Son zamanlar dəm qazından ölüm halları artıb. Bəs, buna səbəb nədir? Özümüzü necə qoruyaq? SİA mövzu ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi və Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlayıb.
“Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi və Keyfiyyətə Nəzarət Şöbəsinin rəisi İlkin Behbudov: "Dəm qazı natamam yanma məhsuludur. Dəm qazının yaranmaması üçün qaz borusunda tam yanma prosesi getməlidir. Əgər tam yanma prosesi getməsə, yəni natamam yanma prosesi getsə dəm qazı əmələ gələcək.
Bir kubmetr metan qazının tam yanması üçün 10 kubmetrə qədər hava lazımdır və həmin qaz qurğusu işləyən məkanda hava axını təmin olunmalıdır, ventilyasiya kanalı olmalıdır, nəfəsliklər açıq olmalıdır və otaq daimi olaraq oksigenlə təmin olunmalıdır. Həmçinin, həmin qaz qurğusu yerləşən otaqda dəm qazını aşkar edən və vaxtında siqnal verən qaz dedektoru və dəm qazına həssas dedektor quraşdırılmalıdır.
Dəm qazının əmələ gəlməsinin qarşısını almaq üçün həmçinin yanma məhsulları olan otaqlarda tez-tez hava dəyişdirilməlidir, qızdırıcıların hava sorucu borularının yaxşı işləməsinə nəzarət edilməlidir, qapalı mühitdə qaz yandırılarkən mütləq nəfəsliklər açıq olmalıdır.
Dəm qazı ilə yüngül zəhərlənmə zamanı insanda başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə isə qıcolmalar, huşun itirilməsi və insanın anlaqsız vəziyyətə düşməsinə gətirib çıxardır.
Dəm qazını yaradan digər amillərdən də biri tüstü bacalarının işlək vəziyyətdə olmaması, və yaxud da tüstü bacalarının düzgün quraşdırılmamasıdır. Tüstü bacaları binalarda olan yerlərdə mütləq ildə bir dəfə təmizlənməlidir və bunun təmizlənməsi haqqında qaz paylayıcısına arayış verilməlidir.
Tüstü bacaları standarta uyğun quraşdırılmalıdır. Hər hansısa divardan və yaxud da pəncərədən nazik bir təbəqəli borunu bayıra çıxartmaqla tüstü bacası var deyə həmin qurğunu işlətmək qəti qadağandır. Dəm qazı sırf məsuliyyətsizlik və qazdan istifadə qaydalarına əməl etməməkdən yaranmış bir məhsuldur və biz əgər qazdan istifadə qaydalarına və təbii qazla düzgün davranma, qurğulardan düzgün istifadə edəriksə dəm qazının əmələ gəlməsi mümkün deyildir".
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən də SİA-nın sorğusuna cavab verilib: "Dəm qazı ölüm təhlükəsi yaradır.
Bu təhlükədən qorumaq üçün:
- qaz cihazı saz və standartlara uyğun olmalı;
- cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
- havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
-hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
-tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.
Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!
Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.
Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə