Kağız tullantılar təkrar emal olunacaq

Kağız gündəlik həyatımızda ən çox istifadə olunan əmtəə məhsullarından biridir. Statistikaya əsasən, 1 ton ofis kağızının istehsalı üçün ən azı 10 ağac kəsilməlidir. İstifadə edilmiş kağızların yenidən emalı isə minlərlə ağacın, habelə böyük meşələrin xilasını mümkün edə bilər. Bu isə ətraf mühitin mühafizəsi və təbii sərvətlərimizə qənaət deməkdir. "Təmiz Şəhər" ASC-dən SİA-ya verilən məlumata görə, məhz bu səbəbdən, "Azərsun Holdinq" MMC Kağızın Təkrar Emalı Kombinatını işə salır. Tikilməkdə olan kombinatda müasir texnologiyalara malik şirkətlərin avadanlıqları quraşdırılmaqdadır. Kombinatda qofra karton məhsulları, yazı kağızı və məişətdə istifadə olunan kağız məmulatları ilə yanaşı, bütün kağız növlərinin istehsalı planlaşdırılır. Kombinatda tullantı sularının təmizlənməsi və təkrar istifadəsi də həyata keçiriləcək.

Kombinatın xammal ilə təchizatına "Təmiz Şəhər" ASC, IDEA Beynalxalq Kampaniyası və "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi də fəal şəkildə qoşulacaq. Belə ki, iyunun 8-də "Azərsun Holdinq" MMC, "Təmiz Şəhər" ASC, İDEA Ətraf Mühit Kampaniyası və "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin iştirakı ilə ictimaiyyət və mətbuat nümayəndələri ilə görüş keçirilib. Görüşdə bu əməkdaşlığın digər şirkət və müəssisələrə nümunə ola biləcəyi vurğulanıb. "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədr müavini Etibar Abbasov çıxışında qeyd edib ki, məhz birgə səylər sayəsində təbii sərvətlərimizi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək mümkündür. "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri Şahin Seyidzadə isə çıxışında ətraf mühitin qorunmasında gənclərin rolunu xüsusi vurğulayıb.

Qeyd edək ki, "Təmiz Şəhər" ASC və "Azərsun Holdinq" MMC arasında imzalanmış müqaviləyə əsasən, Balaxanı Bərk Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunda yığılan bütün kağız tullantıları yenidən emal üçün il ərzində Kağızın Təkrar Emalı Kombinatına təhvil veriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə