“Milli Hematologiya və Transfuziologiya Mərkəzi” qan satışından özünə biznes şəbəkəsi yaradıb -ARAŞDIRMA

Nəyə görə dövlət tərəfindən maliyyələşən və könüllü donorlar tərəfindən qanla təmin olunan Mərkəzi Qan Bankının ehtiyatları özəl klinikalara satılır?

İdarə, müəssisə, təşkilat rəhbərləri və onların əməkdaşları var ki, hər cür qanunsuz əməl və vasitədən istifadə etməklə özlərinə maddi imkanlar qazandırmağa çalışırlar. Bu zaman onlar üçün qarşısındakının kasıb, imkansız və ya əlil, xəstə olması maraqlı görünmür. Çünki onların dini, imanı daha çox pul qazanmaqdır. Qan bankının təşkili, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri ilə təmin olunmasını bir vəzifə olaraq üzərinə götürmüş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin sağlam insanların hematoloji müayinədən keçirilmədən adlarına qanın bədxassəli xəstəliyi ilə bağlı saxta diaqnozlar qoymaları və bu əməlləri qarşılığında rüşvət almaları, təmiz qana ehtiyacı olan vətəndaşlara dəyərindən qat-qat baha qanın satılmasını təşkil etməsi və bu kimi neqativ hallar insanda bu quruma qarşı ikrah hissi yaradır.

Mərkəzi Qan Bankına etibar etmək olarmı?

Birmənalı şəkildə demək olar ki, insanlar Qan Bankına etibar etmirlər. Ona görə ki, qanın alınması zamanı donor yoxlanılmır və qanın emalında səhlənkarlığa yol verilir. Bu da qan köçürülməsindən sonra uşaqlarda və böyüklərdə müxtəlif xəstəliklər üzə çıxardır. İkincisi, təcili qan lazım olduğu zaman Qan Bankının rəhbərliyi şəxslərə baha qiymətə qan satırlar. Bu baxımdan qan donorluğu ilə bağlı vəziyyətin dəyişilməsinə və Qan Bankının işində köklü islahatların aparılmasına zərurət var. Əks halda problemlərin aradan qaldırılması və şikayətlərə son verilməsi mümkün olmayacaq. Nəzərə almaq lazımdır ki, hər zaman xeyirxahlığı ilə seçilən soydaşlarımız talassemiya xəstələrinə, o cümlədən avtomobil qəzaları, istehsalatda baş verən bədbəxt hadisələr zamanı qan itirən şəxslərə kömək etmək üçün qan verirlər. Statistikaya əsasən demək olar ki, cəmiyyətdə mərhəmətli donorların sayı demək olar ki, ildən- ilə artır. Bu birbaşa başqasına həyat verən, digərinin yaşamasına yardımçı olan insanlarımızın böyüklüyünün və xeyirxahlığının təsdiqidir. Bu amili dəyərləndirmək və qiymətləndirmək isə alicənablığın nümunəsi sayıla bilər. Təəssüflər olsun ki, könüllü donorluq edənlərin zəhmətini Qan Bankının işbazları bir növə yerə vururlar. Yəni ölkəmizdə qan problemi olmamalıdır. Lakin Qan Bankının qarşısında uzun növbələr əskik olmur. Kimin adamı və ya cibində yaxşı pulu varsa, növbəsiz filansız lazım olan qanı ala bilir, təbii ki, baha qiymətə. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin İcraçı direktoru Sərdar Əsədova və ya Qan Bankının direktoru Elxan Nağıyevə sual olunur, nəyə görə, donorların xeyirxahlıq edib, qan azlığından əziyyət çəkən xəstələrə həyat vermək verdiyi qanı lazım olan ünvanlara çatdırılmasında xəsislik edilir? Nədən "qan çatışmır" deyə hay-küy salınır? Və ya soruşulur, qanı pulla satmaq, hansı əxlaqa və vicdana sığır? Nəyə əsasən, qanın keyfiyyətli şəkildə emal olunmasına nəzarət olunmur? Qanın köçürülməsindən sonra xəstələr də hepatit S virisunun aşkarlanmasına görə kim məsuliyyət daşıyır? Araşdırmalarla təsdiq olunur ki, Respublika Qan Bankı qan və onun komponentlərini özəl xəstəxanalara satır. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin İcraçı direktoru Sərdar Əsədova haqlı sual ünvanlanır, nəyə görə dövlət tərəfindən maliyyələşən və könüllü donorlar tərəfindən qanla təmin olunan Mərkəzi Qan Bankının ehtiyatları özəl klinkalara satılır? Hematologiya və Transfuziologiya Mərkəzinin özəl klinkalara satdığı qan qanunlar da öz əksini tapırmı? Satılan qanın miqdarı və dəyəri barədə məlumatlar müvafiq sənədlər də əks olunurmu?

Hüquqi tədbirlər hələ ki nəticə vermir

Mövzunu bir qədər də inkişaf etdirməmişdən əvvəl, bir məsələni qeyd etmək lazımdır ki, dəfələrlə cəmiyyətin çağırışlarına və şikayətlərinə əsasən Hematologiya və Transfuziologiya Mərkəzinin əməkdaşlarının qeyri-qanunu əməlləri ilə bağlı hüquqi tədbirlər görülsə də nəticəsi olmayıb. Səbəbi də Mərkəz rəhbərliyinin pula həddindən artıq həris olmalarıdır. Bir qədər əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Milli Hematologiya və Transfuziologiya Mərkəzi" publik hüquqi şəxsin əməkdaşları barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılmış və həbs edilənlər olmuşdur. Səbəbdə sağlam vətəndaşlara hematoloji müayinədən keçirilmədən adlarına qanın bədxassəli xəstəliyi ilə bağlı saxta arayışlar vermələri və bununla da onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumlarına təqdim etmələri üçün əlilliyin təyin olunması və hərbi xidmətdən azad olunma hüququ verən saxta tibbi sənədlərlə təmin edilməsinə əsaslı şübhələrin müəyyən edilməsi olmuşdur. Necə deyərlər, "Milli Hematologiya və Transfuziologiya Mərkəzi"də heç nə dəyişəməyib. Yəni "köhnə hamam, köhnə tas". Mərkəzin icraçı direktoru Sərdar Əsədov köhnə qaydalara uyğun olaraq işini görür və fəaliyyətini göstərir.

Talassemiya xəstəxanası nazirliyin mövqeyini qəbul etmir

Hepatit C virusu daşıyanların müayinə və müalicəsini həyata keçirməli olan Talassemiya Mərkəzi insanlara qarşı açıq hörmətsizlik nümayiş etdirir. Bəzən xəstəxana hepatit C virusu daşıyıcılarını qəbul etməmək üçün iddia irəli sürür ki, guya onlarda həmin xəstəlikləri müəyyənləşdirmək üçün laboratoriyalar mövcud deyil. Halbuki, Səhiyyə Nazirliyi rəsmi şəkildə Talassemiya xəstəxanasında hepatit C virusu ilə bağlı laborator analizlərinin keçirilməsi üçün tam şəraitin olduğunu bəyan edib. Xəstəxananın nazirliyin məlumatını inkar etməsi başa düşülən deyil. Şübhələr yaranır ki, xəstəxananın baş həkimi daha çox müstəqil fəaliyyət göstərməyə çalışır və bunu da nazirliyin mövqeyini rədd etməklə nümayiş etdirir. Rüsvayçı hal ondan ibarətdir ki, bəzən xəstəxanada müalicə olunan uşaqlar sonradan hepatitə yoluxurlar.

Qanköçürmə zamanı uşaqlar hepatit C virusuna yoluxurlar

Redaksiyamıza daxil olan şikayətlərə görə, donorlardan qanın götürülməsi zamanı yoxlanış aparılmadığı üçün qanköçürmə zamanı uşaqlar virusa yoluxurlar. Xəstəxana isə öz biabırçı əməllərini gizlətmək üçün şikayətçilərə bildirirlər ki, belə halların yaşanması təbii haldır. Çox zaman həkimlərlə xəstələrin yaxınları arasında vəziyyətlə bağlı mübahisələri aradan qaldırmaq üçün uşaqlar yoxlanışa və labaratoriya analizlərinin aparılmasına göndərilir. Bu zaman xəstə uşaqların valideynlərinə heç bir güzəşt tətbiq olunmur. Qaydalara uyğun olaraq biri evini, digəri qızılını, başqa birisi bankdan yüksək faizə götürdüyü pulu xəstəxananın qara kassasına köçürür. Halbuki, Dövlət Proqramına əsasən, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri ilə təmin olunması pulsuz aparılmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 447 nömrəli Qərarının 6.2.4-cü bəndinə əsasən, leykozdan və qanın digər bədxassəli xəstəliklərindən əziyyət çəkən pasiyentlər qan komponentləri ilə təmin edilməlidirlər. Tibbi sığorta bütün ölkə xəstəxanalarında "vizasız" gediş-gəlişə sahib olsa da Milli Hematologiya və Transfuziologiya Mərkəzinin tabeliyində olan Talassemiya xəstəxanasında keçərli deyil. Yəni özlərinin qanunları və idarəetmə üsulları var. Məsələn, bir paket dərman almaq üçün 400-450 manat, analizlər üçün isə 150-200 manat ödəniş edilməsi tələb olunur. Heç bir xeyirxahlıqdan və humanist davranışdan söhbət gedə bilməz.

Baş həkim qanköçürülməsi zamanı hepatit C virusuna yoluxmanın mümkün olduğunu bildirdi

Diqqətçəkən, həm də təəccüb doğuran məqam ondan ibarətdir ki, Səhiyyə Nazirliyi və Talassemiya xəstəxanası ilə əlaqə saxladıqda, onlar bir növ daş atıb başlarını tutdular. Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elvin Hacıyev bizimlə şərtlə danışdı, dedi ki, belə halın və şikayətlərin olması mümkün deyil. Hətta bizə məsləhət gördü ki, Talassemiya Mərkəzinin mətbuat xidməti ilə əlaqə saxlayaraq. Talasemiya Mərkəzinin Mətbuat xidməti ilə əlaqə qurmaq şansına malik olmasaq da, baş həkim Səhər xanımla telefon söhbəti apara bildik. Düzdür, Baş həkim də bizə məsləhət gördü ki, suala geniş və əhatəli cavabın verilməsi üçün Səhiyyə Nazirliyindəın icazə alınmalıdır. Bununla belə Baş həkim iddiaları və şikayətləri inkar etməyi də unutmadı. Lakin etiraf etdi ki, bəli, qanköçürülməsi zamanı şəxslərdə hepatit C virusunun aşkarlanması mümkündür. Səhər xanım bunun səbəbinin qanın keyfiyyəli emal olunmaması ilə əlqələndirilməsinin yanlış olduğunu söylədi. Qeyd etdi ki, problem dünyanın əksər qanköçürmə mərkəzlərində mövcuddur və bu kimi problemləri aradan qaldırmaq hələ ki, mümkün deyil.

Bu da belə, bizə yalnız sonda onu qeyd etmək qalır ki, pul qazanmaq, gəlir əldə etmək üçün dövlətimizin gördüyü irimiqyaslı işləri, xeyirxah addımlarını, nəcib əməllərinə zərər vermək insanlıq cildindən çıxmaq deməkdir. Belələri təbii ki, həm bu dünyada, həm də haqq dünyasında özlərinə lənət qazanacaqlar.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə