“USTADNAMƏLƏR - milli dəyərlərimizin əlifbasını birgə oxuyaq”

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi öz Nizamnaməsinə uyğun olaraq mütəmadi şəkildə milli-mənəvi dəyərlərimizin, şifahi xalq ədəbiyyətı nümunələrimizin, unudulmaqda olan xalq sənəti nümunələrimizin araşdırılması və təbliği ilə bağlı müxtəlif layihələr reallaşdırmaqdadır. "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, belə layihələrdən növbəti biri "USTADNAMƏLƏR - milli dəyərlərimizin əlifbasını birgə oxuyaq" adlanır. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Azərbaycan xalqının şifahi xalq yaradıcılığı öz məzmun və forma xüsusiyyətləri ilə nə qədər qədimdə yaradılımasına baxmayaraq, bu gün müasir cəmiyyətimiz üçün də öz aktuallığını qoruyub saxlaya bilib. Öz unikallığı ilə seçilən Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinin bu gün dünyanın maddi-mənəvi irsi siyahısına daxil edilməsi və onun beynəlxalq təşkilatlar tərəfindən himayə olunması, dövlətimizin böyük qayğısı ilə gələcək nəsillər üçün qorunub saxlanması onun dəyərindən və əhəmiyyətindən xəbər verir. Ölkəmizdə aparılan dövlət siyasətinin vacib komponentlərindən olan milli irsə qayğı və bu gün Heydər Əliyev Fondunun simasında, Fondun rəhbəri YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsləri sayəsində milli mədəniyyət nümunələrimizə olan ehtiram və diqqətin göstəricisidir.

Bu gün qloballaşan dünyada dünya vətəndaşı olmaq istəyi, milli deqradasiya prosesi ilə təqribən eyni addımlayır. Bir çox dünya ölkələrində biz bunun şahidi olmaqdayıq. Lakin öz milli köklərinə daha sıx bağlı olmaqla da öz inkişafının ən yüksək zirvəsinə qalxan ölkələr də az deyildir. Bu mənada bu gün bizim milli dəyərlərimizə daha dərindən sahiblənməyimiz gənc nəslin düzgün tərbiyə alması ilə yanaşı, dövlətimizin gələcəyinin etibarlılığının təminatıdır.

Biz şifahi xalq ədəbiyyatı və aşıq ədəbiyyatı nümunələrimizə diqqətlə baxsaq, onlarda bu gün Azərbaycan cəmiyyətinə, xüsusən də gənc nəslə hava və su kimi lazım olan çox hikmətlərin olduğunu görərik. "Gənclərimizi milli-vətənpərvərlik ruhunda tərbiyə etməliyik", - deyən Prezident İlham Əliyev həm xalqımızın firavanlığını, həm müstəqilliyimizin əbədiliyini, həm də ölkəmizin potensial təhlükəsizliyini məh milli ruhda aparılan tərbiyədə görür.

Bu gün gənc nəslin milli ruhda tərbiyəsi baxımından, aşıq ədəbiyyatının ən gözəl nümunələrindən olan ustadnamələrin daha geniş şəkildə təbliğini və tanıtımını vacib hesab edirik. Layihə hazırlanarkən Milli Elmlər Akademiyasının Folklor instutunda apardığımız məsləhətləşmələr də bunu deməyə əsas verir.

Xalqımızın milli düşüncəsinə əsaslanan, əsasən əxlaqi, tərbiyəvi məzmunda olan, milli mentalitetimizi qoruyub saxlamağa səslənən ustadnamələr cəmiyyətimizdə olan insan münasibətlərinin daha düzgün formada qurulmasına böyük təsir göstərə bilər.

Hazırda Qloballaşan dünyada insan-insan münasibətlərinin və insan-cəmiyyət münasibətlərinin, gənclərin əxlaq kodeksinin düzgün istiqamətdə və soy-kökümüzə bağlı şəkildə inkişaf etdirilməsinin bir yolu da milli mənəvi dəyərlərimizi yaşatmaqdan, onları təbliğ etməkdən və gənc nəslə aşılamaqdan keçir. Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək "cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır". Məhz Ulu öndərin bu sahədəki əsas ideyası gənclərimizə milli-mənəvi dəyərlərimizlə yoğrulmuş, müasir biliklərə əsaslanan və onlara milli kimliyimizi tanıtdıra biləcək bir tərbiyənin verilməsindən ibarət olmuşdur.

Ulu babalarımızdan bizlərə əmanət qalan maddi və mənəvi mədəniyyət nümunələrimizin qorunması, onların araşdırılması və gənc nəslə bu istiqamətdə biliklərin verilməsi bu gün Azərbaycan dövlətinin də əsas məqsədidir.

Bu məqsəd naminə gənc nəslin təlim-tərbiyəsində milli dəyərlərimizdən və mill dəyərlərimizin əlifbası olan ustadnamələrimizdən istifadənin vacibliyini nəzərə alaraq onların təbliği və gənc nəslə çatdırılması bu layihənin əsasını təşkil edir.

Layihə müddətində müxtəlif müəlliflərin ayrı-ayrı mənbələrdən toplanan ustadnamələri nəfis tərtibatda kitab halında çap ediləcək. Kitab çap olunduqdan sonra hazırda yaşayıb yaradan Azərbaycan aşıqlarının iştirakı ilə konsert təşkil ediləcək və çap edilmiş kitablar bu konsertdə ictimaiyyətə paylanacaqdır.

Layihənin iyul ayında yekunlaşdırılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...