzmüşəm...

Bu sevgi zaman-zaman içimdə boy atıb, böyüyüb. Min ildən artıq yol gələn xalqın möhtəşəm abidəsi olan "Manas"la tanışlıq bu sevgini bir az da artırdı. Çox hörmət etdiyim dəyərli alimimiz, professor, Millət vəkili Nizami Cəfərovun dediyi kimi: "Qırğızları (və Qırğızıstanı) düzgün dəyərləndirmək üçün onu hiss etmək gərəkdir... "Manas"dakı kimi, Çingiz Aytmatovdakı kimi!".

Gözəl sözlərdir. Düşündürücüdür. Çox sonradan yetkin yaşımda Qırğızıstana və Çingiz Ağaya olan məhəbbətimi dərinləşdirən bir insan da olub. Bu Qırğızıstanda Azərbaycanı ləyaqətlə təmsil edən qeyrətli eloğlumuz, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Prezidenti Nüsrət Məmmədovdur. Onunla Bakıda tanış olduq.

Tarixin saatı 2008-ci iln üstündədir.Həmin il Çingiz Aytmatov ili elan olunmuşdu. Həmin ilin fevral ayıydı, böyük yazıçının Bakıya gəlişi gözlənilirdi.Bakıya dəvətli idi Aytmatov. Öyrəndim ki, bu gəlişin əsas səsəbkarı Qırğızıstanda fəaliyyət göstərən TDSDFnin rəhbəri Nüsrət Məmmədovdur. Onunla yaxından tanış olmaq keçdi könlümdən.

Bakıda Atatürk Mərkəzində Çingiz Aytmatovla möhtəşəm bir görüş keçirildi. Mən televiziya əməkdaşı və bir yazıçı-jurnalist kimi ordaydım. Bu görüş barədə ətraflı yazdığım üçün o məqamları bir də təkrarlamaq istəmirəm. Sadəcə onu qeyd etmək istəyirəm ki, bu görüş mənimçün inanmayacağım bir səadət oldu, çünki uşaqlıqdan sevdiyim böyük yazıçı ilə üzbəüz görüşüb əlini sıxmaq mənə nəsib oldu... O anları həmişə fərəhlə xatırlayıram.

Çingiz Ağanın yanında dayanmış, ona çox yaxın olan bir insanı da gördüm. Dedilər, bu Nüsrət Məmmədovdur. Çox keçmədi ki, onunla da məni tanış etdilər. Və ona söylədim ki, siz çox böyük işlər görürsüz, məlumatımız var.

Əslində, onun haqqında kiçik arşdırma aparmışdım, bilirdim ki, 30 ildən çoxdur ki, Qırğızıstanda yaşayır. Onun və ailəsinin hələ sovet dövründən Qırğızıstanda yaşaması mənə maraqlı gəldi. Axı o gözəl Şəki torpağında böyüyüb boya-başa çatmışdı, o torpağın suyunu içib, havasını udmuşdu. Amma sonra bildim ki, heç demə, hələ XIX əsrin əvvəllərində, daha dəqiq desək, 1813-cü ildə Azərbaycan bölünəndən-Çar Rusiyası ilə Gülüstan müqaviləsi bağlananda Nüsrətin ulu babaları çar Rusiyasını tanımayıblar və buna görə də sonradan başları çox bəlalar çəkib. 1920-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra hakimiyyətə gələn Şura hökumətini də qəbul etməyiblər. Nüsrət Məmmədovun babaları 1930-cu ildə Şəkidə kommunistlərə qarşı üsyanın təşkilatçılarıdır. Tarixdə buna Göynük üsyanı deyirlər. Heç şübhəsiz ki, bu nəslin nümayəndələri hər zaman KQB-nin nəzarəti altında idilər. Və odur ki, məxfi göstərişə əsasən bu nəslin nümayəndələrini heç bir rəhbər vəzifəyə yaxın buraxmırdılar. Ta o vaxta qədər ki, Azərbaycan müstəqil oldu və ulu öndərimiz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldi, məxfi göstəriş qüvvədən düşdü. Yalnız bundan sonra bu nəslin nümayəndələri dövlət vəzifələrinə yaxın buraxıldılar. Düzü, mən bunu öyrəndikdən sonra Nüsrət müəllimə və onun babalarına hörmətim daha da artdı.

Nüsrət Məmmədov TDSDF-nin rəhbəri, eyni zamanda diaspora nümayəndəsi kimi Qırğızıstanda bir çox işlər görür. Bişkekdə ölkəmizlə bağlı onlarca bədii, elm, siyasi kitablar, məqalələr çap olunub, Beynəlxalq konfgranslar, toplantılar, müzakirələr keçirilib. Şübhəsiz ki, bu işdə Nüsrət müəllimə yardımçı olan fondun digər üzvlərinin və Qırığızstamdakı Azərbaycan icmalarınln rəhbərlərinin adlarını çəkməmək günah olardı. Osman Səfərov, Etibar Qasımov, Qiyas Xəılilov, Çingiz Ələsgərov, Mürafəddin Şakimov, Cəbi Rəsulov, Mirzəli Rzayev, Ziyəddin Hüseynov və başqaları Nüsrət müəllimə dəstək olmaqla, Azərbaycan naminə çox işlər görüblər. Məhz onların gördüyü işlər sayəsində Qırğızıstanda Azərbaycan haqqında təsəvvürlər daha da genişlənir, ədəbiyyatımız, incəsənətimiz təbliğ olunur, uğurlu və ardıcıl siyasətimiz o bölgənin adamlarına kitablarla, görüşlərlə çatdırılır. Onlar, başda Nüsrət Məmmədov olmaqla, gördüyü işlərlə Azərbaycan həqiqətlərini çatdırırlar xaricdə yaşayan insanlara, onların təsəvvürlərini daha da genişləndirirlər. Heç şübhəsiz ki, bu böyük bir zəhmətin, təşkilatçılığın, yuxusuz gecələrin nəticəsidir..

İndiyədək Azərbaycan tarixi mədəniyyəti, Ermənistan-Azıərbaycan, Dağlq Qarabağ münaqişəsi ilə əlaqədar qırğız, rus və ingilis dillərində 50-yə yaxın kitab və kitabçalar dərc olunub. Ən maraqlı bir məqam diqqətimi çəkdi; fondun nəşr etdirdiyi bütün kitabar insanlara pulsuz paylanır. Budur, əsl vətənpərvərlik, doğma vətənə ürəkdən, candan yanmaq! Və heç şübhəsiz ki, Nüsrət müəllim bu hərəkəti ilə Azərbaycan gerçəkliklərindən uzaq olan bəzi insanlara əsl həqiqəti sübut edir. Onun öz işinə necə can yandırdığının dəfələrlə şahidi olmuşam. Əslində, hər şey göz qabağındadır. Elə bu yaxınlarda rejissor Vahid Mustafayevin çəkdiyi "Xoca" filminin Qırğızıstanda nümayiş olunduğunu və böyük əks-səda doğurduğunu xatırlayaq. Bu filmin Qırğız tamaşaçılaraına təqdim olunmçasında Nüsrət müəllimin xidməti danlmazdır.

1992-ciiln soyuq fevral gecəsində erməni quldurlarının 366-cı Alayın üzvləri ilə Xocalı qəsəbəsinə soxularaq 600-ə qədər əliyalın əhalini-qocaları, uşaqları, qadınları vəhşicəsinə qətlə yetirərək, nə qədər insanları əsir götürdülər. Dünya belə qətliam görməmişdi. Həmin gün Tarix özünün ən ağrılı günlərini yaşayırdı... Və belə bir soyqırım haqqında film çəkib onu dünya arenasına təqdim etmək düşünürəm ki, Vahid müəllimin böyük uğurudur. O bununla rəhmətlik qardaşı-Milli Qəhrəman Çingiz Mustafayevin ruhunu şad etmiş oldu. Bu həmin Çingiz Mustafayevdir ki, Xocalı hadisəsinin sabahı günü qorxmadan hər tərəfi düşmənlə əhatə olunmuş Xocalıya getdi, öz kamerası ilə ağalaya-ağlaya o görüntüləri çəkdi və onu dünya miqyasına çıxarmağı bacardı. Öz qeyrəti, böyük qəhrəmanlığı ilə. Allah rəhmət eyləsin belə qəhrəmanlarımıza.

"Xoca" filmi bir sıra təşkilatların, o cümlədən TDSDF-nun sifarişi ilə qırğız dilinə tərcümə olunaraq dublyaj edildi. Dublyajın rejissoru Qırğızıstanın Əməkdar artisti Murat Mambetov, filmi qırğız dilində səsləndirən bu ölkənin Əməkdar artistləri Nazım Mendebairov və Şair Kasımaliyevadır. Mən şəxsən şahidiyəm ki, Nüsrət müəllim bu filmin Qırğızıstanda nümayiş olunması üçün necə can yandırır, səy göstərirdi. Elə onun təşkilatçılığı ilə də fevralın 11-12-də filmin Bişkekdə təqdimatı keçirildi və tamaşaçıların böyük marağına səbəb oldu. Məhz bu film vasitəsi ilə qğrğız tamaşaçısı Xocalıda baş verən dəhşətli qətliamın, Qarabağ müharibəsində cəllad ermənilərin xalqımızın başına gətirdikləri müsibətin bir daha şahidi oldular. "Xoca" filminə baxrkən Çingiz Aytmatovun bacısı Roza xanımın necə ağlamasını, başqa gənc bir qızın göz yaşları içində müsahibə verdiyini gördükdə, düşündüm ki, doğrudan da "Xoca" filmi Xocalı həqiqətlərini çatdıra bilib tamaşaçıya. Bu, çox böyük uğurdur! Filmi çəkənlərə, o filmi dublayaj edənlərə, o cümlədən Nüsrət Məmmədova böyük təşəkkürlər düşür. Xalqın təşəkkürü.

Nüsrət müəllim haqqında çox yazıblar, əməyinə, gördüyü işlərə dəyər veriblər. Bu yaxınlarda AzərTac-ın bir məlumatını oxudum. Qırğızıstanın "Kabar"milli informasiya saytında akademik Abdildajan Akmataliyevin bir məqaləsi dərc olunub. Akademik yazır ki, "mənim bu məqaləm Xalq yazıçısı Çingiz Aytmatov və Türkdilli dövlətlərin Siyasətinə Dəstək Fondunun(TDSDF) sədri Nüsrət Məmmədov haqqında olacaqdır. Çingiz Aytmatov onu belə adlandırırdı: "Bizim dostumuz Nüsrət". Müəllif daha sonra yazır ki, 2008-ci ildə TDSDF-nin təşəbbüsü ilə dünya şöhrətli yazıçı Çingiz Aytmatov Azərbaycana səfər etmiş, Azərbaycan Prezidenti İlham Əliyev Çingiz Aytmatovu və Nüsrət Məmmədovu qəbul etmuş, böyük yazıçıya "Dostluq" ordeni təqdim olunmuşdur. Həmin ilin oktyabrında yenə də TDSDF-nin təşəbbüsü ilə SSRİ Xalq artisti, Dövlət Mükafatı laureatı Bolot Şəmşiyevin rəhbərliyi altında nümayəndə heyəti Bakıda olmuş, Prezident Adminstrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevlə görüşmüşlər

2008-ci il Aytmatov ili elan olunmuşdu. Mən Nüsrət müəllimlə elə o vaxtdan tanış oldum. Onun Çingiz ağaya qarşı böyük məhəbbətinin, hər yerdə ondan ürəkdolusu danışmağını görəndə düşündüm ki, qırğız xalqı bəlkə də xoşbəxt xalqdırki, onu bu cür sevən, təbliğ edən heyranları var

Sonradan eşitdim ki, mənim Auytmatov haqqında tərtib etdiyim kitabı qırğız dilinə çevirib. Çox sevindim. Çünki Atytmatov elə bir şəxsiyyətdir ki, onun haqqında söz deyə bilmək özü də böyük məsuliyyətdir və bu kitabın qırğız dilinə tərcümsi heç şübhəsiz ki, Nüsrət müəllimin böyük xidmətlərindən biridir.

Göründüyü kimi, Nüsrət müəllimin böyük zəhmətinə, gördüyü işlərə qırğız ziyalıları da böyük dəyər verirlər. Bəli, harada yaşamağından asılı olmayaraq hər bir insan ilk növbədə doğulduğu torpağın adını hər zaman uca tutmalı, onun milli dəyərlərinə sahib çıxmağı bacarmalıdır. Nüsrət Məmmədov kimi.

Bəli, TDSDF-nin təşəbbüsü ilə dəfələrlə Bişkekdə, Almatıda və başqa yerlərdə konfransalar, toplantılar təşkil olunub. Bu toplantılarda türk dünyasının tanınmış siyasi xadimləri, deputatlar, alimlər, jurnalistlər iştirak ediblər. Vaxtaşırı olaraq türk dünyasının tanınmış siyasi xadimləri Heydər Əliyev, Mustafa Kamal Atatürk, o cümlədən Azərbaycanın hazırkı Prezidenti cənab İlham Əliyev haqqında və başqaları haqqında məruzələr dinlənilib. Nüsrət müəllim həmçinin "Manas"ı Azərbaycan dilinə tərcümə edən, sonradan həmin əsərin tədqiqatını apararaq dəyərli bir elmi əsər ortaya qoyan görkəmli şair-alimiz Adil Cəmilin bu elmi işini TDSDF-nin sifarişi ilə qırğız dilinə çevirərək nəşr etdirdi. Sonra Bişkekdə TURKPA-nın sammitində, Qırğızıstan Prezidenti iqamətgahında kitabın təqdimatı keçirildi və böyük rezonansa səbəb oldu.

Çingiz Aytmatovu çoxları sevir. Amma Nüsrət müəllimin Aytmatova məhəbbəti o qədər böyükdür ki, professor, Millət vəkili Nizami Cəfərov bu barədə yazır: "Nüsrət bu işə o qədər aludə olub ki, bir adam onun yanında Qırğızıstanın, yaxud Çingiz Aytmatovun adını çəkə bilməz".

Mən Nüsrət müəllimin Çingiz ağaya qarşı böyük məhəbbətinin Atatürk Mərkəzində şahidi olmuşdum. O anlarda düşündüm ki, qırğız xalqı xoşbəxt xalqdır ki, onu bu cür sevən, təbliğ edən belə bir insan var

Azərbaycan Yazıçılar Birliyinin sədri höırmətli Anar müəllim də Çingiz Aytmatovu çox sevirdi. Yadımdadır ki, Aytmatov Bakıya gələndə onlar necə səmimi görüşür, söhbət edirdilər. Böyük yazıçının vəfatı xəbərinə də çox üzülmüşdü Anar müəllim. Vəfatından bir müddət sonra anar müəllim məni yanına çağırıb dedi:

- Çingiz Aytmatov haqqında kitab tərtib etmək lazımdır. Bu işi sənə həvalə edirəm. Onunla əlaqəsi olan kimlər olubsa, tap, hazırla.

Əlbəttə, bu böyük yazıçımızın mənə olan böyük etimadı idi. Demək o, mənə inanırdı. Bu etmad üçün Anar müəllimə öz dərin təşəkkürümü bildirdim. Anar müəllimin verdiyi bir sıra materiallarla bərabər kitabxanalar, arxivlərə müraciət etdim və bir neçə ay sonra "Mən Manasın oğluyam" adlı möhtəşəm kitab hazır oldu. Məşhur rəssam, Aytmatovun yaxın dostu olmuş Toğrul Nərimanbəyovuyn çəkdiyi gözəl şəkli kitabın üzqabığına çəkildi. Ön və son sözləri yazmaq mənə nəsib oldu.

Yadımdadır ki, 2009-cu ilin may ayında yenicə təmirdən çıxmış Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda kitabın böyük təqdimatı keçirildi. Həmin təqdimatda çox hörmətli insanlar-millət vəkilləri, alimlər, həmçinin Rusiya səfiri də iştirak edirdi. Müəyyən səbəblərə görə Qırğazıstandan nümayəndə yox idi. Əslində, bu məni çox üzdü. Çünki bu kitab Aytmatovun vəfatından sonra onun haqqında dünyada yazılmış ilk kitab idi. Sonradan eşitdim ki, kitab Qırğızıstanda böyük sevinclə qarşılanıb. Lap bu yaxınlarda isə şad bir xəbər aldım; Nüsrət Məmmədovun sədrlik etdiyi Fondun təşəbbüsü ilə "Mən Manasın oğluyam" kitabı qırğız dilinə çevirilib. Bir tərtibçi müəllif kimi, mənim üçün bundan böyük səadət olarmı? Çünki Çingiz Atytmatov elə bir şəxsiyyətdir ki, onun haqqında söz deyə bilmək özü də böyük məsuliyyətdir. Və bu kitabın qırğız dilinə tərcüməsi heç şübhəsiz ki, Nüsrət müəllimin böyük xidmətlərindən biridir. Ona öz dərin minnətdarlığımı bildirirəm.

Hərdən düşünürəm ki, vətənpərvərlik, torpağa məhəbbət gərək insanın qanında, canında ola. Və hər bir vətən övladı vətən naminə lap xırda da olsa bir iş görməlidir. Yaxşı ki, Nüsrət müəllim kimi belə qeyrətli ziyalılarımız, diaspora nümayəndələrimiz var. Mən həmişə demişəm və yazmışam ki, Azərbaycandan kənarda yaşayıb onun mənafeyini müdafiə edən xeyrinə iş görən insanlar, əslində, çox böyük insanlardır. Nüsrət müəllim kimi. Adil Cəmilin dediyi kimi: "Vətən sevgisiylə qaynayır qanı, qaldırı göylərə Azərrbaycanı!"

Doğrudan da, elədir. Bəlkə də bu onun alın yazısıdır ki, qismətinə qürbətdə yaşayıb xalqa xidmət etmək düşdü. Xalqa xidmətdən gözəl nə ola bilər ki? Böyük türk şairi Nazim Hikmətin bu məşhur misraları düşür yadıma:"Mən yanmasam, sən yanmasan, necə çıxar qaranlıqlar aydınlığa?"

Bəli, vətənpərvərlik gərək insanın, qanında, canında, genində ola. Heç kəsə məcburən demək olmaz ki, vətəni sev. Bütün dəyərlər insanın içindən qaynaqlanmalıdır. Və o insan xoşbəxtdir ki, yollara izi düşür. Düşünürəm ki, Nüsrət Məmmədov kimi vətənpərvər oğullarımız elə sağlığındaykən özlərinə abidə ucaldıblar: insanlıq abidəsi! Bu gün qardaş Qırğızıstanda yaşasa da, qəlbi, ürəyi hər zaman Azərbaycanla döyünən qeyrətli eloğlumuz. Tanrı belə soydaşlarımızı qorusun!

Südabə Sərvi

AYB-nin üzvü, yazıçı-publisist, Prezident mükafatçısı

Bütün xəbərlər Facebook səhifəmizdə