Növbəti iclasda nələr müzakirə olunacaq?

Milli Məclisin növbəti plenar iclası martın 5-də olacaq. Parlamentdən SİA-ya verilən məlumata görə, iclasın gündəliyinə 12 məsələ daxil edilib. Müzakirə olunacaq məsələlərin bir qismi bəzi qanunlara dəyişikliklər, yeni qanunların qəbulu, bir qismi də əsasnamələrin təsdiqidir.

Gündəliyə salınan məsələlər arasında "Uşaqların icbari dispanzerizasiyası haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi, Masallı rayonunun inzibati ərazisində qismən dəyişikliklər edilməsi ilə bağlı sənəd və "Pirallahı rayonu ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında" qanun layihəsi də var. Bununla yanaşı, "Məlumat azadlığı haqqında" qanuna dəyişikliklər də müzakirəyə çıxarılacaq. "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövləti icbari şəxsi sığortası haqqında" və "Yaşayış yeri və olduğu yer haqqında" qanunlarda da dəyişikliklər iclasda müzakirə olunacaq. Sonuncu qanuna uyğun olaraq bir neçə əsasnaməyə dəyişikliklərin də qəbulu gözlənilir.

Qeyd edək ki, "Miqrasiya orqanlarında qulluq keçmə haqqında" Əsasnamədə olan dəyişikliklər, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) illik məruzəsi və buna Milli Məclisin münasibəti də iclasda müzakirə olunacaq məsələlər arasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə