Azərbaycan violonçel ifaçısı beynəlxalq müsabiqənin laureatı olub

Azərbaycan violonçel ifaçısı Rusalina Hüseynzadə (P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyası, professor Andrey Bonduryanskinin sinfinin tələbəsi) “Fortepiano triosu” nominasiyasında “Noa” triosunun tərkibində Sergey Taneyev adına Beynəlxalq Kamera Ansamblları Müsabiqənin laureatı adını qazanıb.

SIA xəbər verir ki, qala-konsert və mükafatlandırma mərasimi Moskva Dövlət Konservatoriyasının Kiçik zalında keçirilib. Trionun digər üzvləri rusiyalı skripkaçı, beynəlxalq müsabiqələrin laureatı Regina Paxmutova və yaponiyalı pianoçu Taysei Şigenodur.

Final turunda ansambl Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Xalq artisti Musa Mirzoyevin fortepiano triosunu, həmçinin bəstəkar S. Taneyevin triosunu ifa edib.

Münsiflər heyəti ansambla artistizmə görə də əlavə mükafat verib, gənc musiqiçilərin parlaqlığını və yüksək ifaçılıq bacarıqlarını xüsusi qeyd edib.

Qeyd edək ki, bu ilin sentyabrında R. Hüseynzadə S.N. Knuşevitski adına Beynəlxalq Violonçelçilər Müsabiqəsində ikinci mükafata layiq görülüb və bu mükafatı qazanan ilk Azərbaycan təmsilçisi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə