Bu ilin dörd ayında sosial sahədə e-xidmətlərə 2,8 milyon müraciət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə bu ilin yanvar-aprel aylarında 2,8 milyon müraciət edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həmin dövrdə 105 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 266 min elektron arayış verilib.

Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda qurumun xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim olunur. Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.

Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 123 milyon olub.

Bütün xəbərlər Facebook səhifəmizdə