Vasif Mövsümov: “Korrupsiya ilə mübarizədə siyasi iradə var, amma...” - MÖVQE

"Korrupsiya ilə mübarizə sahəsində siyasi iradə var, amma bunu həyata keçirəcək məmurlar yoxdur. SİA-nın xəbərinə görə, bunu Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov deyib.


Onun sözlərinə görə, Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində bir sıra qanunlar qəbul edilib, Milli Strategiya müəyyən edilib. Son illər korrupsiya ilə mübarizə sahəsində görülən işlərə aydınlıq gətirən icraçı direktor deyib ki, ölkədə həyata keçirilən təbdirlər, qəbul edilən qanunlar korrupsiya ilə mübarizə üçün istənilən şəraiti yaradır: "Qanunvericilik mövcud olsa da işlənmə mexanizmi ilə bağlı kifayət qədər problemlər mövcuddur. Ölkədə korrupsiyaya qarşı mübarizənin səmərə verməsi üçün vətəndaşlar hiss etməlidir ki, onlar rüşvətsiz, korrupsiyasız bir cəmiyyətdə yaşayır. Amma təəssüflər olsun, aparılan sorğular onu göstərir ki, vətəndaşlar hələ ki, bunu hiss etmirlər. Bu bəla ilə mübarizə etmək üçün vətəndaşların da müqaviməti əsasdır. Burada əsas şərtlərdən bir əhalinin müqavimətinin yaranmasıdır. Vətəndaş cəmiyyəti ilə müvafiq qurumlar arasında müəyyən əlaqələrin olması ilə bağlı son illərdə atılan addımlar onu göstərir ki, əlaqələr müsbət istiqamətdə davam edir. Ölkədə korrupsiyanını vəziyyətini də bilirik, məmur özbaşınalığının vəziyyətini də bilirik. Dövlət başçısı bunu deyirsə ki, ölkədə korrupsiya var, inhisarçılıq var, deməli bu heç kimə sirr deyil. Ölkədə korrupsiya var. Ölkə iqtisadiyyatında idxal və ixracda inhisarçılıq var. Bunun da olması Azərbaycanda korrupsiyanını yayılması deməkdir. Korrupsiyaya qarşı mübarizə riskli bir fəaliyyətdir. Korrupsiya ilə mübarizə sahəsində siyasi iradə var amma bunu həyata keçirəcək məmurlar yoxdur. Məmurun marağında deyil bu məsələlər. Çünki o öz mövqeyini əldən vermək istəmir".


Əhalinin şikayətlərinə gəlincə, V.Mövsümov bildirib ki, bu şikayətlər bir çox sahələri əhatə edir: "Lakin son il yarım ərzində dövlət başçısının korrupsiyaya qarşı mübarizə istiqamətində atdığı tədbirlərdən sonra ən çox şikayətlər sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilələr, ünvanlı sosial yardımların, əlillik dərəcələrin verilməsi ilə bağlı narazılıqlardır. Bundan əlavə, məhkəmə icraatında əhalinin incidilməsi ilə bağlı çoxlu şikayətlər gəlir. Ümumiyyətlə, şikayətlərin gəlməsi bir məsələdir. Amma onların müsbət həlli məsələsi çox vacibdir. Vətəndaş tərəfindən dövlət orqanına olan şikayət o qədər də müsbət qarşılanmır və yaxud həll olunmur. Əgər bizə hansısa müraciət gəlirsə, biz onun həllinə nail ola bilirik. Bizə ötən il edilən müraciətlərin 60-70 faizi, bu il isə edilən şikayətlərin təxminən yarısı öz müsbət həllini tapıb. Şikayətlər demək olar ki, bütün orqanlardan olub. Ay ərzində bizə daxil olan şikayətlərin sayı 60-dır. Ünvanlı sosial yardımların verilməsi ilə bağlı tərtib olunan siyahıdan heç kimin məlumatı yoxdur. Milli Strategiyada göstərilir ki, dövlətin büdcəsindən ayrılan və xərclənən vəsait cəmiyyətə şəffaf olmalıdır, amma bu barədə cəmiyyət məlumatlandırılmır. Ünvanlı sosial yardım alanların əksəriyyətini imkanları da var. Yetim-yesir var ki, ünvanlı sosial yardım ala bilmir. Nəqliyyat Nazirliyi vətəndaşların şikayətinə baxmır. Amma bizə o nazirliklə bağlı 3 sürücü şikayət etdi və müəyyən vaxtdan sonra 50 sürücünün şikayəti təmin edildi. Vətəndaş öz mövqeyini tam ortaya qoymalı və iradə nümayiş etdirməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...