Vasif Mövsümov: “Vətəndaşların müraciətinə bəzi məmurlar laqeyd yanaşır”

"Heç bir məmur öz xoşuna mövqeyini əldən vermək istəmir". SİA-nın xəbərinə görə, bu sözləri Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov Sumqayıt İcma Məlumat Mərkəzində (İREX) "Korrupsiya ilə mübarizə" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.


Məqsədlərinin vətəndaşların korrupsiya ilə bağlı problemlərin həlli sitiqamətində yardımçı olduqlarını deyən V.Mövsümov əsasən işlədikləri sahələri diqqətə çatdırıb: "Problemlərin həlli istiqamətində maarifləndirmə işlərinin aparılması və bu sahədə kömək etmək əsas məqsədlərimizdən biridir. Vətəndaş hüquqlarını yaxşı bilməlidir ki, öz hüquqularını tələb edə və müdafiə edə bilsin. Korrupsiyaya Qarşı Mübarizə Fondu ən çox tələbələrlə işləyir. Bu işdə bizim ən çox yardım etdiyimiz insanlar tələbələrdir\".


Fond rəsmisi təhsil sistemində mövcud olan çatışmazlıqları da qeyd edib: "Tələbələrin problemlərindən biri rüşvətxor müəllimlərlə bağlıdır. Biz bu sahədə edilən müraciətləri araşdırıb, müvafiq qərarların qəbul edilməsinə çalışırıq".


Korrupsiya ilə mübarizə sahəsində gənclərin aktiv olmasını bildirən V.Mövsümov bununla bağlı gənc nəslə mübariz olmağı tövsiyə edib: "Gənclər çəkinirlər ki, onları müdafiə edən təşkilat yoxdur, onlarda dediklərini qorxa-qorxa deyirlər. Korrupsiya və rüşvət halları ilə üzləşərkən ilk öncə hansı addımlar atılmalıdır əvvəlcə onları bilmək lazımdır\".


O, vətəndaşların dövlət orqanlarında müraciətlərinə biganə yanaşıldığını da vurğulayıb: "Vətəndaşlar müraciət edir bəzən də onların müraciətlərinə məmurlar laqeyd yanaşır və ya da heç bir müraciətlərinə baxılmır. Heç bir məmur özbaşına, öz xoşuna öz mövqeyini əldən vermək istəmir\".


V.Mövsümov korrupsiya ilə mübarizədə manelərdən çəkinməməyi də sözlərinə əlavə edib: "Təbii ki, o məmur sizin qarşınıza bir maneə yaradacaq, sizinlə laqeyd davranacaq, sizi heç qəbul da etməyəcək. Təzyiqlər qarşısında durmağı bacarmaq lazımdır. Korrupsiya ilə mübarizədə geriyə addım atılmamalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə