Şuşalılar Şuşaya qayıdacaqları gündən danışdılar

"Biz Şuşasız yaşaya bilmirik. Şuşa hər gün yuxumuza girir, xəyalımızdadır. Biz onu unuda bilmərik". Hər zaman Şuşanı - dədə-baba yurdunu xəyallarında yaşadan, xatirələrində, yuxusunda anan məcburi köçkün Şəfiqə Məmmədova onlara Şuşadan başqa heç nəyin lazım olmadığını deyir. Onun sözlərinə görə, bu gün ölkə prezidenti Şuşa haqqında çox danışır, torpaqların işğaldan azad olunması barədə daima müzakirələr aparır, o gün olsun torpaqlarımız qayıtsın və o xoş günü birgə qeyd edək.

Şuşanın işğalı zaman baş verənlərin canlı şahidi olan Şəfiqə Məmmədova xatirələrini bizimlə bölüşüb: \"Həmin gün orada güclü atışma gedirdi. Biz zirzəmidə qalırdıq. Orada çoxlu yaralılarımız vardır. Çoxlu sayda insanlarımız, gənclərimiz şəhid oldu. Oradan heç bir şey götürə bilmədik. Ancaq son anda ailəmizlə canımızı qurtarıb birbaşa Bakıya gəldik. Gələndə isə Səbail rayonu ərazisində məskunlaşdıq. Bu gün isə bizə bütün dəstək və qayğı göstərilir, bizə yeganə olaraq Şuşamız lazımdır".

Hadisələrin canlı şahidi olan Məhərrəm Abdullazadə isə 1966-cı ildən Şuşada müəllimlik fəaliyyəti ilə məşğul olduğunu deyib. Şuşada çox gözəl həyatlarının olduğunu deyən M.Abdullazadə vurğulayıb ki, hər zaman bununla fəxr edər, gələn qonaqları səmimi şəkildə qəbul edərdi: \"Bu gün yaxşı, pis məskunlaşmışıq. Əhali də özünəməxsus qonaqpərvərliklə bizi qarşılayıb, lazım olan köməkliyi göstərib. Amma bu o demək deyil ki, biz hər şeylə təmin olunmuşuq. Biz mənəvi əzab çəkirik, öz yurdumuza qayıtmaq istəyirik. Mən özüm Bakının havasını götürmürəm, buna dözə bilmirəm. İstəyirəm ki, ölümümə bir gündə qalmış olsa da mən Şuşaya qayıdım. İnanırıq ki, o gün gələcək. Bu gün prezident İlham Əliyevin qayğısı, təşəbbüsü ilə inanıram ki, hər cür texnika ilə silahlanmış ordumuz sayəsində istənilən vaxt müharibə yolu ilə torpaqları almaq olar. Amm mən istəmirəm ki, müharibə olsun. Heç bir uşaq valideynini itirmək istəməz, heç bir valideyn övladını itirmək istəməz. Bu bizim siyasətimizdir ki, mümkün qədər sülh yolu ilə torpaqlarımız qayıtsın. Belə olmasa, bu dərdlə-qəmlə uzun müddət yaşamaq olmaz".

Bir vaxtlar silahların insanların əlindən alındığını deyən şahid ümid edir ki, yaxın gələcəkdə sülh yolu ilə torpaqlar qayıtmasa, silah yolu ilə qaytarılacaq. Lakin Məhərrəm Abdullazadə bəzi insanların inamsız halda danışaraq onların ümidlərini qırmalarından şikayətlənib: \"Çox narazıyam elə danışıqlardan. Onlar daha da ümidli danışmaqdansa, gümansız danışaraq insanların ümidini qırırlar. Bu gün bizim hər bir imkanlarımız var. Bizə bircə torpaqlarımızın işğaldan azad olunması lazımdır. Bundan sonra büdcədə olan vəsaitlər hesabına orada istənilən gözəlliyi yaratmaq olar. Şuşa tarixdə də ən qədim şəhərlərimzidən biri olub, bundan sonra da olacaq. Mən buna varlığımla inanıram".

Hər halda Azərbaycanın dilbər güşələrindən biri olan Şuşanın işğalı orada yaşayan insanları daha çox sarsıdıb və əzab verib. Bu gün hamıdan çox həmin insanlar öz torpaqlarına-doğma Şuşalarına qayıdacaqları günü gözləyirlər. Biz də inanırıq ki, yaxın zamanda torpaqlarımız işğaldan azad olacaq və qaçqın, məcburi köçkünlər öz yurd yuvalarına qayıdacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...