“Burada münaqişədən öncə və sonra baş verənləri görürük…”

“Azərbaycana gəlmək, belə bir hadisəyə şahid olmaq mənim üçün çox sevindiricidir. Biz burada həm münaqişədən öncə, həm münaqişədən sonra baş verənləri görürük”.

SİA-nın məlumatına görə, bu sözləri işğaldan azad edilən ərazilərdə səfərdə olan dünya səyyahlarından biri – ABŞ-dan olan səyyah, hərbiçi Devin Debani Cəbrayılda jurnalistlərə açıqlamasında deyib.

“Bu gün qarşımızda duran ən önəmli məqsəd azərbaycanlıların bu torpaqlara geri dönməsinin önəmini vurğulamaqdır. Onlar burada təhlükədə olmadıqlarını hiss etməlidirlər”, - deyə 21 ildir hərbi sahədə çalışan D.Debani əlavə edib.

Qeyd edək ki, “NomadMania” səyyah klubunun təşəbbüsü ilə gerçəkləşən səfərdə dünyanın 30 ölkəsinin - ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçiləri iştirak edir. Heyət 3 gün ərzində Qarabağda və Şərqi Zəngəzurda olacaq. Onlar aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə