Azərbaycanın milli kimlik yolçuluğunda travmalar necə formalaşdırıcı gücə çevrilir?

Torpaq itkisi, ev dağıntısı, göz yaşı və möhkəmlənən “biz” anlayışı – Azərbaycanın milli kimlik yolçuluğunda travmalar necə formalaşdırıcı gücə çevrilir?

Bir xalqın kimliyi onun keçmişindən danışan hekayələrlə, yaşadığı ağrılarla, sevincləri ilə yoğrular. Tarix sadəcə qələbələrin və məğlubiyyətlərin yazıldığı salnamə deyil – o həm də bir millətin yaddaşıdır. Bəzən bu yaddaş qanla yazılır, bəzən göz yaşı ilə, bəzən də yerin dərinliklərindən gələn bir sarsıntı ilə. Azərbaycanın milli kimlik tarixində isə iki böyük kollektiv travma – Qarabağ müharibələri və 2023-cü il Türkiyə zəlzələsi – xalqımızın yaddaşına silinməz şəkildə həkk olunub. Bu yazıda həmin travmaların yalnız acı hadisə kimi deyil, həm də kimlik qurucusu kimi necə işlədiyini bir daha nəzərdən keçirəcəyik.

Qarabağ: Tarixdən Gələn Yara, Kimliyə Dönən Duyğu

Qarabağ bizim üçün sadəcə torpaq parçası deyil. O, musiqidir – “Qarabağ şikəstəsi”nin ürək sızladan səslərində yaşayar. O, dastandır – “Koroğlu” kimi dik duran bir duruşdur. Qarabağ, dedikcə bir xalqın ən dərin hisslərinə toxunursan.

1990-cı illərin əvvəllərində başlayan və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsi, təkcə siyasi-sərhədi məsələ deyildi. Bu, yüz minlərlə insanın doğma evindən qoparılması, min bir əziyyətlə qaçqın həyatı yaşaması demək idi. Lakin bu travma tək-tək fərdlərin içində donub qalmadı – ümumxalq yaddaşına çevrildi. Qaçqın düşərgələrində doğulan uşaqların yaddaşına bu ağrı südlə keçdi. Beləcə, fərdi ağrı milli kimliyə çevrildi. “Biz kimik?” sualının cavabına “torpağını itirmiş, amma ümidini itirməmiş bir xalqıq” deyə əlavə olundu.

Və nəhayət, 2020-ci ilin 44 günlük Vətən müharibəsi bu kollektiv travmanın dönüş nöqtəsi oldu. Bu, həm də sübut etdi ki, kollektiv travmalar, həm də kollektiv dirənişlər doğurur. Qarabağda şəhid olan hər bir gəncin adı, bu xalqın kimlik yaddaşına qızıl hərflərlə yazıldı. Birlik, qürur, torpaq eşqi – bu anlayışlar həmin travmanın doğurduğu nəticələr idi.

Zəlzələ: Sərhədləri Aşan Ağrının Qardaşlıq Dərsi

2023-cü il fevralında baş verən böyük Türkiyə zəlzələsi isə coğrafi olaraq bizdən uzaq görünə bilərdi, amma hiss olaraq yox. Sanki həmin gecə Azərbaycan da titrədi. Televiziya ekranlarında dağılan binaları, ağlayan körpələri, kölgəsində qalan insanların səssiz fəryadını görən hər kəsin qəlbində bir boşluq açıldı.
Bu fəlakət təkcə bir ölkənin deyil, bütün türk dünyasının travmasına çevrildi. Minlərlə insanın həyatını itirdiyi, milyonlarla insanın evsiz-eşiksiz qaldığı bu zəlzələ bizə bir daha göstərdi: təbii fəlakətlər yalnız torpaq altını deyil, toplumun üst qatını da sarsıdır.

Amma bəlkə də bu travmanın ən parlaq tərəfi xalq həmrəyliyi oldu. Azərbaycan könüllülərinin yardım üçün yola çıxması, təcili yardımların çatdırılması, dua edən anaların əlləri – bunların hamısı bir millətin kollektiv yaddaşında həmrəyliyin, mərhəmətin, qardaşlığın nişanəsi kimi yer aldı.
Bu travma bizə göstərdi ki, milli kimlik yalnız dil, din, tarix deyil – o həm də ağrını paylaşmaq, qardaşının yarasını öz yarası bilməkdir. Zəlzələnin vurduğu yerlərdə Azərbaycanın varlığı, türk dünyasının hiss birliyini, mədəni qohumluğunu gücləndirdi. Bu da milli kimlik üçün yeni bir qat demək idi.

Sosiologiya elmində kollektiv travmalar təkcə keçmişin izi kimi deyil, gələcəyin qurucu gücü kimi görülür. Maurice Halbwachs “kollektiv yaddaş” anlayışı ilə göstərir ki, bir xalqın yaddaşı fərdi xatirələrdən deyil, birlikdə yaşanmış təcrübələrdən yoğrulur. Qarabağ və zəlzələ, iki fərqli təbiətli travma olsa da, hər ikisi bu xalqın yaddaşını formalaşdıran ortaq təmələ çevrilib.

Bu travmaların ortaq cəhəti budur: kimliyimizi gücləndirir, bizi bir araya gətirir, bizə “biz” olduğumuzu xatırladır. Onlar bizə öyrədir ki, millət olmaq yalnız şanlı tarixlə deyil, ağrını paylaşmaqla da mümkündür.

Milli kimlik, tarix kitablarından oxuduğumuz hadisələrin sadəcə siyahısı deyil. Milli kimlik, yaşanmış ağrıların süzgəcindən keçən, duyğularla yoğrulan, zamanla bərkiyən bir kimlikdir. Biz Qarabağla sınandıq, Zəlzələ ilə sarsıldıq. Amma bu sınamalar bizi dağıtmadı, əksinə, birləşdirdi.

Bu gün biz kim olduğumuzu daha yaxşı bilirik. Biz torpağını qoruyan, qardaşını unutmayan, fəlakət qarşısında bir yumruq kimi sıxılan bir millətik. Bu kollektiv travmalar bizim zəif yerimiz deyil – bizim güc yerimizə çevrilib.

Yaddaş acıdır, amma yaddaş formalaşdırır. Biz bu yaddaşla yaşayır, bu yaddaşla irəliləyirik. Unutmuruq, çünki unutmaq kimliyimizi itirməkdir.

Nigar Şahverdiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə