“Qarapapaqlar” jurnalının 5 illiyi qeyd edilib

Bu gün Mətbuat Şurasında (MŞ) "Qarapapaqlar" jurnalının 5 yaşı münasibətilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş nitqi ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnal Mətbuat Şurası ilə Dialoq Avrasiya Fondunun birgə təşəbbüsü ilə nəşr olunub. Tədbirdə qeyd olunub ki, sözügedən jurnal Gürcüstanda işıq üzü görüb və Gürcüstanda fəaliyyət göstərərək Azərbaycanla bağlı məlumatları öz səhifəsində dərc etdirib. Bir sözlə, həmin jurnal Azərbaycanla-Gürcüstan arasında iqtisadi əlaqələrin inkişafına töhfə verir. Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəsi Mustafa Saatçı çıxış edərək bildirib ki, "Qarapapaqlar" jurnalı 5 ildir ki, Gürcüstanda nəşr olunmasına baxmayaraq onun nəşri asan başa gəlməyib. Jurnalın baş redaktoru Akif Xansultanlı isə çıxış edərək bildirib ki, bu aylıq elmi-kütləvi dərgi Azərbaycan, Gürcüstan münasibətlərində elmi əlaqələrin inkişafına nail olmaq kimi öhdəlikləri öz üzərinə götürüb. Burada əsas məqsəd isə Gürcüstanda yaşayan azərbaycanlıların adət-ənələri haqqında məlumatları toplayıb jurnalın səhifəsinə çıxarmaqdır.

Tədbirdə həmçinin qeyd olunub ki, jurnalın üz qabığında əks olunan şəkillər Gürcüstanın bir növ tarixi ilə bağlıdır.

Bununla yanaşı tədbirdə Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri Cahangir Məmmədli, BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor, filologiya elmləri doktoru Şamil Vəliyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digərləri çıxış edərək bildiriblər ki, Azərbaycan mətbuatı Gürcüstan ənənələrini bu gün də inkişaf etdirir. Gürcüstan-Azərbaycan münasibətləri, mədəniyyəti, adət-ənənələri bu jurnalda yer alıb. Bu jurnal eyni zamanda elmi jurnal hesab olunmaqla yanaşı, həm də peşəkar jurnalistlərin işinin məhsuludur. "Qarapapaqlar" jurnalı həmçinin Borçalını Azərbaycana tanıtmaqda müstəsna keyfiyyətlərə malikdir.

Qeyd edək ki, tədbirin sonunda Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəsinə mükafat təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə