"Selektiv abortların sayına görə Azərbaycan lider ölkələr sırasına daxil olub" - QURUM RƏSMİSİ AÇIQLADI
"Azərbaycanda əhalinin dinamik artımının və milli maraqlara cavab verən demoqrafik təhlükəsizliyinin təmin olunması və gələcəkdə sağlam nəslin yetişməsi ölkənin əsas prioritet istiqamətlərindəndir". Bu sözləri SİA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva deyib.
O bildirib ki, dövlət tərəfindən həyata keçirilən islahatlar iqtisadi və sosial inkişafın təmin olunması ilə yanaşı, ölkənin demoqrafik inkişafına, habelə əhali artımına da müsbət təsir göstərir: "Belə ki, 2023-cü ildə ölkə əhalisinin sayı 0,5 faiz artaraq 2024-cü ildə əvvəlinə 10 milyonu keçərək 10180,8 min nəfərə çatmışdır.
Əhalinin sayının artım dinamikasına fikir versək görərik ki, son illər ərzində əhalinin ümumi sayında artım müşahidə olunsa da, təbii artımın və doğulanların sayında azalma müşahidə olunur. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən son 10 ili müqayisə etdikdə təbii artımın, doğuşların və diri doğulanların sayında azalma müşahidə olunur. Belə ki, 2014-cü ildə təbbii artım 114855, doğuşların sayı 168,9 min, diri doğulanların sayı 170503 təşkil edib. 2023-cü ildə isə qeyd olunan göstəricilər azalaraq təbii artım- 52470 , doğuşların sayı 111,8 min, diri doğulanların sayı -112620 olub. Eyni zamanda abortların sayında artım müşahidə olunur. Abortların sayı 2014-cü ildə -27.2 min, bu say artaraq 2021-ci ildə 46,9 min, 2022-ci ildə 58,0 min, 2023-cü ildə isə 73,8 min olmuşdur. Statistika göstərir ki, doğulan körpələrin cinsinə görə də fərq çoxdur. Doğulan körpələrin cins nisbətinin pozulması halları digər ölkələrdə olduğu kimi bizdə də narahatlıq doğuran məsələlərdən biridir. Belə ki, 2022-ci ildə 122846 diri doğulanların 64940 oğlan, 57906 qız uşaqları təşkil edib. Cinslər arasındakı fərq 7034 nəfər olmuşdur. 2023‑cü il üzrə doğumu qeydə alınmış 112620 nəfərdən 59814 oğlan, 52806 isə qızdır. Cinslər arasındakı fərq 7008 nəfərdir. 2022‑ci illə müqayisədə 2023‑cü ildə cinslər arasındakı fərq azalmış, 7034‑ dən 7008‑ə düşmüşdür. Doğulan körpələrin cins nisbətinin pozulmasına görə 100 qıza 2021-ci ildə 116 oğlan, 2022-ci ildə isə 112 oğlan, 2023-cü ildə 113 oğlan təşkil edib. Son illər cins nisbətinin pozulmasında azalma müşahidə olunsa da , ümumilikdə göstərici hələ də yüksək olmaqda qalır.
Bunun səbəbləri müxtəlifdir. Müasir dövr elmin və texnikanın, yeni texnologiyaların, elmi və praktiki innovasiyaların inkişafı ultrasəs müayinəsi vasitəsilə uşağın cinsini doğulanadək müəyyən etmək imkanı verir. Bu da uşaqların doğulanadək cins seçiminə görə hamiləliyin süni şəkildə pozulması hallarının və oğlan uşaqlarının sayının artmasına gətirib çıxarır, və nəticədə ölkənin demoqrafik və sosial iqtisadi inkişafına mənfi təsir göstərə bilər. Təəssüflər olsun ki, selektiv abortların sayının çoxluğuna görə Azərbaycan lider ölkələr sırasına daxil olub. 1990-ci illərdə nəsilvermədə baş verən tənəzzül dünyaya gələn uşaqlar arasında cinsə görə nisbətin pozulmasına şərait yaratmışdır. Belə ki, ailədə uşaqların sayı azaldıqca oğlan uşaqlarına üstünlük verilməsi daha aydın şəkildə özünü büruzə verməyə başladı. Oğlan uşaqlarına üstünlüyün verilməsi onlara daha yüksək dəyər aşılayan patriarxal ailə strukturu, ənənəvi təcrübələr və sosial normaların təzahürüdür və ölkədə gender əsaslı cins seçiminin kökündə dayanan əsas səbəbdir. Oğlan uşaqlarına verilən üstünlüyə haqq qazandıran inanclar: (nəslin və soyadın davamının təmin edilməsi, ailənin qorunması, ölkənin müdafiəsi, mülkiyyətin vərəsəlik üzrə ötürülməsi, maliyyə təminatı/yaşlı valideynlərə maddi, dəstəyin göstərilməsi, adət-ənənələrə riayət olunmasının təmin edilməsi).
Azərbaycanda qadınlara qarşı ayrı- seçkiliyin bütün formalarının ləğv edilməsi, kişi və qadınların hüquq bərabərliyinin təmin olunması, gender stereotiplərin və seksizmin aradan qaldırılması, qadınların bütün sahələrə, eləcə də iqtisadiyyata daha geniş şəkildə cəlb olunması istiqamətində mükəmməl normativ-hüquqi baza yaradılmış və mütəmadi olaraq təkmilləşdirilir, böyük layihələr həyata keçirilir".
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri, eləcə də Qadın Resurs Mərkəzləri tərəfindən mütəmadi olaraq əhalinin, xüsusilə yeniyetmə və gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində bilik səviyyəsinin artırılması, yeniyetmə və gənclər arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi, sağlam qidalanma vərdişlərinin formalaşdırılması, uşaqların doğulanadək cins seçiminin qarşısının alınması, erkən nikah, uşaq evliliklərin fəsadları,o cümlədən yeniyetmələrin reproduktiv sağlamlığına və psixoloji durumuna mənfi təsiri, və qohumlar arasında nikah hallarının fəsadları barədə məlumatlandırılması istiqamətində işlər aparılır. Təhsil Nazirliyinin dəstəyi ilə təhsil müəssisələrində Səhiyyə Nazirliyinin ekspertinin iştirakı ilə maarifləndirici görüşlər keçirilir. Dövlət Komitəsinin Uşaq və Ailələrə dəstək Mərkəzləri və Qadın Resurs Mərkəzlərində “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması, selektiv abortlar” mövzusunda maarifləndirici görüşlər təşkil edilir. Elektron vəsaitlər hazırlananraq əhalinin geniş kütləsinin istifadə etdiyi məkanlarda (metro stansiyaların reklam lövhələrində, "Baku Bus" ASC nəqliyyat vasitələrinin lövhələrində) yerləşdirilir və sosial şəbəkələr vasitəsilə yayımlanır, çap məsulları hazırlanır və tədbir iştirakçılarına paylanılır" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə