Böyük Vətən Müharibəsi veteranları haqqında film çəkilib-FOTOSESSİYA

Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən Böyük Vətən Müharibəsinin veteranları haqqında "Yaşayan tarix" sənədli filminin diskinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman nazirinin müvini İntiqam Babayev, Azərbaycan Veteranlar Şurasının sədri Əlövsət Baxışov, xarici ölkə səfirliklərinin nümayəndələri və Böyük Vətən Müharibəsinin veteranları iştirak edib.

Layihə çərçivəsində Bakı şəhəri də daxil olmaqla Azərbaycanın 50-dən çox bölgəsindən 443 veteran haqqında qısametrajlı videoçarxlar çəkilib və videoçarxların əsasında film hazırlanıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsilə başlayıb.

Layihə rəhbəri Lamiyyə Hüseynova hazırda 2600 azərbaycanlı veteranın yaşadığını qeyd edib və gələcəkdə də onların hər birinin haqqında qısametrajlı videoçarx çəkmək arzusunda olduğunu bildirib.

Azərbaycan Veteranlar Şurasının sədri Əlövsət Baxışov Böyük Vətən Müharibəsində iştirak edən veteranların şücaətindən danışıb: "Müharibədə 350 000-dən çox azərbaycanlı iştirak etmiş və çoxları Vətən yolunda canlarından keçmişdir. Təəssüf ki, bu gün aramızda olmayan çoxlu sayda adlı-sanlı veteranlarımız var. Biz onların hər birilə göstərdikləri şücaətlərə görə fəxr edirik".

Daha sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev hər bir sağlam əqidəli gəncin veteranlarla fəxr etdiyini bildirib. "Böyük Vətən Müharibəsinin veteranları öz tarixini yazıb. İndisə azərbaycanlı gənclərin bu veteranları ideal obraz kimi seçməsi və onların vətənpərvərlik yolunu davam etdirməsi vaxtıdır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq ideologiyası bu gün də gənclərimizin vətənpərvərlik hissini daha da qüvvətləndirir"-dəyə o əlavə edib.

Tədbir "Yaşayan tarix" filminin nümayişilə sona çatıb.


Nərmin

Bütün xəbərlər Facebook səhifəmizdə