"Ümumiyyətlə, insan xarakteri doğuşdan gəlmir, sonradan formalaşır. İnsanın xarakterində cəmləşən bir çox xüsusiyyət onun həyatda özünü reallaşdırmasında böyük rol oynayır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.
Onun sözlərinə görə, bu xüsusiyyətlərin bəziləri cəsarətli, dəyanətli, inamlı olaraq hərəkətə keçmək, öz motivlərini və məqsədlərini aydın şəkildə bəlli etmək, nə istədiyini bilməkdir. Zamanla xarakter bu kontekstdə inkişaf etdikcə, insanların uğurlu olub-olmaması sualı prioritet olmur, insan sadəcə öz aktivliyindən irəli gedir: Hətta bəzi insanlar uğurlu olmağa can atmır, sadəcə yaşamağı, arzu və istəklərinə çatmaq üçün daim hərəkətdə olur.
İnsanın xarakterindən asılı olaraq, disiplinli olması, özü-özünü motivasiya etməsi onun həyatın nəbzini tutmağı bacarmasının bariz nümunəsidir. Elə yeni yetiməlikdən etibarən hər birimiz üçün həyat qeyri-müəyyən olur, bu qeyri-müəyyənlikdə həm uğur, həm də uğursuzluq ola bilər. Lakin xarakterin bəzi xüsusiyyətləri — səbir, inadkarlıq, iddia səviyyəsinin yüksək olması — insanda istəklərin həyata keçməsinə böyük zəmin yaradır.
İnsanın məğlubiyyəti də, uğuru da onun öz davranışından asılıdır. Sadəcə insan yaşadıqca dərk edir ki, yıxıla bilər, amma qalxa da bilər. Bir işdə uğursuz ola bilər, lakin sonra uğur qazana bilər.
Biz belə qurulmuşuq ki, ya dini aspektdən, ya da kainata bağlılıqdan irəli gələrək, bütün baş verən hadisələrin bizim xeyrimizə olduğuna inanırıq. Lakin bəzi zəif xarakterli insanlar, qeyd etdiyim keyfiyyətləri vaxtında inkişaf etdirə bilmədikləri üçün kiçik bir işi görməyə belə tərəddüd edir, çəkinir, utanır və özlərində cəsarət tapa bilmirlər. Hər şeyi aydın görə bilməyən, qorxan və özlərini riskə atan bu insanların inam səviyyəsi zəifdir. Onların iddia səviyyəsi də zəifdir, çünki addım atmağa qorxurlar. Uşaqlıqda valideynləri bunu görüb onları geridə qoyublar. Ya da daha asan yolu seçmək, daha rahat və passiv həyat yaşamaq istəyirlər. Biz belə insanları tənbəl adlandırırıq. Sanki kiminsə onları təşviq etməsi, ruhlandırması lazımdır ki, hərəkətə keçsinlər. Amma bu həmişə baş verməyə də bilər".
Psixoloq bildirib ki, bu hər kəsə verilə bilməz və qeyd etdiyimiz kimi, "Uğursuz olsam nə olar?" sualını verən insan demək ki, uğura can atmır. Sadəcə olaraq uğursuzluq qorxusunu yaşayır, o təhlükəni hiss edir. Bu dünyada hər cür insan var. Hər bir insanın müəyyən yaşda ayrılma prosesi olur, çünki həyat hərəkətə keçmək deməkdir, inkişaf etmək deməkdir, özünü sübut etmək deməkdir, mənlik şüurunu inkişaf etdirmək deməkdir.
Nə deyək təqdirdə? İnsanda şəxsiyyət pozuntusu, şəxsiyyət parçalanması baş verə bilər. Parçalanma deyil, şəxsiyyət pozuntusu, davranış pozuntuları baş verə bilər. Yəni insan nə istədiyini strateji aspektdən bilməyə bilər, nə istədiyinin fərqində olmaya bilər. Bu, uşaqlıqdan qaynaqlana bilər. Həmçinin psixi pozuntular da ola bilər. Çox dağınıq insan ola bilər, yekdil bir xarakterə sahib olmaya bilər, qarışıqdır, nə istədiyini bilmir, daim zehnində qarışıq fikirlər olur. Bu gün insanlarla yol getmək çox çətin olur, çünki onlar öz bazalarından məlumat artırmırlar. Ümumiyyətlə, hər addımlarına ehtiyat edir, narahatdırlar, həyəcan pozuntuları var. Bəzi insanların həyəcan pozuntusu olsa belə, o qorxusunun və həyəcanın üzərinə gələrək onu dəf edə bilirlər.
Bir insan var, "Uğurlu olsam nə olar?" sualını gənc yaşlarında verirsə, görünür evdə eşitdiyi bəzi fikirlərdən və ya vaxtilə zihninə yeridilən bəzi düşüncələrdən dolayı, onun şanslı olmaq, uğurlu olmaq, çox pul qazanmaq kimi fobiyası var. Buna görə addım atanda ehtiyat edir ki, böyük şöhrət qazanaram, çox uğurlu olaram, başım fırlanar və mən dəyişərəm deyə düşünür. Təəssüf olsun ki, bu belə deyil. Hər bir insana sağlam zehn verilib və insan öz sağlam zehnindən istifadə etməlidir. Uğurlu olmasan da, uğursuz olub da zehnin korlana bilər, pis davranışlara yol tuta bilərsən. Ona görə hər kəsin təfəkkür potensialından asılı olan bir istəyi var.
Uğurlu olmaq sağlam yaşamaq deməkdir. Ətrafına sevgi bəxş etməyi bacarmaq deməkdir. Uğurlu olmaq insanın bu həyatda öz ayaqları üstündə durması, müstəqilliyi, ətrafına gözəl insanları seçməsi, həyatın hər anından zövq alması deməkdir. Uğur, bəlkə də böyük mükafatlar qazanmaq deyil. Uğurlu olmaq insanın bu həyatı bələdləşdirməsi, öz fərqindəliyini anlaması deməkdir. Ən başlıcası budur. Uğurlu insan öz fərqindəliyini anlayan və həyatın nəbzini tutmağı bacaran insandır.
Bütün xəbərlər Facebook səhifəmizdə