BDU-da Milli Qurtuluş Günü qeyd edilib

Bu gün Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, 19 il bundan əvvəl xalqımız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışına nail ola bildi, o, isə öz növbəsində Azərbaycan xalqını düşdüyü bəlalardan, rastlaşdığı problemlərdən qurtardı və xalqımızın Qurtuluş yolunu müəyyənləşdirdi. Dağlıq Qarabağ problemindən də danışan rektor bildirib ki, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi kurs xalqımızı çox uzaq olmayan gələcəkdə bu problemdən də qurtaracaq: "Və biz Qurtuluş Gününü daha böyük sevinc və fərəhlə qeyd edəcəyik. Tarix göstərir ki, bütün böyük problemlərin həlli qısa zaman kəsiyində baş vermir. Onun həlli üçün bütün xalq mütəşəkkil formada mübarizə aparmalıdır. Bu baxımdan Dağlıq Qarabağ probleminin həlli istiqamətində ölkə başçısının apardığı məqsədyönlü və ardıcıl siyasəti yerlərdə hər bir azərbaycanlı daxili problemi hiss etməli və onun həlli üçün çalışmalıdır. Güman edirəm ki, bu gün BDU-nun təşəbbüsü ilə Fransada çap olunub ərsəyə gələn və fransız dilində dünya ictimaiyyətinə təqdim olunan Holland mənşəli hərbi müxbir Çarlz Van der Leunun "Dağlıq Qarabağ: dünyanın unutduğu müharibə" kitabı bu istiqamətdə atılmış addımlardan biridir".


Azərbaycan tarixi haqqında qədim və müasir alimlərin əsərlərini diqqətlə araşdıran, yalnız azərbaycanlı və erməni müəlliflərinin deyil, həm də Avropalı tarixçilərin əsərlərini oxuyan Çarlz Van der Leu Azərbaycanda olduğu illər ərzində müxtəlif adamlardan götürdüyü müsahibələri, çəkdiyi şəkilləri, cəbhə xəttində görüşdüyü insanları, şahidi olduğu hadisələri ümumiləşdirərək bu kitabı yazmaq qərarına gəlib.


Rektor Abel Məhərrəmov həmçinin alman alimi Heiko Krügerin "Dağlıq Qarabağ konflikti - hüquqi araşdırmalar" kitabı haqqında da danışıb. Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da Qurtuluş günündən, təqdim olunan kitabların əhəmiyyətindən danışıb xalqımızı bu əziz gün münasibətilə təbrik edib. Akademik Vasim Məmmədəliyev, millət vəkili Musa Qasımlı da Qurtuluş günü və kitablarla bağlı fikirlərini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...