“Mülkiyyət hüququ ümumiyyətlə əşya üzərində sahiblik, istifadə və sərəncam vermə imkanlarını özündə birləşdirir. Lakin bu hüquq daimi deyil və müəyyən hallarda sona çata, yəni itirilə bilər. Bu itirmə həm mülkiyyətçinin öz iradəsi ilə, həm də qanunla nəzərdə tutulmuş hallarda məcburi şəkildə baş verə bilər.
Əmlakın itirilməsi dedikdə, mülkiyyət hüququnun ya tam xitam olunması, ya da başqa şəxsə keçməsi başa düşülür. Bu anlayış yalnız əşyanın fiziki yox olması ilə deyil, hüququn subyektinin dəyişməsi ilə bağlıdır və məhkəmə praktikasında həlledici əhəmiyyət kəsb edir”.
Bu sözləri SİA-ya açıqlamasında vəkil Əminə İsmayılzadə deyib.

O bildirib ki, mülkiyyət hüququnun itirilməsi iki istiqamətdə baş verir:
“Birinci halda, bu proses könüllü iradadən asılı şəkildə olur. Əqdlər vasitəsilə (alqı-satqı, bağışlama və s.) mülkiyyət hüququ tərəflərin iradəsinin hüquqi ifadəsi kimi keçir. Mülkiyyətdən imtina isə yalnız açıq və hüquqi davranışla mümkündür. (AR MM 204-cü maddə)
İkinci halda isə mülkiyyət hüququ məcburi qaydada, yəni iradədən asılı olmayaraq itirilir. Bu isə artıq qanunvericilikdə konkret əsaslarla nəzərdə tutulur və dövlət müdaxiləsi ilə həyata keçirilir. Məsələn, borclara görə əmlakın alınması, dövlət ehtiyacları üçün əmlakın özgəninkiləşdirilməsi və ya digər xüsusi hallar bur aiddir.
Aşağıda göstərilən hallar isə məhz mülkiyyət hüququnun hansı hallarda və hansı qaydada itirildiyini daha detallı şəkildə tənzimləyir: (AR MM 203-cü maddə)
- Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
- Daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itib-itməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir.
Əmlakın məcburi şəkildə itirilməsi əsasları:
• öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi;
• qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi;
• sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi;
• təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması;
• rekvizisiya;
• müsadirə.
Mülkiyyət hüququnun itirilməsinin hallarından biri kimi tapıntını da qeyd etmək olar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 186-cı maddəsinə əsasən, itirilmiş əşyanı tapan şəxs bu barədə müvafiq qaydada lazımi şəxs və qurumlara məlumat verməli və əşyanı geri qaytarmalıdır.
Lakin qanunvericilik müəyyən edir ki, əşyanı tapan şəxsə mülkiyyətçinin məlum olduğu və ya mülkiyyətçinin əşyaya hüququnun artıq polisə bildirildiyi hallar istisna olmaqla, tapıntı barədə məlumat verildiyi andan etibarən bir il müddət keçdikdən sonra həmin əşya üzərində mülkiyyət hüququ onu tapan şəxsə keçir. Bu halda həmin əşyaya bütün başqa hüquqlara xitam verilir və faktiki olaraq əşyaya dair mülkiyyət hüququ itirilmiş olur.
Bu tip mübahisələrdə əsas problem və çətinliklər bunlardır:
a) Fakt və hüquq ziddiyyəti – faktiki istifadə edən ilə hüquqi sahib fərqli olduqda
b) Sübutetmə yükü – imtinanın və ya əqdin reallığının sübutu
c) Vicdanlı əldə etmə – əldə edən şəxsin vicdanlı sahib olub-olmaması
Əmlakın itirilməsi yalnız hüququn yox olması deyil, hüquqi münasibətin dəyişməsidir. Bu məsələdə əsas nəzərə alınmalı məqam odur ki, mülkiyyət hüququnun qorunması onun heç vaxt itirilməməsi ilə deyil, itirilmə mexanizmlərinin qanuni, ədalətli və əsaslı olması ilə təmin olunur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB