“VEKTOR” Mərkəzi yeni layihələr həyata keçirir

Bu gün "VEKTOR" Beynəlxalq Sosial Strateji Araşdırmalar və Humanitar Layihələşdirmə Mərkəzi mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, tədbirin keçirilməsində əsas məqsəd yeni yaranmış təşkilatın vəzifələri barədə mətbuat nümayəndələrinə açıqlama vermək olub.

Təşkilatın yeni üzvləri, filosof, hüquqşünas Yaşar Əliyev, politoloq, şərqşünas Ramin Əsgərov və digərləri mətbuat nümayəndələrinə Beynəlxalq Sosial Strateji Araşdırmalar və Humanitar Layihələşdirmə Mərkəzinin Azərbaycanda rəsmi fəaliyyət göstərəcəklərini və beynəlxalq təşkilatlarla əlaqələr qurub dövlətçiliyə, vətəndaş cəmiyyətinin inkişafına xidmət edəcək humanitar-elmi layihələr və təhlillər həyata keçirəcəklərini vurğulayıblar.


Tədbirdə çıxış edən mərkəzin sədri Əli İsgəndərov fəaliyyətə başlayacaq təşkilatın əsas məqsədinin xarici ölkələrlə əlaqələr yaratmaq, siyasi, iqtisadi, sosial, elmi tədqiqatlar aparmaq və əldə edilmiş məlumatlar əsasında analitik arayışlar tərtib etmək, humanitar-elmi sosial layihələr hazırlamaq olduğunu qeyd edib.


Mətbuat konfransında çıxış edən hüquqşünas Yaşar Əliyev təşkilatın qarşısında qoyduğu əsas məsələlərin Azərbaycanda siyasi problemlərin həllində yeni-yeni addımlar atmaq, əsasən dövlətin inkişafında, vətəndaşların sosial rifahı üçün layihələr həyata keçirmək olduğunu bildirib.


Mənzər Ərçəqızı


Bütün xəbərlər Facebook səhifəmizdə